Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:08

Mühacirlərə ən yaxşı münasibət İsveçdədir


Stokholm

Mühacir olmağa ən yaxşı ölkələr siyahısında birinci yerdə İsveç gəlir. Ondan sonrakı yerləri Kanada, İsveçrə, Avstraliya və Almaniya tutur.

Əsasən kütləvi immiqrasiya əsasında formalaşmış Birləşmiş Ştatlar yeni açıqlanmış hesabatda yeddinci yerdədir. Bir il öncə dördüncü idi. Bu haqda “The Washington Post” qəzeti yazır.

Siyahını ABŞ Xəbərləri (U.S. News and World Report) adlı vebsayt, iqtisadi sabitlik, gəlir bərabərliyi, iş bazarı kimi faktorlar əsasında hazırladığını bildirir. 21 mindən çox şirkət rəhbəri lideri, elita üzvü, eləcə də ictimaiyyət təmsilçilərinin rəyi soruşulub.

DÖRD YANAŞMA

Müəlliflər Dünya Bankı və BMT-nin müxtəlif ölkələrdə miqrant əhaliylə bağlı məlumatlarını, eləcə də onların anadan olduqları ölkəyə göndərdikləri pulun məbləğini incələyiblər. Bu layihə ötən il saytın başlatdığı dünyanın “ən yaxşı” ölkələri layihəsinin bir hissəsidir. Portal kolleclərin, xəstəxanaların, maşınların da sıralamasını hazırlayır.

“Ən yaxşı ölkələr” sorğusuna qatılanlar 80 ölkəylə bağlı dəyərləndirmələrini bildiriblər. Bu yanaşmalardan dördü – “iqtisadi sabitlik”, “yaxşı əmək bazarı”, “gəlir bərabərliyi və “yaşayacağım məkan” əsasında “Mühacir olmağa ən yaxşı ölkələr” reytinqi hazırlanıb.

Azərbaycan “Ən yaxşı ölkələr” sıralamasında 0,6 balla 69-cu yerdə qərarlaşıb, ötən il 60 ölkə içində 53-cü olmuşdu.

U.S. News və the New York Daily News-un həmsədri Eric Gertler deyib ki, ən yaxşı ölkələrin reytinqini hazırlayanda immiqrasiyanın dünyada ən vacib məsələ sayıldığını görüblər.

“ÖLKƏYƏ XEYLİ MİQRANT BURAXDILAR”

Maraqlıdır ki, İsveçdə immiqrasiya məsələsi bu il ABŞ-da da açıq müzakirə mövzusuna çevrilib. Prezident Trump fevralda bir yürüşdə deyib ki, mühacirət İsveçdə problemlər yaradıb və bu ölkə Birləşmiş Ştatların mühacirləri ölkəyə niyə buraxmamasından ötrü model rolunu oynamalıdır. “Ölkəyə xeyli miqrantı buraxdılar və heç ağıllarına gətirmədikləri problemlərlə üzləşiblər”, – Trump-ın bu sözləri sonradan isveçlilərin qəzəbli reaksiyasını doğurdu.

İsveç son bir neçə ildə Afrika və Yaxın Şərqdən qaçqınlar üçün populyar məkana çevrilib. Buraya Avropa ölkələrinin istənilən birindən daha çox miqrant gəlib. Reytinqdə qaçqın siyasəti araşdırılmayıb, ancaq miqrasiyayla bağlı uyğun addımlar nəzərdən keçirilib.

“Məqsədimiz immiqrasiyanın iqtisadi aspektlərinə, onun ölkənin dünyadakı yerinə mümkün təsirinə fokuslanmaq idi”, – reytinqin hazırlanmasında iştirak etmiş jurnalist Deidre McPhillips deyib.

REGİONLAR ÜZRƏ GÖSTƏRİCİLƏR

Skandinaviya ölkələrindən Norveç, Finlandiya və Danimarka da ilk onluqda yer alıb. Kanada və İsveçrəyə müsbət qiymət təkcə iqtisadiyyatlarına görə deyil, mühacirlər üçün dil təlimi kimi inteqrasiya tədbirlərinə görə verilib.

Pul göndərişləri üzrə ABŞ-ın balı yüksəkdir, ancaq iqtisadi bərabərsizlik üzrə reytinq aşağıdır. Britaniya daha aşağı – 17-ci yerdədir. Güclü iqtisadiyyatına baxmayaraq, bu ölkənin immiqrasiya siyasəti daha çox öz vətəndaşlarına fayda verir. Oxşar siyasəti Səudiyyə Ərəbistanı və Myanmar daxil olmaqla, daha altı ölkə bölüşür.

Ümumilikdə, Avropa və Şimali Amerika ölkələri siyahıda yuxarıdadır. Ancaq Serbiya (68) və Çexiya Respublikası (50) aşağı bal toplayıb. Yaxın Şərq ölkələri içində Birləşmiş Ərəb Əmirlikləri 15-ci yerdədir. Asiyadan önə çıxansa Sinqapurdur. Cənubi Amerikada Braziliya 32-ci, Afrikadan isə Cənubi Afrika Respublikası 45-ci yerləri tutublar.

Reytinqdəki 80 ölkə içində sonuncu yerdə Kenyadır, ondan əvvəl Qvatemala və Tunis gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG