Son 10 gündə Myanmadan və ya başqa adı ilə desək, Birmadan Banqladeşə qaçan rohinca müsəlmanlarının sayı 150 mini keçib. Onlar quru ilə, çayla və dənizlə Banqladeşə keçirlər. Bir çoxları yolda həlak olur.
Avqustun 25-də Rohinca yaraqlıları polis postlarına, ordu hissələrinə hücum edəndən sonra ordu əməliyyat keçirərək 400 rohinca öldürüldü. Dinc əhali isə baş götürüb qaçır.
Ölkə lideri, Nobel sülh mükafatı laureatı Aung San Suu Kyi son günlər Qərb tərəfindən tənqid olunur ki, uzun illərdir haqları tapdalanan Rohinca müsəlmanlarının vəziyyətinə göz yumub.
Buna da bax: Aung San Suu Kyi niyə susur?
Suu Kyi Raxin ştatında baş verənlər haqda məlumatları “dezinformasiya aysberqinin görünən tərəfi” adlandırıb.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan isə sentyabrın 6-da deyib ki, münaqişə zonasında heç bir yardım təşkilatının fəaliyyətinə icazə verilmir. Erdoğan Suu Kyi ilə danışdığını və Rohinca müsəlmanlarına 10 min tondan çox ərzaq göndərəcəklərini bildirib.
Erdoğan onu da deyib ki, Türkiyə birinci mərhələdə 1000 ton ərzaq yardımını artıq göndərib, ikinci mərhələdə yardım 10 min ton olacaq.
Sayı 1 milyon 100 min olan rohincalar Birmada etnik azlıqdır. Onların dini islamdır.