Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 04:55

Məhkəmə Əfqan Muxtarlının telefonundakı bilgilərə müdaxiləni haqlı saydı


Əfqan Muxtarlı

“Tbilisidən Azərbaycana gətirildikdən sonra telefonuma müdaxilə edildi. Etiraz etsəm də, sosial şəbəkələrdəki profillərimə baxış keçirdilər, bütün bilgiləri çıxardılar”.

Həbsdəki jurnalist Əfqan Muxtarlı bu gün, iyulun 14-də Bakı Apellyasiya Məhkəməsindəki çıxışında belə deyib. Həmin məhkəmədə jurnalistin üzərinə, telefonuna, sosial şəbəkələrdəki profillərinə qanunsuz baxış keçirilməsindən verilmiş şikayətə baxılıb. Bundan əvvəl eyni şikayətə Nəsimi rayon Məhkəməsi baxmış və rədd etmişdi.

Əfqan Muxtarlı məhkəməyə bildirib ki, o, uzun müddət jurnalistika ilə məşğul olub, ən müxtəlif çevrələrdə mənbələri var, şəxsi bilgilərinə qanunsuz müdaxilə onun mənbələri üçün də təhlükə yaradır. Jurnalist hüquqlarının pozulmasının tanınmasını tələb edib.

Onun vəkili Elçin Sadıqov isə məhkəmədə deyib: “Jurnalist, onun peşəsi ilə əlaqəli alətləri, o cümlədən telefonu sözsüz ki, toxunulmaz deyil. Əgər doğrudan da telefonuna, onun profillərinə baxış keçirilməsi vacib idisə, bunun üçün mütləq məhkəməyə müraciət edilməli, əsaslandırılmış qərar çıxarıldıqdan sonra baxış keçirilməli idi”.

Vəkilin bildirdiyinə görə, Ə.Muxtarlının şəxsi bilgilərinə müdaxilə onun Avropa Konvensiyasının 8-ci (Şəxsi həyatın toxunulmazlığı) və 10-cu (İfadə azadlığı - jurnalist mənbələrinin qorunması) maddələrində nəzərdə tutulan hüquqlarını pozub. E.Sadıqov məhkəmədən pozuntuların tanınmasını tələb edib.

Ancaq hakim Vaqif Mursaqulovun sədrlik etdiyi məhkəmə heyəti vəkilin və Ə.Muxtarlının arqumentlərini əsaslı saymayıb, şikayəti rədd edib.

E.Sadıqov məhkəmədən sonra AzadlıqRadiosuna qərarla razılaşmadıqlarını bildirib.

O bununla bağlı bu günlərdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət göndərəcəyini deyib. “Avropa Məhkəməsi artıq Ə.Muxtarlının işinə prioritet qaydada baxılmasına qərar verib”, - vəkil əlavə edib.

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

O AR Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycan gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG