Rusiya Dövlət Duması xarici sürücülük vəsiqələrinin ölkə ərazisində istifadəsini yasaqlayan qanun qəbul edib. Avrasiya İqtisadi Komissiyası isə ziddiyyət və səs-küyə yol açan bu qanunu Avrasiya İqtisadi Birliyinin (AİB-in) üzvü olan ölkələrə şamil etməməyi təklif edib.Bu barədə məlumatı Rusiyanın «Kommersant» nəşri yayıb.
İyunun 1-də Rusiyada xarici vətəndaşların Rusiya ərazisində öz milli sürücülük vəsiqələri ilə çalışmasını qadağan edən qanun qüvvəyə minib. İyulun 14-də isə Dövlət Duması Avrasiya İqtisadi Birliyinin üzvü olan bəzi ölkələrin sürücülük vəsiqələrinin Rusiya Federasiyası ərazisində tanınması haqda qanun qəbul edib. Söhbət rus dilinin rəsmi dil kimi qəbul olunduğu ölkələrdən gedir. Nəticə etibarilə, yeni qanuna görə Rusiya Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrdən təkcə Ermənistanın sürücülük vəsiqələrini tanımır.
ERMƏNİSTAN SEÇİM QARŞISINDA
Nəqliyyat vasitələrinin idarə olunmasına icazə verilməsinə dair yeni qəbul olunmuş bu qanun Rusiyada sürücü işləyən Ermənistan vətəndaşlarının əksəriyyətinin işini itirməsinə yol açıb. Onların çoxu artıq vətənə qayıdıb.
Bu mövzu qızğın müzakirələr doğurub. Ermənistan parlamentinin spikeri Ara Babloyan Moskvada Rusiya Dövlət Dumasının spikeri Vyacheslav Volodinlə görüşdə bu məsələni qaldırıb. Volodin buna cavab olaraq, Ermənistanı faktik seçim qarşısında qoyub: «Mən təkcə bir şeyi deyə bilərəm. Onu [rus dilini] rəsmi dil kimi qəbul edin, onda [iyulun 14-ü qəbul olunmuş] bu qanun norması avtomatik olaraq Ermənistan Respublikasına da şamil ediləcək». Bu məsələ Ermənistanda ictimaiyyətin qəzəbinə səbəb olub.
«Kommersant» yazır ki, rus dilinin statusunu Rusiyada avtomobil sürmək hüququ ilə əlaqələndirmək cəhdləri və Moskvadan səslənən bu bəyanatlar fonunda Avrasiya İqtisadi Komissiyası şurasının sədri, Qırğızıstan Respublikası baş nazirinin müavini Oleg Pankratov maraqlı fikirlə çıxış edib. O deyib ki, bu məsələni Rusiya vətəndaşı olmayan sürücülərlə ayrıca müqavilə ilə nizamlamaq olar. Bunun üçün xüsusi razılaşma da var. Pankratov qeyd edib ki, əks halda qəbul olunan yeni qanun Avrasiya İqtisadi Birliyinin prinsiplərinə və ümumi əmək bazarı ideyasına zidd ola bilər.
Qazaxıstandakı qanun AİB ölkələrinin vətəndaşlarına şamil edilmir
Avrasiya İqtisadi Komissiyası şurasının sədrinin sözlərinə görə, milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması qaydalarını müəyyən edən xüsusi müqavilə üzərində iş davam etdiriləcək. Bundan başqa, Avrasiya İqtisadi Komissiyası şurası artıq Rusiya Federasiyasına müvafiq qanunlara düzəliş etməyi, sözügedən qadağaları Avrasiya İqtisadi Birliyinin üzvü olan dövlətlərin vətəndaşlarına şamil etməməyi təklif edib.
Avrasiya İqtisadi Birliyinə Rusiya, Qırğızıstan, Moldova, Ermənistan, Qazaxıstan və Belarus daxildir.
Avropa İqtisadi Komissiyasından bildirilib ki, Qazaxıstanda artıq belə bir qanun norması qüvvədədir. Qazaxıstan Respubliksasında iyulun 14-də qəbul edilmiş yeni qanuna görə, xarici sürücülük vəsiqələri ilə avtomobil idarə etmək qadağası Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrin vətəndaşlarına şamil edilmir.
Daha öncə, Rusiya Dövlət Dumasının spikeri Vyacheslav Volodinin bəyanatına cavab olaraq, Ermənistan Milli Məclisinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Ashoyan bildirmişdi ki, Ermənistan rus dilinə konstitusion status vermək məsələsini nəzərdən keçirmir.