Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 12:54

J. Hahn: “Yeni tərəfdaşlıq sənədi əhəmiyyətli olacaq”


Johannes Hahn

“Azərbaycan nəqliyyat və energetika sahələrində Avropa Birliyi ilə əməkdaşlığa önəm verir”.

İyunun 17-də Avropa Birliyinin (AB) Bakıda səfərdə olan komissarı Johannes Hahn-ın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən iqtisadiyyat naziri Şahin Mustafayev belə deyib.

Nazir Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etməsindən danışıb. O deyib ki,limanda azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın fəaliyyət göstərəcək.

Enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edən nazir Azərbaycandan ötrü qeyri-neft sektorunun vacib olduğunu vurğulayıb. O, əlavə edib ki, Azərbaycan Avropa Birliyi ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının və investisiyaların təşviqi, sahibkarlığın inkişafı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Johannes Hahn isə Azərbaycan və Avropa Birliyi arasındakı hazırlanmaqda olan yeni tərəfdaşlıq sənədinin əlaqələrin genişlənməsində əhəmiyyətli olacağını vurğulayıb.

Azərbaycan- AB arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı, viza rejiminin sadələşdirilməsi, yeni tərəfdaşlıq sənədi görüşdə diqqət mərkəzində olub.

Avropa Birliyinin qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Johannes Hahn-ın Azərbaycana səfəri dünən, iyunun 16-sı başlayıb.

Dünən prezident İlham Əliyev, habelə xarici işlər naziri J.Hahn-ın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

J.Hahn vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşüb.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla Assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Artıq danışıqların iki mərhələsi arxada qalıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG