Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 11:02

"Çətin deyil, öyrənərsən": 19 yaşlı qızı Dubayda fahişəliyə məcbur ediblər


arxiv
arxiv

Gənc miqrant qıza Dubayda dükanda satıcı işi vəd ediblər. Ancaq mənzil başına çatanda onun pasportunu əlindən almağa çalışaraq masaj salonunda işləyəcəyini, müştərilərə xüsusi xidmətlər göstərəcəyini deyiblər. Qız qaçıb canını qurtara bilib. Amma Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) əcnəbi qadınların fahişəliyə cəlbi biznesi çiçəklənməkdədir. Bu haqda “Nastoyaşeye Vremya” portalı yazır.

27 yaşlı Alina Shadykanova duldur. O, ailəsinə, heç olmasa, yataqxanada ev ala bilmək üçün pul yığmaq istəyib. Alina gərəkən məbləğin bir hissəsini Türkiyədə çalışaraq yığa bilib. Sonra isə Dubaya gedib və orada yoxa çıxıb. Alinanı tapmağa çalışan dostları və qohumları onun BƏƏ-də dəllallar tərəfindən oğurlanaraq cinsi istismara məruz qoyula biləcəyindən şübhələniblər.

“İSTƏK VARSA, ÖYRƏNƏCƏKSƏN”

Shadykanova başına buna bənzər iş gələn yeganə qadın deyil. 19 yaşlı qırğızıstanlı Ayzharkyn da BƏƏ-də cinayətkarların qurbanı olub.

O, BƏƏ-yə bir qadın tanışının köməyilə gəlib. Tanışı onun yolpulusunu ödəyib və onu ticarət mərkəzində satıcı işinə düzəltməyə söz verib. Ancaq qız Dubaya çatar-çatmaz qadın ona deyib ki, dükanda yox, masaj salonunda işləməli olacaq.

"O mənə hədiyyələr verdi və elə gəlişimin ikinci günü danışmağa başladı: ‘Yuxudan doymayıb 16-17 saat işləmək nəyə lazımdır?’ Dedi ki, pulu tez qazanacaqsan. ‘Bu, çətin deyil, istək varsa, öyrənəcəksən’. Sonra dedi ki, çox yaxşı çaypulu verən müştərilər var. Buna görə, sadəcə, onların intim yerlərinə toxunmaq və öpmək lazımdır".

Ayzharkynın sözlərinə görə, bundan sonra qadın ondan pasportunu istəyib:

"Soruşdum ki, niyə? Dedi ki, simkart almaq lazımdır. Mən birlikdə gedib almağımızı təklif etdim. O isə yox dedi".

Buna da bax: İstanbulda iki qız özbək "Mama Roza"nın əlindən xilas edilib

DUBAYDAN QAÇA BİLİB

Həmin qadının "masaj salonuna" düzəltmək istədiyi başqa bir qızsa dəllal qadının onu fahişəliyə cəlb etməyə çalışmasını telefonla qeydə alıb. Yazıdan görünür ki, qıza dörd ayda "iyirmi min" qazanacağını, bu məbləğin vətəndə ev almağa kifayət edəcəyini vəd edirlər.

"Müştərilər stabil, yəni yoxlanılmış olacaq", – aradüzəldən qadın deyir.

Ayzharkyn gəlişindən iki ay sonra möcüzə nəticəsində Dubaydan qaça bilib. Dediyinə görə, depressiya yalnız evə qayıdandan bir neçə ay sonra ondan əl çəkməyə başlayıb. Qız az qala seksual qula çevrilə biləcəyini yaxınlarından heç kimə danışmayıb. Onun işinə dair materiallar hazırda Qırğızıstan polisi tərəfindən öyrənilir. Ancaq hələlik, ona fahişəliyi təklif edən qadının barəsində cinayət işi qaldırılmayıb.

Yoxsul ölkələrdən başqa bir ölkəyə qazanc dalınca gələn miqrantlar tez-tez qul vəziyyətinə düşürlər. Bişkekin mərkəzindəki Oş bazarında eyni zamanda onlarla səsgücləndiricisindən xaricdə iş barədə elanlar səsləndirilir: "Moskvada işləməyə oğlanlar və qızlar tələb olunur. Məvacib danışıq əsasındadır. Yaşayış yeri və üç dəfə qidalanma təmin edilir".

"Sezim" qadın krizis mərkəzinin müştərilərindən biri bir zamanlar məhz belə elanlardan biriylə qazanc dalınca gedib. Qızı Moskva yaxınlığında bir neçə ay ərzində zorla saxlayaraq fahişəliyə vadar ediblər.

HƏR İL 30-DƏK MÜRACİƏT

"Sezim" krizis mərkəzinin rəhbəri Bubusara Ryskulova deyir ki, mərkəzdə çalışdığı 20 il ərzində belə hallara çox rast gəlib.

"Onun 18 yaşı var idi, normal, imkanlı ailədən idi, qəşəng, ağıllı qız idi. Hərdən belə də olur. Fürsətdən istifadə edən dəllallar onlara belə deyirlər: ‘Heç kimə demə, bircə yerimiz qalıb. Maaşın min dollar olacaq. Yayda işləyib geri qayıdacaqsan’. Bax o da beləcə aldanıb", – Ryskulova deyir.

Hər il təkcə "Sezim"ə belə dəllalların qurbanı olmuş 30-dək qədər qız müraciət edir. Onların dəqiq sayını heç kim bilmir. Qırğızıstanın DİN-də etiraf edirlər ki, cinsi istismar qurbanlarının dəqiq sayı barədə statistika real vəziyyətdən köklü fərqlənir.

DİN əməkdaşı Zhyldyz Ahmetgaliyeva deyir ki, belə şəxslər adətən hüquq-mühafizə orqanları ilə əməkdaşlığa meylli olmurlar. Onun sözlərinə görə, QHT-lər belə şəxslərlə söhbət apararaq öz statistikalarını tərtib etsələr, rəqəmlərin daha böyük olduğu ortaya çıxacaq.

ABŞ Dövlət Departamentinin son hesabatlarından birində Qırğızıstan qanunsuz işçi qüvvəsi ixrac edən ölkələrdən biri kimi göstərilib. Hesabatlarda həmçinin Qırğızıstanın bu sahədə tranzit ölkələrdən biri olduğu bildirilir. Sənədlərə əsasən, Qırğızıstan həmçinin cinsi istismar məqsədilə insan tacarətinin baş verdiyi ölkələrdən biridir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG