Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:01

'Regionlara 60 milyard gedib, Bakıya köç davam edir' – Media icmalı


Qatar
Qatar

Cocuq Mərcanlıda tikinti, abadlıq işləri, rayonlardan Bakıya axının davam etməsi və Bakıda bahalı villaların satışa çıxarılması bu gün (16 iyun 2017-ci il) medianın aparıcı mövzularındandır...

BÜTÜN YOLLAR BAKIDAN KEÇİR

«Novoye Vremya» qəzetində «Region sakinləri niyə Bakıya can atırlar?» sualına cavab axtarılır.

Müəllif bildirir ki, regionlarda yaşamaq olduqca ağırdır. Həm regionlarda işsizlik problemi var, həm də gəlirlər aşağıdır.

Yazıda vurğulanır ki, bu səbəblərdən qəsəbə və kəndlərin sakinləri Bakıya axışmaqdadır:

«Daimi daxili miqrant axını nəticəsində Bakının əhalisi artır. Abşeron yarımadası və paytaxtın çoxsaylı qəsəbələrində tikinti çoxalır».

Müəllif xatırladır ki, bu günlərdə Abşeron yarımadasında 30 qəsəbəyə şəhər statusu verilməsi ilə bağlı təklif səslənib.

Yazıda qeyd edilir ki, daxili miqrasiya hesabına həmin qəsəbələrin sakinləri durmadan artmaqdadır. Artıq Qaraçuxur, Bakıxanov, Binə və Rəsulzadə kimi qəsəbələrdə 50-80 min arasında insan yaşayır.

Müəllif yazır ki, ölkə iqtisadiyyatı paytaxt və qonşu zonalarda cəmləndikdə, bir qayda olaraq, digər rayonlar zəif inkişaf edirlər:

«Bakı istisna olmaqla Azərbaycanın regionlarında əhalinin bank sisteminə cəlb edilmiş əmanəti 6 faizdir. Regionlara verilən kreditlər isə 15 faizi əhatə edir. Əgər ölkədə 7 milyard manata yaxın vergi toplanırsa və bunun cəmi 600 milyon manatı regionların payına düşürsə, bu, rayonların daim geridə qalacağı deməkdir».

Müəllif rəsmi göstəricilərə istinadən xatırladır ki, ölkədə regionların inkişafı ilə bağlı dövlət proqramlarına 60 milyard manat vəsait qoyulub.

Yazıda vurğulanır ki, bu investisiyalar ciddi səmərə verməyib. Yeni iş yerləri yaranmır, vergi gəlirləri artmır, paytaxta axın davam edir.

Müəllif yazır ki, ölkənin dərinliklərində yaşayan, heç bir inkişaf perspektivi görməyən ölkə sakinləri qazanc əldə etməkdən ötrü paytaxta gəlməyi davam etdirirlər.

Villa
Villa

BAHALI VİLLALAR SATIŞA ÇIXARILIR…

«Yeni Müsavat» qəzetində «Oliqarxların milyonlarla manatlıq mülkləri: satan çoxalıb, alan yoxdur…» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, Bakının müxtəlif rayonlarında oliqarxlara məxsus bahalı mülklər var. Onların qiymətləri 1 milyondan 6 milyon manata qədər dəyişir. Mülklərdə 10-dan 20-yə qədər otaqlar var.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib ki, belə mülklərin satışa çıxarılması ilə bağlı elanların sayı artsa da, alıcı yoxdur.

Başqa bir ekspert Ramil Osmanlı da bahalı mülklərin satışında azalma olduğunu bildirir:

«Son vaxtlar bahalı əmlaklar üzrə təklifin artımı müşahidə olunur. Amma bahalı əmlaklara tələb çox aşağı səviyyədədir. Tələb və təklif arasında fərqin çox böyük olması, təbii ki, bu cür əmlakların ekspozisiya müddətini uzadır. Ötən illərlə müqayisədə bahalı əmlakların alqı-satqı əməliyyatlarındakı payı da çox azalıb».

Ekspertlərin fikirlərinə görə, bahalı mülklərin satışa çıxarılması sahibinin xərcləri ödəyə bilməməsi, kommunal tariflərin artması ilə bağlıdır:

«Çünki onların saxlanma xərcləri artır. Bəzi insanlar bu səbəblərdən öz bahalı mülklərini satışa çıxarırlar, eyni zamanda tələb aşağı düşür. Bu da təklifi artırır. Təklif artdıqca isə qiymətlər azalır».

Ekspertlər hesab edirlər ki, belə mülklərin alıcıları iş adamları ola bilər. Ancaq Azərbaycandakı iş adamlarının özlərinin çoxdan belə villaları var.

Yazıda həmin mülklərin tezliklə alıcı tapacağına şübhə edilir.

İ.Əliyev Cocuq Mərcanlıda
İ.Əliyev Cocuq Mərcanlıda

NÖVBƏTI UĞUR - COCUQ MƏRCANLI

«Azərbaycan» qəzetində «İlham Əliyev Qurtuluş salnaməsinin növbəti möhtəşəm uğuruna imza atdı» sərlövhəli məqalə dərc edilib.

Yazıda Cəbrayıl rayonun 13 il əvvəl işğaldan azad edilən Cocuq Mərcanlı kəndindəki tikinti, abadlıq işlərindən bəhs edilir.

Yazıda bildirilir ki, bu günlərdə adıçəkilən kəndə səfər edən dövlət başçısı orada görülən işlər barədə bunları deyib:

«Bu gün ölkəmizin həyatında əlamətdar gündür, tarixi gündür. Bu gün Cocuq Mərcanlı kəndinin bərpası günüdür. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır».

Prezident kənddə martın 22-də başlanan tikinti-abadlıq işlərinin mayın 20-də, yəni, iki aya tamamlandığını bildirir:

«Cəmi 2 ay ərzində kəndin bir hissəsi bərpa edildi. Birinci mərhələdə 50 ev, məktəb, tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib. Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Növbəti mərhələdə təqribən 100 əlavə ev, - bəlkə ondan da çox, - tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir».

Dövlət başçısının həmin səfəri 1993-cü il iyunun 15-də Heydər Əliyevin Milli Məclisin sədri seçilməsi ilə bağlı qeyd edilən Qurtuluş gününə təsadüf edib.

Həmin hadisəyə toxunan İ.Əliyev deyib ki, Heydər Əliyev müstəqilliyin ilk günlərindən Azərbaycanda rəhbərlikdə olsaydı, bir qarış torpaq belə işğal altına düşməzdi.

XS
SM
MD
LG