Keçid linkləri

Təcili xəbərlər
2018, 09 Dekabr, bazar, Bakı vaxtı 22:58

Parlament büdcəyə dəyişiklikləri qəbul etdi


Milli Məclis

Milli Məclisin bu gün, iyunun 30-da keçirilən plenar iclasında «2017-ci il dövlət büdcəsi haqqında» Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub.

APA-nın xəbərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və maliyyə naziri Samir Şərifov yenidən baxılan 2017-ci il dövlət büdcəsi barədə məlumat verdikdən sonra müzakirələr başlayıb.

S.Şərifov deyib ki, yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri 16 mlrd. 766 mln. manat proqnozlaşdırılır. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3.1 faiz çoxdur. Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat, Vergilər Nazirliyi üzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 50 mln. manat, büdcədənkənar gəlirlər üzrə isə 76 mln. manat əlavə artım əldə edilməlidir.

VERGİ, GÖMRÜK DAXİLOLMALARI ARTMALIDIR

Nazirin sözlərinə görə, qanun layihəsində 2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 645 mln. manat daxilolma nəzərdə tutulur . Bu, 2017-ci ilin təsdiq olunmuş proqnozundan 135 mln. manat çoxdur.

Sənədə əsasən, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların proqnozu 2 mlrd. 250 mln. manat təşkil edir. Bu da təsdiq olunmuş proqnozla müqayisədə 50 mln. manat artıqdır.

Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərcləri isə 1 milyard 41 mln. manat artırılır. Bunun 1 milyard 7941 mln. manata çatdırılması nəzərdə tutulur.

Layihədə ehtiyac meyarının həddinin 105 manatdan 116 manata kimi artırılmasına 32.2 mln. manat, sosial mənzil tikintisi ilə bağlı əhali ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsinə isə 50 mln. manat yönəldiləcəyi bildirilir.

SOCAR-A SUBSİDİYA

Layihədə bildirilir ki, 2016-cı il ərzində SOCAR-ın istehsal etdiyi təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsindən ötrü dövlət büdcəsindən 250 mln. manat subsidiyanın ayrılması məqsədəuyğun sayılıb.

AZƏRBAYCAN BEYNƏLXALQ BANKININ BORCU

Layihədə eyni zamanda xarici dövlət borclanmasının yuxarı həddinin artırılması da nəzərdə tutulur. Yəni sağlamlaşdırılma tədbirləri çərçivəsində Azərbaycan Beynəlxalq Bankının 2 milyard 383.4 mln. ABŞ dolları məbləğində borcu dövlətə keçir. Bununla əlaqədar olaraq, 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 mlrd. manat artırılaraq 4.5 mlrd. manata çatdırılacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

XATIRLATMA

2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən il dekabrın 27-də təsdiqləmişdi.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 mlrd. 255 mln., xərcləri isə 16 mlrd. 900 mln. manat idi.

Büdcədə Neft Fondundan transfertlər 6.1 mlrd. manat həcmində nəzərdə tutulurdu. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar götürülüb. Hazırda Azərbaycan neftinin bir barreli 45 dollardan yüksək satılır.

Maliyyə Nazirliyinin məlumatına görə, ötən ilin sonunda Azərbaycanın dövlət borcu 7 mlrd. dollara yaxın olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG