Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 20:38

'Bazarda malların 25 faizi qaçaqmaldır' - Ekspert


Supermarket
Supermarket

Kənd təsərrüfatında suvarma işləri, ölkə bazarlarında qaçaqmala tələbatın yüksəlməsi və vaxtıkeçmiş kreditlərin həcminin artması bu gün (17 iyul 2017-ci il) medianın aparıcı mövzularındandır...

«BOZ İDXAL» İNKİŞAF EDİR

«Exo» qəzetində «Azərbaycan bazarında malların 25%-ə yaxını «boz idxal»a aiddir» sərlövhəli məqalə oxumaq olar. Yazıda idxal mallarının keyfiyyəti Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla dəyərləndirilir.

«Dövriyyəsi milyon manatlarla ölçülən qaçaqmalçılıqla mübarizə Azərbaycanda daimi gedir. Amma bu qeyri-leqal idxalla mübarizə səmərəsiz aparılır. 20 gün öncə İqtisadiyyat Nazirliyinə və Gömrük Komitəsinə bazarda qaçaqmal olan kofe satıldığını bildirdik, sübutları və bununla məşğul olan şəxsləri göstərdik. Bu yaxınlarda İqtisadiyyat Nazirliyi bizə məktub yazır ki, qaçaqmalla məşğul olan şəxs barədə daha ətraflı informasiya verək», - deyə E.Hüseynov vurğulayıb.

AİB sədri deyib ki, ictimai qurum təhqiqat aparmır. Bundan ötrü səlahiyyətli dövlət orqanları var.

E.Hüseynov bildirib ki, son illər bazarda qaçaqmalların həcmi artıb:

«Bazarda qaçaqmalların həcmi 25 faizə yaxındır. Bura əldəqayırma mallar da daxildir».

E.Hüseynov hesab edir ki, dövlət orqanlarının yürütdüyü səmərəsiz istehlak siyasəti qaçaqmal və əldəqayırma məhsulların artmasına səbəb olur.

AİB sədri vurğulayır ki, qiyməti ucuz olduğuna görə istehlakçılar belə məhsullara üstünük verirlər. Gəlirlərin azalması insanları əlavə çıxış yollarına sövq edir.

E.Hüseynov hesab edir ki, tələb olduqda təklifin payı paralel olaraq daim artacaq.

Pul
Pul

PROBLEMLİ KREDİTLƏR ARTIR

«Yeni Müsavat» qəzetində «Problemli kreditlərin həcmi artır» sərlövhəli məqalə diqqət çəkir

Yazıda bildirilir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin bank sahəsindəki duruma dair növbəti statistikanı elan edib. Bu sənədə görə, problemli kreditlərin həcmi ay ərzində 145.8 mln. manat, illik hesablamada isə 225.6 mln. manat və ya 14.9 faiz artıb.

Müəllif vurğulayır ki, artıq vaxtıkeçmiş kreditlərin ümumi məbləği 1 mlrd. 739.8 mln. manat təşkil edir. Bunun ümumi kredit portfelində payı 12 faizə çatıb.

Ekspert Samir Əliyev problemli kreditlərin həcminin artmasını təbii sayır:

«Azərbaycanda keçən ildən davam edən sənaye və ümumi daxili məhsul (ÜDM) templərinin azalması (2016-cı ildə ÜDM 3.8 faiz azalıb), büdcə kəsirinin 2015-ci illə müqayisədə 6 dəfədən çox artması, maliyyə sisteminin iflici, işgüzar fəallığın zəifləməsi, gizli işsizliyin artması, yoxsulluq, real sektorda investisiya böhranı vətəndaşların problemlərini dərinləşdirir».

Ekspert hesab edir ki, gündəlik tələbat malları və xidmət sahəsində qiymətlərin sürətli artımı əhalinin maliyyə ehtiyatlarını tükəndirir.

İqtisadçı vurğulayıb ki, nominal əməkhaqqı 6, real maaşlar 2.1 faiz artıb. Amma qiymət artımı və inflyasiya bunu qat-qat üstələyib.

Ekspert hesab edir ki, ölkədə iqtisadi böhran dərinləşdikcə, problemli kreditlərlə bağlı durum da ağırlaşacaq.

Yazıda bildirilir ki, deputat Vahid Əhmədov da Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bank sahəsində durumun sabitləşdirilməsi üzrə gördüyü tədbirləri tənqid edib:

«Bu qurumun yaradılması həmin sistemin sağlamlaşdırılması sahəsində müsbət rol oynamadı. Əksinə, 11 bank bağlandı. Palata ilə Mərkəzi Bank arasında fikir ayrılığı bankların vəziyyətini daha da ağırlaşdırır».

Müəllif yazır ki, ekspertlər bu sahədə vəziyyətin yaxın vaxtlarda düzələcəyinə bir elə inanmırlar:

«İşsizliyin artması, iqtisadiyyatın ümumi depressiya vəziyyəti insanların gəlirlərinə mənfi təsir edəcək. Bütün bunlar ödəmələrlə bağlı böhranı daha da kəskinləşdirəcək və bank sektorunun durumunu ağırlaşdıracaq».

Suvarma
Suvarma

SUVARMA...

«Azərbaycan» qəzetində «Kənd təsərrüfatının inkişafı su ilə təchizatdan asılıdır» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, son illər Azərbaycanda aqrar sektorun inkişafına xüsusi önəm verilir. Məqsəd qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Ölkə əhalisinin 48 faizinin bu sahədə çalışması, ərzaq təhlükəsizliyi də kənd təsərrüfatına diqqəti artırır.

Yazıda vurğulanır ki, aqrar sektorun inkişafı bir çox amillərdən, xüsusən əkin sahələrinin su təchizatından asılıdır. Nazirlər Kabinetinin bu günlərdəki iclasında dövlət başçısı İlham Əliyev də bu məsələyə diqqət ayırıb. Yazıda prezidentdən sitat da gətirilir:

«İlin əvvəlində qarşıya vəzifə qoyulmuşdu ki, biz 100 min hektardan çox yeni torpaq sahələrinin suvarılmasını təşkil edək və bu istiqamətdə işlər gedir. Biz buna nail olacağıq. Biz yeni layihələr üzərində işləyirik və elə etməliyik ki, suvarma işlərini maksimum dərəcədə yüksək səviyyədə aparaq. Çünki bu, məhsuldarlığa bilavasitə təsir göstərir».

Yazıda bildirilir ki, 2013-2016-cı illərdə ölkədə minə yaxın subartezian quyusu qazılıb. Daha 150 subartezian quyusunun qazılması haqda sərəncam imzalanıb.

Müəllif yazır ki, görülən tədbirlər nəticəsində kənd təsərrüfatında məhsul istehsalı sürətlə artır. Son dövrlər ixracatda kənd təsərrüfatı məhsullarının çəkisinin artması da bunu sübut edir.

XS
SM
MD
LG