Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 08:12

Qeyri-adi hökumət kortejləri


Fransa prezidenti Macron elektrik golf maşınını sürür. Solda: Rusiya prezidenti Putin

Sosial şəbəkələrdə Rusiya Federasiyasının baş naziri Dmitry Medvedevin "Şeremetyevo" hava limanına enmiş helikopterinə görə sərnişin təyyarələrinin enməsinə icazə verilməməsini göstərən video yayılıb. Baş nazirin helikopteri üzündən bəzi təyyarələr Moskvanın dörd hava limanından biri olan "Domodedovo"ya göndərilib. Anapadan Moskvaya uçan sərnişin təyyarəsi isə bir neçə saat ərzində hava limanının üzərində dövrə vurmağa məcbur olub.

Bununla bağlı “Nastoyaşeye Vremya” saytı müxtəlif dövlətlərin birinci şəxslərinin kortejləri və nəqliyyat vasitələri haqda məlumatları dərc edib.

SLOVENİYA

Bu Avropa ölkəsinin cəmi bir rəsmi hökumət təyyarəsi var – Dassault Falcon 2000 EX. Bu təyyarə, adətən, ölkənin prezidentini, baş nazirini və ya hökumət nümayəndələrini daşıyır.

Ancaq 2015-ci ildən bəri bu təyyarədən daha bir məqsəd üçün istifadə olunmağa başlanıb. Ölkənin birinci təyyarəsindən hər dəqiqə kiminsə həyatının xilas edilə biləcəyi çox təcili hallarda transplantasiya üçün nəzərdə tutulmuş orqanların daşınmasında istifadə olunur.

Rəsmi hökumət təyyarəsi Sloveniyanın adi vətəndaşlarının həyatlarını xilas etməyə yardımçı olur. Həkimlər bu təyyarə ilə donor orqanlarını təcili əməliyyata çatdırırlar.

YAPONİYA

Yaponiya baş nazirinin avtomobil korteji dünyada öz nizamlayıcıları ilə tanınır. Kortejin yolu keçə bilməsi üçün xüsusi köməkçilər bədənlərinin bir hissəsini avtomobillərin pəncərələrindən çıxararaq əllərindəki ağ əlcəklər və fitlər vasitəsilə hərəkəti dayandırırlar.

Gördüyünüz bu videoda beş avtomobil var. Onlardan yalnız üçünün üzərində işıq siqnalı var. Onlar səs siqnalı yox, yalnız işıq siqnalı verir.

URUQVAY

Uruqvayın keçmiş prezidenti Jose Alberto Mujica-nın, ümumiyyətlə, korteji olmayıb. 2010-ci ildən 2015-ci ilədək pezident vəzifəsini yerinə yetirmiş ölkə lideri dünyanın ən yoxsul prezidenti kimi ad çıxarıb. O, fermada yaşayır, prezidentliyə görə aldığı maaşın çox hissəsini isə ehtiyacı olanlara paylayırdı.

Jose Mujica özünün 1987-ci il istehsalı olan Volkswagen Beetle markalı kiçik mavi avtomobilində hərəkət edirdi. 2014-cü ildə o həmin avtomobil üçün ona bir milyon dolların təklif edildiyini demişdi. Mujica deyib ki, öz maşınını böyük məmnuniyyətlə satar, əldə etdiyi pulları isə evsizlərə ev tikməklə məşğul olan xeyriyyə proqramına ianə edərdi.

Mujica qeyd edib ki, öz "böcəyinə" (Volkswagen Beetle nəzərdə tutulur) xüsusi bağlılığı yoxdur. Keçmiş prezident öz maşınını yalnız üç ayağı olan iti Manuelaya görə satmırdı. Manuelanın bu maşına ehtiyacı vardı.

NİDERLAND

17 milyon insanın yaşadığı Hollandiyada, demək olar ki, 23 milyon velosiped var. Belə bir vəziyyətdə ölkənin baş naziri Mark Ruttenin də işə çox zaman məhz velosipedlə getməsi təəccüb doğurmur.

Mark Rutte bu yaxınlarda Niderlanda səfər edən Hindistanın baş naziri Narendra Modiyə də velosiped hədiyyə edib.

ABŞ

ABŞ prezidentinin avtomobil konvoyu dünyada ən güclü mühafizə olunan konvoylardan biri sayılır. "The beast" - "yırtıcı" adı ilə tanınan prezident limuzini hərbi zirehə malikdir. Avtomobilin yanacaq çəni isə nə qəza, nə də atışma zamanı partlaya bilər.

Bununla yanaşı, prezident Barack Obamanın maşın konvoyunu mühafizə edən polislər hətta velosipedçilərdən də ehtiyat edirdilər. 2016-cı ildə polislər yolda Obamanın qarşısında getməyə cəhd edən bir velosipedçini yerə yıxmışdılar. Bu görüntülərin videosu internetdə yayılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG