Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 07:15

Azərbaycan prezidenti İlham Əliyev «Jurnalistlərin dostu» mükafatına layiq görülüb.

APA-nın xəbərinə görə, bu barədə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov jurnalistlərə tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində bildirib.

MŞ sədri deyib ki, bu, kütləvi informasiya vasitələri (KİV) arasında keçirilmiş sorğunun nəticələrinə əsasən müəyyən edilib.

O vurğulayıb ki, Azərbaycanda söz azadlığının təmin edilməsi, KİV-in müstəqilliyinin dəstəklənməsi və jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində yürütdüyü davamlı siyasətə görə, prezidenti İ.Əliyev «Jurnalistlərin dostu» mükafatına layiq görülüb.

Ə.Amaşov daha sonra mükafatı dövlət başçısına təqdim edib.

Sorğunu «Ruh» Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin bu il iyunun 20-dən iyulun 15-ə kimi kütləvi informasiya vasitələri arasında elan etdiyi bildirilir. Bu məqsədlə MŞ müvafiq işçi qrup da yaradıb.

XATIRLATMA

«Jurnalistlərin dostu» mükafatını 1998-ci ildə «RUH» Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi (hazırkı «Ruh» Jurnalistlərin Müdafiəsi İctimai Birliyi) təsis edib. Həmin vaxt bu quruma hazırkı Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik edirdi.

Hazırda Azərbaycanda 10-dan çox tənqidçi jurnalist və bloqqer həbsdədir.

«Sərhədsiz reportyorlar» hüquq-müdafiə təşkilatı isə noyabrın 2-də 2016-cı illə bağlı «mətbuat düşmənləri»nin yeni siyahısını dərc etmişdi və orada Azərbaycan prezidenti də yer alırdı.

Bu siyahıda 35 dövlət, hökumət başçısı, «İslam Dövləti», Yəmən husiləri, Banqladeşdə «əl-Qaidə»yə yaxın islamçı qruplaşma, «Taliban» hərəkatı və Meksikanın «Los Setas» narkokarteli kimi qruplaşmalar var.

Dövlət başçılarından isə orada Eritreya, Sudan, Burundi, Qambiya, Suriya, Kuba, Çin, Şimali Koreya, Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan, Türkiyə, Azərbaycan və bir sıra başqa ölkələrin prezidentləri yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG