Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:57

Nazirlərin üçtərəfli görüşü keçirilib


Elmar Məmmədyarov, Mikheil Janelidze və Mevlüt Çavuşoğlu

Bu gün, sentyabrın 6-sı Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirinin üçtərəfli görüşü olub.

Üçtərəfli görüşünün yekununda 2017-2019-cu illər üzrə fəaliyyət planı qəbul edilib. Nazirlər birgə bəyannaməyə də imza atıblar.

BƏYANNAMƏDƏ NƏLƏR VAR

APA-nın xəbərinə görə, birgə bəyannamədə ikitərəfli və üçtərəfli əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə edilib. Strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər.

Sənəddə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət ifadə edilib.

Habelə, iqtisadi, ticari əməkdaşlığın gücləndirilməsinin də qərara alındığı bildirilib.

Bundan başqa, bəyannamədə enerji sahəsində strateji tərəfdaşlıq, terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə də öz əksini tapıb.

Növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə edilib.

DÖVLƏT BAŞÇILARININ SAMMİTİ GÖZLƏNİR

Gələn il Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının sammiti keçirilə bilər.

Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nazirlər qərara gəlib ki, gələn il belə bir görüşün prezidentlər arasında keçirilməsini onlara təklif etsinlər.

NALBANDIAN-LA GÖRÜŞ GÖZLƏNİR

E.Məmmədyarov Qarabağ münaqişəsinə də toxunub:

«Ermənistan xarici işlər naziri ilə görüş razılaşdırılıb, amma tarix hələlik dəqiqləşdirilməyib», - deyə o vurğulayıb.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu isə deyib ki, onun ölkəsinin, Azərbaycan və Gürcüstanın münaqişələrin həllinə yanaşması eynidir

«Myanmadakı hadisə ilə bağlı mövqeyinə görə Azərbaycana çox təşəkkür edirik. Orada insanlıq dramı yaşanır. Bütün dünya buna həssas yanaşmalıdır. Təəssüf ki, bunu görmürük», - deyə o qeyd edib.

Son illər Myanmanın Arakan bölgəsində yerli müsəlmanların kütləvi şəkildə qətl və deportasiya edildiyi bildirilir.

Gürcüstanın xarici işlər naziri Mikheil Janelidze isə mətbuat konfransında deyib ki, Azərbaycan və Gürcüstandakı münaqişələrlə bağlı beynəlxalq səylər gücləndirilməlidir.

XATIRLATMA

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri son zamanlarda tez-tez keçirilir. Görüşlərdə adətən regional və qlobal məsələlər müzakirə edilir.

Bu görüş sayca altıncıdır.

Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2012-ci ildə Trabzonda keçirilib.

Daha sonra nazirlər Batumidə, Gəncədə, Qarsda və iki dəfə Tbilisidə bir araya gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG