Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:57

'Dövlət proqramı ilə xaricidə oxuyanların bir çoxu geri qayıtmayıb' - Media icmalı


Nail Allahverdiyev
Nail Allahverdiyev

Azərbaycanın aparıcı qaz ixracatçısına çevrilmək imkanları, məmur övladlarının törətdikləri yol qəzaları və xaricdə dövlət hesabına təhsilin gələcəyi bu gün (8 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır...

MƏMUR ÖVLADLARI

«Novoye Vremya» qəzetində «Baba nəvəyə görə cavabdehdir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif avqustun 3-də Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi deyilən yol qəzasından bəhs edir.

Yazıda bildirilir ki, məmur övladları ilə bağlı tez-tez belə hadisələr baş verir.

Müəllif xatırladır ki, Ə.Həsənovun nəvəsinin bundan öncə də yol hərəkəti qaydalarının çoxsaylı pozuntularına yol verməsi haqqında KİV-lərdə müxtəlif yazılar dərc edilib. Amma hər dəfə Baş nazir müavinin nəvəsi məsuliyyətdən kənarda qalıb.

Müəllifi diqqəti 23 yaşlı N.Allahverdiyevin bahalı maşınlar kolleksiyasına cəmləyir. Daha sonra da yazıda oxuyuruq:

«Bütün bu tarixçələr onu göstərir ki, bəzən «VİP övladları» sadə vətəndaşlardan fərqli olaraq, özlərinə daha çoxunu rəva bilirlər. Onlara nə qədər xəbərdarlıq edilsə də, bu durum illər ərzində əhəmiyyətli dərəcədə dəyişmir».

Yazıda vurğulanır ki, bəzi məmur və ya deputatların (elə keçmiş məmur və deputatların da) ailə üzvləri xarici banklarda hesablara malikdirlər. Onların ölkədən kənarda biznesi və qiymətli daşınmaz əmlakları var.

Müəllifin qeyd etməsinə görə, onların bəziləri xarici ölkədə yaşamaq hüququ və ya ikili vətəndaşlıq da əldə ediblər.

Yazıda vurğulanır ki, belə şəxslər Bakıya ancaq özlərini, varlarını nümayiş etdirməyə gəlirlər.

Tələbə
Tələbə

QARANLIĞA DOĞRU...

Azadliq.info saytında «75 milyon manatlıq sual…» sərlövhəli məqalə diqqəti çəkir.

Müəllif yazır ki, bu ildən etibarən azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsilini nəzərdə tutan Dövlət Proqramının maliyyələşdirilməsi dayandırılıb:

«Ölkə başçısının sərəncamı ilə «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»na sonuncu dəfə vəsait keçən il ayrılıb. Hansı ki, «2015-2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni Dövlət Proqramı»nın həyata keçirilməsi də hökumətin gündəmində duran prioritet məsələlərdən biri idi».

Müəllif hesab edir ki, Azərbaycan hökumətinin ölkənin gələcəyinə işıq saçacaq təhsilə investisiya qoymaqdan imtina etməsi artıq böyük pulların plansız və nəzarətsiz xərclənməsi üzündən tükənməsinin göstəricisidir.

Təhsil üzrə ekspert Kamran Əsədov isə diqqəti bu prosesdə şəffaflıq məsələsinə çəkib. O deyib ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə proqramdan 3 min 500 dən çox insan yararlanıb:

«Lakin ilk 5 ildə seçimlərin obyektiv şəkildə olmaması göndərilən gənclərin ya tam şəkildə təhsilini başa vurmaması, ya da təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmaması ilə nəticələndi».

K.Əsədov vurğulayıb ki, bu proqram çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrə 2016-cı ilə qədər 75 milyon manat vəsait ayrılıb. Amma onun fikrincə, nəticə yoxdur. Ekspert düşünür ki, proses şəffaf aparılmayıb.

Müəllif hesab edir ki, bütün hallarda təhsilə qoyulan vəsait hədər getmir:

«Ölkədə yaxşılığa doğru nə dəyişdi? Dünyanın aparıcı universitetlərində təhsil alıb geri dönən gənclər Azərbaycan reallığında öz bacarıqlarını necə reallaşdıra bildilərmi? Bunlar da xeyli sual doğuran məsələlərdir və həmin o geri qayıtmayanları orda saxlayan səbəbləri də bu nöqtədə axtarmaq lazımdır».

Qaz kəməri inşası
Qaz kəməri inşası

AVROPANIN ƏSAS QAZ TƏMİNATÇISI-AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Azərbaycan qazı» sərlövhəli məqalə dərc edilib.

Yazıda bildirilir ki, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində qaz amili mühüm rol oynayır və bu mənada Azərbaycandakı «Şahdəniz» qaz yatağı böyük əhəmiyyətə malikdir.

Müəllif vurğulayır ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan «Cənub Qaz Dəhlizi» layihəsi mərhələlər üzrə həyata keçirilməkdədir:

«İndi «Şahdəniz»in ikinci mərhələsinin işə düşməsinə hazırlıq işləri görülür. Layihə çərçivəsində işlərin 93%-i tamamlanıb və yaxın aylarda başa çatması gözlənilir. Bu layihə üçün nəzərdə tutulan iki platformanın hər ikisinin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa edilmiş dayaq blokları artıq dənizdədir».

Yazıda bildirilir ki, gələcəkdə Azərbaycanın qaz ixracını artıra bilməsindən ötrü yataqlar kifayət qədərdir. Azərbaycan hələ uzun zaman əsas qaz ixracatçılarından biri kimi dünya bazarında yerini saxlaya bilər:

«Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2.6 trilyon kubmetrdir. Bu isə o deməkdir ki, gələcək on illiklər ərzində Azərbaycan həm regionun, həm də Avropa ölkələrinin qaza tələbatının ödənilməsində əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, Azərbaycan Avropa üçün yeganə yeni qaz mənbəyidir».

Müəllif xatırladır ki, bu il iyulun 10-da İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində prezident İlham Əliyev «Cənub Qaz Dəhlizi» ilə bağlı çıxış edib. Yazıda həmin çıxışdan belə bir sitat gətirilir:

«Artıq bu gün demək olar ki, «Cənub Qaz Dəhlizi» layihəsi uğurla icra ediləcək. Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir».

XS
SM
MD
LG