Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

Nardaran işi üzrə həbs olunanlar 'kars'dan çıxarılmayıb


Nardaran. İllüstrasiya. Gündüz Ağayev.

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və onlarla birlikdə Nardaran işi üzrə mühakimə olunan digər şəxslər hələ də cərimə kamerasında (“kars”) saxlanılır.

Vəkil Yalçın İmanov iyulun 24-də Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına gedərək, onlarla görüşmək istəsə də, görüşə icazə verilməyib. Bu haqda AzadlıqRadiosu-na Yalçın İmanov məlumat verib.

Buna da bax:​ Yaxınları Taleh Bağırzadənin “kars”a salındığını bildirir

Yalçın İmanov
Yalçın İmanov

İstintaq təcridxanasının rəisi Rəşid Səfərov bildirib ki, vəkilin orderi iş apellyasiya məhkəməsinin icraatında olduğu dövr üçün keçərli idi. Ali Məhkəmə üçün yeni müqavilə bağlanmalıdır.

Yalçın İmanov isə bu tələbin qanunsuz olduğunu deyir: “Əvvəla, Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə qərar vəkillərin iştirakı olmadan elan edilib. Qərarın surətini bizə göndərməyiblər. Ona görə də bilmirik ki, orada nə yazılıb. Bəlkə qərarı görəndən sonra heç Ali Məhkəmə üçün müqavilə bağlamayacağıq. İlk dəfədir belə bir qanunsuz tələblə qarşılaşırıq”.

Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxslərin işgəncəyə məruz qalması və bu səbəbdən görüşə icazə verilməməsindən narahatdır.

Buna da bax: "Nardaran məhbusu" "bədəninə tok yeridildiyini" deyir

Yalçın İmanov məsələ ilə əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcəyini, hüquqi addımlar atılacağını söyləyir.

XATIRLATMA

Taleh Bağırov və digərləri iyulun 20-də Nardaran işi üzrə məhkəmədə baş vermiş insidentə görə cəzalandırılıb. Həmin gün Bakı Apellyasiya Məhkəməsində vəkillərdən sonra təqsirləndirilən şəxslər də çıxış etmək istəyiblər, amma hakim imkan verməyib. Hakim təqsirləndirilən şəxsləri dinləmədən çıxış üçün sözü prokurora verəndə məhkəmə iclasında qalmaqal yaranıb. Təqsirləndirilən şəxslər Əmir Bayramovun sədrlik etdiyi hakimlər heyətinə ayaqqabılarını və əllərindəki su qablarını atıblar.

Buna da bax:​ İlahiyyatçını 'karsa' məhkəmə iclasından sonra salıblar

İnsidentlə əlaqədar məhkəmə yarımçıq qalıb. Bir neçə saat sonra vəkillərə xəbər verilib ki, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslər haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasına dair qərar çıxarıb.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Taleh Bağırov və Abbas Hüseynov 20, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Fuad Qəhrəmanlı və Ramin Yarıyev 10, qalanları da 14 il 6 ay azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG