«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsindən apellyasiya şikayəti verilib. Bunu vəkil Fuad Ağayev deyib.
F.Ağayev bildirib ki, şikayət Yasamal Rayon Məhkəməsinin qərarından verilib:
«İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq, amma dəqiq vaxtı hələ məlum deyil».
Vəkil vurğulayıb ki, onlar ittihamları əsassız sayaraq, M.Əliyevin azadlığını istəyirlər.
Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Müdafiə tərəfi ittihamları qəbul etmir və onu siyasi sifariş sayır.
Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Hüseynov ittihamları qəbul etmir.
Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.