Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:01

'İki ildə bəzi qida məhsulları iki dəfə bahalaşıb' – Media icmalı


Supermarket
Supermarket

Azərbaycan-Türkmənistan münasibətləri, yerli kurort zonalarında vəziyyət, qiymət artımı və inflyasiya bu gün (11 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır...

PAYIZDA QİYMƏT ARTIMI GÖZLƏNİR

«Exo» qəzetində «Azərbaycanda 2017-ci ilin sonu inflyasiyanın artacağı proqnozlaşdırılır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ərzaq məhsulları Azərbaycanda həmişə yüksək qiymətə olub. Amma devalvasiyalardan sonra bahalıq özünü daha qabarıq şəkildə göstərməyə başlayıb:

«Əhali bir qiymətə alışmamış, mağazaya gəldikdə daha yüksək olan başqa qiymətlə rastlaşır. Bunda da təəccüblü bir şey yoxdur, idxaldan asılılıq var və qiymətlər dolların məzənnəsi ilə müəyyən edilir. Baxmayaraq ki, son vaxtlar manata münasibətdə dolların məzənnəsi sabit görünür. Bununla belə, qida məhsulları yenə də bahalaşmaqda davam edir».

Müəllifin gəldiyi nəticəyə görə, inflyasiya da kifayət qədər yüksəkdir. İnflyasiyanın birrəqəmli səviyyəyə salınması elə arzu olaraq qalmaqdadır.

Yazıda ekspertlərin apardığı araşdırmaya istinadən rəsmi rəqəmlərə də şübhə bildirilir:

«Araşdırmanın nəticəsi göstərdi ki, rəsmi statistika ilə 4 faiz fərq var. Bu ilin ilk 6 ayı ərazində inflyasiya reallıqda 18 faiz təşkil edib. Bu, ölkə üçün olduqca yüksək göstəricidir. Qiymətlər bahalaşmaqda davam edir, yalnız indi qiymətlərdə müəyyən sabitlik var. Bu da hökumətin dolların məzənnəsinin yüksəlməsini saxlaması ilə bağlıdır».

Qəzetə danışan ekspertlər təxmin edirlər ki, yaxın aylarda yenidən qiymət artımı müşahidə ediləcək. Nəticədə inflyasiyada artım baş verəcək:

«Yayın sonu, sentyabrda biz növbəti qiymət və inflyasiya artımının şahidi olacağıq. Bu da onunla bağlı olacaq ki, kənd təsərrüfatı məhsulları bazarlarda azalacaq, idxal malları yenə də ilk sıraya çıxacaq».

Ekspertlər deyiblər ki, 2015-ci ilin ilk fevral devalvasiyasından bu yana bəzi qida məhsullarının qiyməti, az qala, iki dəfə bahalaşıb...

Naftalan
Naftalan

SƏRMAYƏ QOYMAĞA QÜRBƏT ÖLKƏ...

«Novoye Vremya» qəzetində «Yerli kurortlar investorlara sərf etmir» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda ölkədəki kurort zonalarının vəziyyəti və bu sahədəki problemlər dəyərləndirilir.

Müəllif vurğulayır ki, Azərbaycanın bəzi şirkətləri xarici ölkələrdə kurort zonalarına sərmayə qoyurlar. Azərbaycanın özündə isə bu proses hiss edilmir:

«Onların bu sahə üzrə Azərbaycanda da alternativləri var, amma bura sərmayə qoymağa tələsmirlər. Baxmayaraq ki, Azərbaycanda sanatoriya və bu tipli obyektlərin sayı ilbəil azalmaqdadır. 7 il öncə 80 belə obyekt var idi, indi onların sayı 68-ə enib».

Yazıda bildirilir ki, bir çox xarici ölkələrdə kurort zonalarında sərmayə qoyuluşuna əlverişli şərait yaradılır.

Müəllif vurğulayır ki, Azərbaycanda bütün sanatoriya-sağlamlıq obyektləri hələ də Həmkarlar İttifaqları Konfederasiyasının balansındadır. Onlar da ildə 20-30 min putyovka sata bilmək kimi bir arzu ilə yaşayırlar.

Yazıda bildirilir ki, 2016-cı ildə cəmi 16 minə yaxın putyovka satılıb. 2017-i ildə də elə bir artım olacağı gözlənilmir.

Müəllif hesab edir ki, sanatoriya-sağlamlıq mərkəzlərində də qiymətlər heç də ucuz deyil:

«Başqa sözlə, Azərbaycan investorları da, turistləri də yerli yox, xarici sanatoriya-sağlamlıq kurortlarını seçirlər. Odur ki, valyuta xaricə axmalı olur».

Müəllifin gəldiyi nəticəyə görə, Azərbaycan hökuməti sərmayəçilərə nə qədər ki, əlverişli şərtlər təklif etmir, vəziyyət dəyişməyəcək.

Gurbanguly Berdymukhammedov və İlham Əliyev
Gurbanguly Berdymukhammedov və İlham Əliyev

AZƏRBAYCAN-TÜRKMƏNİSTAN MÜNASİBƏTLƏRİ

«Azərbaycan» qəzetində «Etibarlı və inamlı tərəfdaş» sərlövhəli məqalədə Azərbaycan -Türkmənistan münasibətləri təhlil edilir.

Yazıda Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-un bu günlərdə Azərbaycana səfərindən bəhs edilir.

Müəllif vurğulayır ki, prezident İlham Əliyev hakimiyyətdə olduğu son 14 ildə türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsinə böyük önəm verir.

Yazıda bildirilir ki, Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci ildən qurulub. Müəllifin fikrincə, elə o vaxtdan da iki ölkə arasında münasibətlər inkişaf etməkdədir:

«25 ilə yaxın müddətdə müstəqil dövlətlər kimi dünya siyasi arenasında yer tutan türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması müsbət nəticələr verir. Siyasi münasibətlərin daha da möhkəmlənməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir».

Müəllif yazır ki, iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın inkişafı ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir.

Yazıda bildirilir ki, Türkmənistan prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.

Müəllif iki ölkə arasında münasibətlərin əhəmiyyətini göstərməkdən ötrü prezident İlham Əliyevdən də sitat gətirir:

«Türkmənistan bizim üçün yaxın, dost, qardaş ölkədir. Türkmən xalqı bizim qardaş xalqımızdır. Biz bunu yüksək qiymətləndiririk, mən xüsusilə prezident Berdymukhammedov-un fəaliyyətini bir daha qeyd etmək istərdim».

Müəllifin fikrincə, Türkmənistan prezidentinin Azərbaycana rəsmi səfəri bir daha təsdiqlədi ki, iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mövcuddur.

XS
SM
MD
LG