Bu ilin 6 ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciətlərin sayı açıqlanıb.
APA-nın xəbərinə görə, KTM-in Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, dərman zəhərlənmələri ilə 241, dəm qazı zəhərlənmələri ilə 133, kəskin allergik reaksiyalar ilə 67, sirkə turşusu zəhərlənmələri ilə 52, spirtli içkilərdən zəhərlənmələrlə bağlı isə 56 nəfər müraciət edib.
Baş toksikoloq bildirib ki, 41 nəfəri ilan, 3 nəfəri isə əqrəb sancıb. Onun deməsinə görə, 2 nəfər sirkə turşusundan baş vermiş zəhərlənmə nəticəsində ölüb.
İstehlakçıların Hüquqlarının Müdafiəsi Birliyinin rəhbəri Eyyub Hüseynov dəfələrlə bildirib ki, Azərbaycanda satışda olan spirtli içkilərin böyük bir hissəsi saxta məhsullardır.
Ekspertlər həmçinin, bildirirlər ki, manatın devalvasiyasından sonra satışda olan dərmanların da keyfiyyətindən şikayətlər artıb.
Bundan başqa, dəm qazı zəhərlənmələrinin üstünlük təşkil etməsi də təsadüf sayılmır. Ekspertlər bunu qazın tərkibində zərərli maddələrin çoxluğu ilə izah edirlər. Ancaq «Azəriqaz» İstehsalat Birliyi bunu təkzib edir.