Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:20

Ünvanlı sosial yardım tarixə dönəcək?


Qəzetlər
Qəzetlər

“Bizim yol” qəzeti yazır: “Ünvanlı sosial yardım ləğv olunacaq”.

Qəzet xatırladır ki, iyulun 12-də Nazirlər Kabinetinin iclasında dövlət başçısı İlham Əliyev özünəməşğulluq proqramına start veriləcəyini, nəticədə işsizliyin aradan qaldırılacağını, bununla da ünvanlı sosial yardıma ehtiyacın qalmayacağını bildirib.

Deputat Vahid Əhmədov qəzetə deyir ki, bu proses artıq uzun müddət əvvəl başlayıb, prezident 2016-cı ildə Ehtiyat Fonddan 6 milyon manat ayırıb və pilot layihələr həyata keçirilməyə başlanıb, sosial yardım alanlarla danışıqlar aparılıb və ailənin hansı işlə məşğul ola biləcəyi müəyyənləşdirilib.

Adıçəkilən proqrama bir neçə rayonda start verilməsi gözlənilir və bu proqram konkret ailə biznesinin inkişaf etdirilməsi də sayıla bilər.

Deputatın sözlərinə görə, özünməşğulluq proqramları işə düşdükdə həmin ailə ünvanlı sosial müavinət almaq siyahısından çıxarılır, çünki artıq həmin şəxs öz ailəsinin ehtiyacını ödəmək iqtidarında olur.

Vahid Əhmədov hesab edir ki, bu layihə nəticə verir, ayrılan vəsait şəxsi biznesini qurmaqla ailələrin özlərini maddi baxımdan təmin etmək potensialı yaradır: “Bu isə həm dövlətin büdcəsinə xeyir gətirir, həm də yoxsulluq səviyyəsinin aşağı düşməsinə səbəb olur”.

Ünvanlı sosial yardımın bir dəfəlik ləğv edilməsinə gəlincə, deputat deyir ki, bu “qəfildən baş verə biləcək proses deyil”, yəni, o uzun illər davam edəcək, insanların sosial yardıma ehtiyacı qalmayacağı zaman o ləğv olunacaq.

CİLOVLANMAYAN İNFLYASİYA

“Novoye Vremya” qəzeti “Nazirlər Kabinetinin inflyasiya önündə gücsüzlüyü”nü tənqid edir.

Qəzet rəsmi statistik göstəiricilərə istinadla ölkədə inflyasiyanın artdığını və istehlak qiymətlərinin bahalandığını vurğulayır: “Keçən ilin eyni dövrülə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak malları və xidmət tarifləri 13 faiz bahalaşıb, o cümlədən ərzaq mallarında 18 faiz, qeyri-itehlak mallarında 12 faiz, göstərilən xidmətlərdə isə 9 faiz bahalanma qeydə alınıb”.

Məqalədə deyilir ki, mübahisəsiz olaraq süni qiymət artımı bu və ya digər dərəcədə inflyasiyanın artmasına səbəb olub, dəmiryollarında tariflər artıb, ardınca ət 2,5 manata qədər kəskin bahalaşıb, hər iki halda da aidiyyatı qurumlar iqtisadi əsaslandırma verməyib: “ Ümumiyyətlə, xalqa heç zaman izah verilməyib, hər bir məmur və sahibkar özbaşına qiymət müəyyən etməkdə özünü haqlı sayır və bununla da inflyasiyanı gücləndirir, iqtisadi göstəriciləri pisləşdirir”.

Qəzet hesab edir ki, hökumətin qiymətlərə nəzarəti yetərli deyil, belə olsaydı inflyasiya artmaz, bahalanma baş verməzdi.

“Novoye vremya” Nazirlər Kabinetinin “fəaliyyətsizliyini” də tənqid edir, belə münasibətlə yaxın gələcəkdə inflyasiyanın nəinki aradan qaldırılması, hətta sürətinin aşağı salınmasının mümkün olmayacağını qeyd edir.

QEYRİ-NEFT SEKTORU

“Azərbaycan” qəzeti isə əksinə hökumətin apardığı islahatların uğur qazanmasından yaızr: “İslahatlar real nəticə verir”.

Qəzet yazır ki, 2017-ci ilin ilk 6 ayında qeyri-neft sektorundakı artım, valyuta ehtiyatlarının çoxalması islahatların uğurla reallaşmasından xəbər verir: “Bir il əvvəl əsasən Azərbaycana da təsir göstərən maliyyə-iqtisadi böhran ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan islahatlar müzakirə mövzusu idi. Üstündən cəmi bir il keçdikdən sonra artıq iqtisadi sferada əldə olunan müsbət dinamikadan danışılır və haqlı olaraq əldə olunan sosial uğurlardan söz açılır”.


Məqalədə deyilir ki, qazanılan uğurların kökündə duran əsas səbəb ölkədəki ictimai-siyasi sabitlikdir və bir çox ölkələrlə müqayisədə Azərbaycan cəmiyyəti “öz sabitliyi və inkişafa meyilli dinamik harmoniyası ilə yalnız fəxr edə bilər”.

Qəzetin yazdığına görə, aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalı genişlənib: “Bütövlükdə bu ilin altı ayında ixrac 36 faiz artıb. Ən önəmlisi odur ki, bunun 27 faizi qeyri-neft sektorunun payına düşüb. İdxal 15 faiz azalıb, beləliklə, müsbət saldo 1,9 milyard dollar təşkil edib”.

“Azərbaycan” bu göstəriciləri yeni islahatlar kursunun inkişafın davamlılığını təmin etməsinin təsdiqi kimi dəyərləndirilir və qeyri-neft sektorunun 1,7% inkişaf etməsini aparılan islahatların real nəticəsi sayır.

GENDER BƏRABƏRLİYİ VARMI?

“Exo” qəzeti gender bərarbərliyini müzakirəyə çıxarıb: “Kişilər və qadınlar: Azərbaycanda kimə nə qədər ödəyirlər”.

Qəzet beynəlxalq qurumlara istinadən yazır ki, son 20 ildə dünya iqtisadiyyatında qadınların rolu artsa da, əməklərinə yetərincə dəyər verillmir və elə Azərbaycanda da analoji problem yaşanır.

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov hesab edir ki, Azərbaycanda heç bir sahibkar eyni işə görə qadına kişidən az maaş verə bilməz: “Amma, burada işləyən qadınlarla bağlı digər xarakterli problemlər ortaya çıxır. Elə işlər var ki, bunlar ənənəvi qadın işləri sayılır və aşağı ödənişli işlərdir. Buna nümunə olaraq qabyuyanlar, xüsusən də şadlıq saraylarında işləyən qabyuyan qadınların əməyi göstərilə bilər. Onlara qəpik-quruş ödənilir, bu pulun müqabilində amansız istismar olunurlar. İş adamlarına bəllidir ki, heç kim bu işə yaxşı güzəran ucbatından getmir və odur ki, qadınları səhərdən axşama kimi 14-16 saat işlədirlər, baxmayaraq ki, iki qadını işə götürməklə hər biri 8 saat işləyə də bilərdi”.

Başqa bir ekspert Nəriman Ağayev qəzetə deyir ki, Azərbaycanda qadınlar heç də kişilərdən az maaş almırlar və ölkədə gender əsaslı ayrı-seçkilik yoxdur. Onun fikrincə, sadəcə, qadın vaxtının çoxunu ailəsinə, evinə həsr edir deyə, elə sənət seçir ki, əlavə vaxtı qalsın.

Ekspert Azərbaycanda qadınların çoxunun məhz təhsil və səhiyyə sahəsində fəaliyyət göstərdiklərini, bu sahədə maaşlar aşağı olduğundan kişilərin başqa peşə seçməyə meylli olduqlarını bildirir.

Amma N.Ağayev təhsil sahəsində qadınların üstünlük təşkil etməsini müsbət hal saymır: “Burada medalın əks üzü də var, qadınların çox olduğu yerdətərbiyə alan gənclərdə kişilik xaraktreini necə formalaşdırmaq olar? Bağça tərbiyəçiləri qadınlardır, məkətbdə müəllimlərin çoxu qadınlardır.Mənə belə gəlir ki, İngiltərədə olduğu kimi bizdə də məktəblərdə adi siniflərlə yanaşı sırf qizlar və oğlanlar üçün siniflər də olmalıdır və onlara ənənəvi dəyərləri aşılamaq lazımdır”.

XS
SM
MD
LG