Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 13:31

Eldar Mahmudovun köməkçisi Tağı Əhmədovu yalanda suçlayır


Eldar Mahmudov, MTN-nin keçmiş rəhbəri

"Bakı Metropoliteni"nin keçmiş rəisi Tağı Əhmədov həbsdə olan MTN generalı Akif Çovdarovun ondan 3 milyon alması haqda istər istintaqda, istərsə də məhkəmədə ifadəsində demişdi ki, məsələ ilə əlaqədar dəfələrlə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova zəng eləyib. Amma nazir zənglərinə cavab verməyib. Əvəzində nazirin köməkçisi və eyni zamanda əmisi oğlu olan Vüqar Mahmudov cavab verib, deyib ki, söylədiklərini Eldar Mahmudova çatdıracaq.

Amma Vüqar Mahmudov Tağı Əhmədovun bu haqda söylədiklərinin həqiqətə uyğun olmadığını deyir.

"Tağı Əhmədov heç vaxt mənə zəng eləməyib. Belə bir şey ola da bilməzdi", – Vüqar Mahmudov bir müddət əvvəl həbsdə olan MTN-çilərin məhkəməsində dindirilərkən deyib. Bu haqda AzadlıqRadiosuna həmin prosesdəki vəkillərdən biri məlumat verib.

“QANUN ÇƏRÇİVƏSİNDƏ İŞLƏMİŞƏM”

Məhkəmə qarşısına çıxarılan MTN-çilərdən Akif Çovdarovu, eləcə də onun tabeliyində işləmiş Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovu tanıdığını deyən sabiq nazir köməkçisi bu adamların hər birinə dərin hörmət və ehtiramı olduğunu söyləyib: "Allah qapılarını açsın”.

Vüqar Mahmudov əmisi oğlu nazir olduğu dövrdə ona çatdırmaq üçün müəyyən adamlardan pul alması haqda iddiaları da yalanlayıb. Deyib ki, heç kim ona bu məqsədlə pul verməyib: "Mən qanun çərçivəsində işləmişəm, tapşırıqları yerinə yetirmişəm”.

Prokuror Vüqar Mahmudovdan soruşub ki, gənc yaşında polkovnik – leytenant rütbəsi almasında əmisi oğlunun rolu olubmu? Bu sual Mahmudovun özündən çox, Çovdarovun vəkillərinin etirazına səbəb olub.

Vüqar Mahmudov isə suala birbaşa cavab verməyib: "Eldar Mahmudov nazirim olub. Həm də əzizimdir".

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG