Yoxlama gedir
Bu gün, avqustun 16-da Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) əməkdaşları «Turan» agentliyində yoxlamaya başlayıblar.
Əməkdaşlar sənədləri götürür, jurnalistlərin şəxsi əşyalarını yoxlayırlar.
Vergi əməkdaşları yoxlama ilə bağlı sanksiyanın surətini təqdim etməyiblər.
«Turan» agentliyinə qarşı cinayət təhqiqatı avqustun 7-dən başlayıb. Vergi əməkdaşları elan edirlər ki, 2014-16-cı illərdə agentlikdə 37 min manat vergidən yayınma olub.
Agentlik bunu qəti şəkildə rədd edir. Bəyan edib ki, cinayət işi sifarişli və qanunsuzdur.
Verilən məlumata görə, avqustun 7-də açılan cinayət işindən bir gün sonra agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.
Agentlik Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) qərarını qanunsuz saydığından 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.
Agentlik məhkəmədən sözügedən qurumun avqustun 7-də verdiyi gəlir vergisinin hesablanması haqqında qərarının ləğv edilməsini və vergi yoxlamasının etibarsız sayılmasını xahiş edib.
Hazırda yoxlama davam edir.
Mehman Əliyev: 'Sənədlərdə problem yoxdur'
Jurnalistlər «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevdən yoxlamalardan nə gözlədiyini soruşublar.
Mehman Əliyev isə belə cavab verib:
«Onu bu yoxlamaya sifariş verənlərdən soruşun. Əslində sənədlərə baxanda, sənədlərdə hər hansı problem yoxdur. İndi nə nəticə olacaq, qərar necə veriləcək, bu bizdən asılı deyil. Ancaq qəti deyə bilərəm ki, vergidən yayınma ilə bağlı iddia təsdiqini tapmayacaq. Yəni deyirlər ki, 37 min manat vergidən yayındırılıb, bu, təsdiqin tapmayacaq...».
Mehman Əliyev deyib ki, axtarış Nəsimi Rayon Məhkəməsinin qərarı ilə aparılır.
Mətbuat Şurası susur
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Turan» İnformasiya Agentliyində aparılan axtarışı hələ ki şərh etmək istəməyib. Bildirib ki, agentliyin rəhbərliyi ilə danışıb, cinayət işinin detallarını müzakirə etdikdən sonra bu haqda fikir bildirə bilər.
M.Əliyev: 'Biz araşdırmadan qaçmırıq'
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev jurnalistlərə Vergilər Nazirliyinin əməkdaşlarının redaksiyadakı fəaliyyəti ilə bağlı əlavə məlumat verib. O deyib ki, məhkəmənin qərarında «axtarış» sözü işlədilmir. Bu, qaldırılan cinayət işi ilə bağlı hərəkət kimi təqdim edilir:
«Ancaq bu axtarışdır. Vergi əməkdaşları sənədləri, diskləri, kompyuterləri, seyfləri yoxladılar. Axtarış demək olar ki, yekunlaşır. Bəzi maliyyə sənədlərini yığıb apardılar. Əslində biz səyyar yoxlamanın müfəttişləri ilə danışıqlar aparmışdıq. Sənədlərin sürətini çıxarırdıq, sabah (avqustun 17-si) təqdim edəcəkdik. Biz araşdırmadan qaçmırıq, əməkdaşlıq edirik. Amma bu gün gəlib belə axtarış apardılar...».