Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 08:54

Keçmiş komandan: ‘Bizi süründürürlər’


Keçmiş komandan Şahin Sultanov

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanova və onunla birgə mühakimə olunan şəxslərə şərti cəza verilməsi prokurorluğu narazı salıb.

Əks halda Bakı Hərbi Məhkəməsinin Şahin Sultanov və digərləri haqqında bu il mayın 17-də çıxardığı hökmdən apellyasiya protesti verilməzdi. Bu məsələ Sultanov və o biri təqsirləndirilənlərə avqustun 23-də - Bakı Apellyasiya Məhkəməsində məlum olub.

Həmin məhkəmədə hökmlə razılaşmayan keçmiş komandan və digər təqsirləndirilənlərin bir neçəsinin apellyasiya şikayətinə baxılıb. Onlar, ümumiyyətlə, təqsirsiz olduqlarını bildirir və bəraət istəyirlər.

Prokurorluqsa şərti cəzadan narazı qalıb

Avqustun 23-də Bakı Apellyasiya Məhkəməsində onların şikayəti üzrə ilkin baxış iclasında hakim Elşad Şamayev tərəfləri məlumatlandırıb ki, hərbi prokurorluq protest verib. Apellyasiya protesti müddət ötdükdən xeyli sonra verildiyinə görə Bakı Hərbi Məhkəməsindən bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilib.

Buna da bax:​ Keçmiş komandan bəraət istəyir

“Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənov məktubla müraciət edib. O, apellyasiya protesti verilməsi üçün müddətin bərpası məsələsinə baxılması ilə əlaqədar işin yenidən birinci instansiya məhkəməsinə qaytarılmasını istəyir”, - hakim Şamayevin sözləridir.

Şahin Sultanov və vəkilləri buna etiraz ediblər. Keçmiş komandan deyir ki, hökm çıxarılandan sonra düz dörd ay onun surətini məhkəmədən ala bilməyiblər: “Axırda məcbur qalıb, Məhkəmə-Hüquq Şurasına şikayət yazdıq. Bu şikayətimizdən sonra, nəhayət, hökmü aldıq. Dörd aydan sonra sənədlər gəlib apellyasiya məhkəməsinə çıxdı. İndi də məlum olur ki, apellyasiya protesti verilib. Protest verəndilərsə, bu dörd ay ərzində niyə vermirdilər? İndi yenə də bizi süründürür, gah bura göndərirlər, gah ora...”.

Etirazlar olsa da, Elşad Şamayevin sədrlik etdiyi hakimlər kollegiyası işin yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılmasına qərar verib.

Bu səbəbdən məhkəmə qeyri-müəyyən vaxtadək ertələnib.

Buna da bax: Hərbi Prokurorluq keçmiş komandan Şahin Sultanovla bağlı açıqlama yayıb

Xatırlatma

Ş. Sultanov 2014-cü ilin aprelində həbs olunub. O zaman Hərbi Prokurorluq açıqlama yaymışdı ki, Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalarda pozuntular aşkarlanıb. Həmin ilin dekabrında Sultanov barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib və o, azadlığa buraxılıb.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinib və ona 8 il 6 ay şərti cəza verilib. Prokuror ona 13 il həbs cəzası kəsilməsini istəmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG