Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 12:52

Prokurorluqda Mustafa Hacıbəyliyə xəbərdarlıq edilib


Mustafa Hacıbəyli

«Bastainfo» saytının baş redaktoru Mustafa Hacıbəyli bu gün, iyunun 16-da Baş Prokurorluqda olub. O, saytda dərc olunan bəzi yazılarla əlaqədar baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbuluna dəvət edilib.

Bu haqda AzadlıqRadiosuna jurnalistin özü bildirib.

Jurnalist prokurorluğa vəkili Nemət Kərimli ilə birgə gedib. Ancaq vəkili Rüstəm Usubovun otağına buraxmayıblar.

M.Hacıbəylinin bildirdiyinə görə, prokurorluq Əfqan Muxtarlının cinayət işi başa çatmamış bəzi məlumatların dərcinin istintaqa xələl gətirdiyini düşünür.

«Söhbət «Əfqan Muxtarlının başına 300 min dollar pul qoyulub?», «Son həbslər və Müsavat», «Əfqan Muxtarlıdan yeni heyrətamiz xəbər» yazılarından gedir. Guya həmin yazılarda istintaqın aparılmasına xələl gətirən və ictimaiyyəti çaşdıracaq məlumatlar var», - jurnalist bildirib.

M.Hacıbəyli sözügedən yazıların Gürcüstan mediasına istinadən yayıldığını R.Usubovun diqqətinə çatdırıb.

«Rüstəm Usubov iradları qəbul etmədi. O, Azərbaycanın özünün media haqqında qanunlarının olduğunu və bu qanunlara əməl olunmasının vacibliyini bildirdi», - jurnalist deyib.

M.Hacıbəyliyə adıçəkilən yazılara görə rəsmi xəbərdarlıq olunub.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG