Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 21:35

40 min hektar torpaq vətəndaşlardan geri alınıb


Arxiv fotosu

2017-ci ilin birinci yarısında torpaq sahələrindən səmərəli istifadə edilməməsinə görə, 600 inzibati protokol tərtib olunub.

Bu haqda Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında bildirilir.

Komitə qeyd edir ki, torpaq sahələrindən səmərəli istifadə edilməsi ilə bağlı inzibati qanunvericiliyə dəyişiklik edildikdən sonra ümumilikdə 1700 protokol tərtib olunub, vətəndaşlara 1,2 milyon manat cərimə tətbiq olunub.

Buna da bax:​ Kəndlilər: 'Fındıq bağları əlimizdən alınır'

240 halda isə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Komitə həmçinin əlavə edir ki, yarım ildə yerli icra hakimiyyəti orqanları ilə birlikdə 40 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələri ləğv edilib. Qurum bunu da torpaq sahələrindən səmərəsiz istifadə olunması ilə əsaslandırır.

Geri alınmış torpaq sahələrinin səmərəli istifadə olunması istiqamətində işlərin həyata keçirildiyi bildirilir.

Komitənin məlumatına görə, ilin birinci yarısında 184 min hektara yaxın torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə hüquqi və fiziki şəxslərə icarəyə verilib. Həmin sahələrin kimlərə verildiyi bildirilmir. Ancaq bəzi mətbu orqanlarında həmin sahələrin hakimiyyət təmsilçilərinə yaxın şirkətlərə ayrıldığı iddia olunur.

Buna da bax:​ Əkin sahələri azalıb

XATIRLATMA

Azərbaycanda torpaq sahələrindən səmərəli istifadə mövzusu ötən ilin əvvəlində gündəmə gəlmişdi.

Həmin vaxt prezident İlham Əliyev ölkədə torpaqların təyinatına uyğun səmərəli istifadəsi və torpaqların qeyri-qanuni zəbt olunmasının qarşısının alınması ilə bağlı göstərişlər vermişdi.

Ardınca Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan torpaqlarının dövriyyəyə qaytarılması ilə bağlı xüsusi qaydalar hazırlamışdı. Bu sahədə qanunvericilik də bir xeyli sərtləşdirilmiş, cərimələr artırılmışdı.

Ancaq bu sahədə atılan addımlar birmənalı qarşılanmır.

Buna da bax:​ 118 min hektar torpağın təyinatı dəyişdirilib

Bir çox rayonların fermerləri deyirlər ki, yerli rəsmi qurumlar torpaqlardan səmərəli istifadə edilməməsi adı ilə onların icarəyə götürmüş olduqları və heyvandarlıqda istifadə etdikləri sahələri əllərindən alırlar.

Ekspertlərə görə, ölkədəki belə icarə torpaqları bir əldə cəmləşməkdədir. Onlar son vaxtlar ətin qiymətinin bahalaşmasını da örüş yerlərinin və mal-qaranın azaldılması ilə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG