Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:01

Moldovadan qovulan rusiyalı diplomatlar döyüşçü toplayırmışlar


Kişinyovda Rusiya səfirliyi
Kişinyovda Rusiya səfirliyi

Ötən ay Moldovadan qovulmuş beş rusiyalı diplomat qonşu Ukraynada hökumət qüvvələriylə savaşmağa döyüşçü toplayırmış. Moldovanın kəşfiyyat orqanları belə düşünürlər. Bu haqda «Reuters» informasiya agentliyi hökumət və diplomatik mənbələrə istinadla yazır.

Moldova diplomatları mayın 29-da ölkədən çıxarıb. Qərar izah olunmasa da, baş nazir Pavel Filip deyib ki, hökumətin buna «əsaslandırılmış» səbəbləri var.

Mənbələrin bildirməsinə görə, həmin beş diplomat Rusiyanın hərbi kəşfiyyat idarəsi olan GRU-nun gizli zabitləri kimi çalışıblar. Moldova rəsmiləri onların Qaqauziyadan döyüşçü topladığına inanır. Etnik türklərin məskunlaşdığı Qaqauziya Moldovanın cənubunda muxtar regiondur, rusiyapərəstdir və Avropa Birliyi ilə sıx inteqrasiyaya qarşı çıxır.

Mənbələr anonim danışıblar, diplomatların döyüşçüləri necə cəlb etdiyini açıqlamayıblar, neçə döyüşçünün toplandığını da deməyiblər.

«DEDİ-QODU»

«Reuters» bu iddiaları ayrıca təsdiqlədə bilməyib.

Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin iddiaları «dedi-qodu» adlandırıb, faktlarla əsaslandırılmadığını söyləyib.

Grigory Karasin
Grigory Karasin

«Kimsə qəsdən təbliğat dalğası yayır. Diplomatlar rəsmi vəzifələrini icra ediblər», – Karasin RIA xəbər agentliyinə deyib.

«Reuters» Rusiya Müdafiə Nazirliyindən də açıqlama ala bilməyib.

Moldova Xarici İşlər Nazirliyinin sözçüsü də açıqlama verməyib.

Ukraynanın şərqində hökumət qüvvələriylə rusiyapərəst separatçıların münaqişəsində 10 mindən çox adam həlak olub. Konflikt 2014-cü ildə, Moskva Krım yarımadasını ilhaq edəndən başlayıb. Moskva siyasi baxımdan separatçıları dəstəkləsə də, onları silahlandırmadığını, yaxud döyüşçü göndərmədiyini deyir.

DÖYÜŞÇÜLƏR HARDA TƏLİM KEÇİRLƏR

Moldova kəşfiyyat rəsmilərinin fikrincə, Qaqauziyadan cəlb olunan döyüşçülər Rusiyanın cənubundakı Rostov regionunda təlim düşərgəsinə göndəriliblər. Mənbələr düşərgənin adını çəkməyiblər. Ancaq «Reuters» yazır ki, Rusiya Rostovda azı iki hərbi düşərgədən istifadə edir, burada könüllülərə təlim keçir, onlar daha sonra Ukraynanın şərqinə vuruşmağa göndərilirlər.

«Reuters» və Rusiya media orqanları bu haqda informasiya toplayıblar. Rusiya artilleriyasının keçmiş üzvü «Reuters»ə demişdi ki, 2014-cü ildə Rostovdakı Kuzminski atıcılıq poliqonundakı Rusiya mövqeləri yaxınlığındakı düşərgədə kamuflyajda təxminən 200 nəfər görüb. Bu, Ukraynanın şərqində qızğın döyüşlər zamanı baş verib.

Separatçılar
Separatçılar

Gazeta.ru-nun yazdığına görə, Ukraynaya göndərilən döyüşçülər Rostovdakı Kadamovski poliqonunda da təlim keçirlər.

MƏLUMATI SBU ÇATDIRIB

Mənbələr «Reuters»ə deyiblər ki, Ukraynanın şərqində qaqauz döyüşçülərin savaşması barədə məlumatı Moldova hakimiyyətinin diqqətinə Ukraynanın SBU dövlət təhlükəsizlik xidməti çatdırıb.

Bundan sonra Moldova hakimiyyəti münaqişədən qayıdan döyüşçülərin izinə düşüb, bəziləri sonradan informatora çevriliblər.

SBU-dan «Reuters»ə hər hansı əlavə şərh verməyiblər.

Moldova hökuməti qərbpərəst siyasət yürütdüyündən, Rusiyayla münasibətlər pisləşib. Kişinyov 2014-cü ildə Avropa Birliyi ilə ticarət və siyasi razılaşma imzalayandan sonra Rusiya Moldovadan idxalı dayandırıb.

Ancaq Rusiya Qaqauziya ilə birbaşa əlaqələr yaradıb.

XS
SM
MD
LG