Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 06:13

Əziz Orucov kamerada deməsinə görə, havasızlıqdan yıxılıb


Əziz Orucov

İyulun 25-i vəkil Cavad Cavadov Bakı İstintaq Təcridxanasında «Kanal 13» internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovla görüşüb.

Vəkilin bildirməsinə görə, jurnalist ona səhhətində yaranmış problemlərdən danışıb:

«Özünün bildirdiyinə görə, iyulun 23-ü saat 19 radələrində qaldığı kamerada kəskin havasızlıqdan huşunu itirib və yıxılıb. Ayıldıqda kamera yoldaşının köməyi ilə həkim çağırıldığını görüb. Həkim müdaxiləsindən sonra nisbətən vəziyyəti düzəlib. O, dəfələrlə müraciət edərək kamerasına öz hesabına sərinkeş keçirilməsini istəsə də, buna imkan yaradılmırdı. Bu səbəbdən sonuncu dəfə evlə telefonla danışıq zamanı bu əhvalatı söyləyərkən qeyri insani rəftardan şikayət etmiş və danışığı yarımçıq kəsilmişdi».

Vəkilin deməsinə görə, iyulun 25-i ona qohumları sovqatla birlikdə sərinkeş göndəriblər. Lakin günün sonuna qədər bu çatdırılmayıb:

«Eyni zamanda, dəfələrlə təcridxana rəhbərliyinə yazılı və şifahi müraciətlərinə baxmayaraq, qanunla nəzərdə tutulmuş qaydada yaxınları ilə görüş verilmir və tutarlı cavab verilmir. Müdafiə tərəfi bu qanunsuzluqlarla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət etmək niyyətindədir».

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Ancaq bu günlər 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi Ə.Orucova ayrıseçkilik və qeyri insani münasibətlə bağlı deyilənləri təkzib etmişdi. Təcridxana rəhbərliyi bildirirdi ki, Ə.Orucovla da digər təqsirləndirilənlər kimi qanun çərçivəsində davranılır.

XATIRLATMA

«Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, ittihamları qəbul etmir.

«Kanal 13» internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur. O, Ə.Orucovun qardaşıdır. Ə.Orucovun həbsindən sonra internet televiziyasının fəaliyyətinə maneələr yarandığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG