Keçid linkləri

2024, 10 Mart, bazar, Bakı vaxtı 18:58

Hakimlərə ayaqqabı və plastik su qabları atıldı


arxiv
arxiv

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəməsində dava düşüb. Olay iyulun 20-də Bakı Apellyasiya Məhkəməsində baş verib. Təqsirləndirilən şəxslər onlara çıxış etmək imkanı verilməməsinə etiraz olaraq, hakimlərə ayaqqabı, plastik su qabları atıblar.

Nardaran işinə görə həbs olunan 18 nəfərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Kollegiyaya daxil hakimlərdən Əflatun Qasımovun ötən iclasda müdaxiləsinə görə təqsirləndirilən şəxslər ona yazılı şəkildə etiraz veriblər. Amma etiraz qəbul olunmayıb.

“Ekspert rəyinə görə...”

Ardınca vəkillər Fariz Namazlı, Cavad Cavadov çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanunsuz və əsas adlandırıblar. Onların fikrincə, təqsirləndirilən şəxslərin hamısı günahsızdır, onlar heç bir cinayət törətməyiblər. Vəkillər Bakı Ağır Cinayətlər Məhkəməsinin və Apellyasiya Məhkəməsinin bu işi araşdırmadığını iddia ediblər.

"Ekspert rəyinə görə, Nardaran əməliyyatında dünyasını dəyişən polislərdən biri - Vüqar Nəsibov ayağındakı yaraya görə kəskin qanitirmədən ölüb. Xüsusi əməliyyata gedən adamlar niyə təcili yardım aparmamışdılar? Bu əsrdə qanitirmədən ölmək nə deməkdi? Yaxud araşdırılmadı ki, əynində zirehli gödəkçə ola-ola, digər polis əməkdaşı İsmayıl Tağıyev qarın boşluğundan necə yaralanıb dünyasını dəyişə bilərdi?", - vəkil Cavad Cavadovun sözləridir.

Buna da bax: 'Ağır cəza bizi mübarizəmizdən döndərməyəcək'

“Kartofdan danışmalı deyil ki?”

Fariz Namazlı
Fariz Namazlı

Fariz Namazlı isə çıxışının sonunda hakimləri ədalətli qərar çıxarmağa çağırıb: "Deyirlər, ədalət topaldır, gec gedir, amma istənilən halda, gedib çatır. Ona görə siz də çalışın ki, hökm çıxararkən ədalətli ola biləsiniz".

Ardınca təqsirləndirilən şəxslər Aqil İsmayılov, Cahad Babakişizadə çıxış edərək, hökumətin ünvanına tənqidi fikirlər səsləndiriblər. Onların sözünü hakimin kəsməsi digər təqsirləndirilənlərin etirazına səbəb olub.

"Cənab hakim, siz niyə bizim sözümüzü kəsirsiniz? Bilirəm, kürsünüzə görə qorxursunuz. Amma qorxmayın, siz demirsiniz, biz danışırıq. Bu adamları dövlət çevrilişində ittiham edirlər. Dövlət çevrilişində ittiham olunan adam kartofdan danışmalı deyil ki...", - Fuad Qəhrəmanlı belə deyib.

Qalmaqal ucbatından məhkəmə ertələnib

Bu məqamda fasilə elan edən hakim bir neçə dəqiqəlik aradan sonra geri qayıdaraq çıxış üçün prokuror Ceyhun Budaqova söz verib. Bu, təqsirləndirilən şəxsləri hiddətləndirib. Onlar Əmir Bayramovun sədrlik etdiyi kollegiyaya etiraz ediblər. Sözlə etiraz nəticə verməyəndə, onlar ayaqqabı və əllərindəki su qablarını hakimlərə atıblar.

Yaranmış qalmaqala görə məhkəmə təxirə salınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG