Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

Vəkil: 'Gözəl Bayramlıya əsa vermirlər'


Gözəl Bayramlı

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının səhhətində problemlər var. Jurnalist Əfqan Muxtarlı və “Kanal 13” internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucov isə istintaqdan narazıdır”.

Bunu AzadlıqRadiosu-na vəkil Elçin Sadıqov deyib. Vəkil onlarla bu gün, avqustun 3-də Bakı istintaq təcridxanasında görüşüb.

Buna da bax:​ Vəkil: ‘Gözəl Bayramlının hər iki dizində şiş var’

Vəkil: ‘Gözəl Bayramlının ayağı iflic ola bilər’

Vəkilin sözlərinə görə, Gözəl Bayramlının səhhəti günü-gündən pisləşir.

“Gözəl Bayramlının səhhəti ağırlaşır. Sol ayağı iflic ola bilər. İndiyədək hər hansı zəruri tibbi yardım da göstərilməyib. Sərbəst yeriyə, ayağa qalxa, otura bilmir”.

Elçin Sadıqov
Elçin Sadıqov

Vəkilin bildirdiyinə görə, AXCP sədr müavininin əsaya ehtiyacı var. Müdafiə tərəfi gərəkli qurumlara müraciət etsələr də, G.Bayramlıya əsa verilməsi təmin edilmir.

Gözəl Bayramlının səhhətində problemlər yaranması ilə bağlı müdafiə tərəfinin açıqlamalarına Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, hələlik, münasibət almaq mümkün olmayıb. Ötən ay AXCP-nin bir qrup fəalı Gözəl Bayramlının səhhətinə diqqət çəkməkdən ötrü Ədliyyə Nazirliyinin önünə də yürüş etmişdilər. Ancaq onda da Ədliyyə Nazirliyindən bu məsələ ilə bağlı hər hansı açıqlama olmadı.10-a yaxın AXCP fəalı saxlanıb, sonra da sərbəst buraxıldılar.

Buna da bax: Cəbhəçilərdən Ədliyyə Nazirliyinə etiraz

“Əfqan Muxtarlı istintaqdan narazıdır”

Avqustun 3-də Bakı İstintaq Təcridxanasında jurnalist Əfqan Muxtarlı ilə bağlı yenə də istintaq hərəkəti keçirilib. Vəkilin sözlərinə görə, bu dəfə (vəkil və Ə.Muxtarlı avqustun 2-də ekspertiza rəyi ilə tanış olmuşdu) Əfqan Muxtarlıdan götürülmüş telefonun ekspertizasının rəyinə edilən əlavə ilə tanış olublar. Əlavədə istintaqın jurnalistin telefonundan əldə edildiyi bildirilən məlumatlar əksini tapıb:

“Əfqan Muxtarlı hesab edir ki, həmin məlumatların bir çoxu onun telefonuna sonradan yerləşdirilib. Telefonunda rəyə əlavə edilmiş məlumatların olmadığını, həqiqəti əks etdirmədiyini bildirir”, – deyən vəkil həmin məlumatların detalları haqda danışmayıb.

E.Sadıqov “Kanal 13” internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovun da səhhətinin yaxşı olmadığını bildirib.

Buna da bax:​ Əziz Orucov kamerada deməsinə görə, havasızlıqdan yıxılıb

“Səhhətindəki problemlər qalır. İstintaqdan narazıdır. İttihamın hüquqi tərəfləri haqda ona məlumat verilmir. Onun hansısa qrant müqavilələrini imzalamaq, hər hansı sərəncam vermək səlahiyyəti olmayıb. Ancaq ittihamlar bununla bağlıdır”, – jurnalistlə görüşdən qayıdan vəkil deyib.

Bir müddət öncə vəkilləri bildirmişdilər ki, Əziz Orucov kamerada havasızlıqdan özündən gedib. Sonradan ona sərinkeş verildiyi, həkim müayinəsindən keçirildiyi bildirilmişdi.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Buna da bax:​ 'Təcridxanada jurnalistə nə ventilyator verirlər, nə də pəncərə açmağa qoyurlar'

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

Gözəl Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib.

Gürcüstanda oturum izini olan jurnalist Əfqan Muxtarlı da mayın 29-da müəmmalı şəkildə Bakıda həbs edilib. 0, bildirir ki, Tbilisidən oğurlanaraq Azərbaycana gətirilib. Üstəlik, işgəncələrə məruz qalıb və sərhədə cibinə 10 min avro pul qoyulub. Jurnalist, Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. Rəsmi qurumların bildirməsinə görə, jurnalist sərhədi keçəndə saxlanıb.

Buna da bax: Vəkil: 'Əfqan Muxtarlı 21 kiloqram arıqlayıb'

Əfqan Muxtarlı ittihamları rədd edir.

O, Azərbaycanda təqib olunduğunu bildirirdi.

«Kanal 13» internet resursunun Bakı bürosunun rəhbəri Əziz Orucova isə mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. İnzibati cəza başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

O, ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG