Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 19:32

“Deputat Elman Nəsirovun Əfqan Muxtarlının guya Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilisidə tutularaq gətirilməsi barədə mediaya verdiyi informasiyalar həqiqəti əks etdirmir”.

Baş Prokurorluğun iyunun 13-də yaydığı bəyanatda belə yazılır.

Prokurorluq bəyan edir ki, Azərbaycan hüquq mühafizə orqanları Gürcüstan xüsusi xidmət orqanları ilə Ə.Muxtarlının tutulması ilə bağlı əməkdaşlıq etməyib.

Buna da bax:​ Gürcüstan Döövlət Təhlükəsizlik Xidməti azərbaycanlı deputatı təkzib elədi

“Bu barədə Gürcüstan tərəfinə hər hansı müraciət olunmayıb”, – bəyanatda bildirilir.

Prokurorluq qeyd edir ki, Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Balakən rayonu ərazisində Azərbaycanın mühafizə olunan dövlət sərhədini keçərkən saxlanılıb. İddiaya görə, üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb və nəzarət-buraxılış məntəqələrindən kənarda qaçmağa cəhd edərkən onu Dövlət Sərhəd Xidmətinin əməkdaşları tutub.

“Ə.Muxtarlının xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Tbilisi şəhərində tutularaq Azərbaycan tərəfinə təhvil verilməsi barədə ayrı-ayrı kütləvi informasiya vasitələrində yayılan məlumatlar uydurma xarakter daşıyır və ictimai rəyi çaşdırmaq məqsədi güdür”, – bəyanatda bildirilir.

Buna da bax:​ Deputat: 'Əfqan Muxtarlı gətiriləndə burnumu qanayıb?'

Bəyanatda bu işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqın davam etdirildiyi vurğulanır.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov Azadlıq Radiosuna müsahibəsində jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı bunları demişdi.

“Hadisələrin təhlili onu göstərir ki, Əfqan Muxtarlı bir fiqurdur, böyük bir şəbəkənin tərkib hissəsidir. Daha böyük siyasi qüvvələr Gürcüstanda Əfqan Muxtarlı kimiləri toplayıblar, orda böyük maliyyədən, təşkilatlanmadan da söhbət gedir. Söhbət təkcə Əfqan Muxtarlıdan getsəydi, təbii ki, heç onun bu şəkildə həbsinə də ehtiyac qalmazdı. Həmin şəbəkə Azərbaycanda pozuculuq fəaliyyətini həyata keçirən Əfqan Muxtarlını təbii ki, qoruyur və çalışacaqdılar ki, onun Azərbaycana gətirilməsinin qarşısını alsınlar. Bu baxımdan, Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi-xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Bunun da özünəməxsus qaydaları, prinsipləri var…”, – deputat bildirmişdi.

Buna da bax:​ Dövlət Sərhəd Xidməti: '10 min avronu bir neçə dəfə sayıblar...'

Deputatı dərhal Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) də təkzib etmişdi. Qurumun rəsmi saytında yayımlanan bəyanatda yazılırdı ki, azərbaycanlı deputatın dedikləri həqiqətə uyğun deyil:

“Bəyan edirik ki, Əfqan Muxtarlının işində Gürcüstan Təhlükəsizlik Xidmətinin heç bir fəaliyyəti olmayıb. Araşdırmalar davam edir”.

Xatırlatma

Jurnalist Ə. Muxtarlı mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Buna da bax: Daşqın Ağalarlı: 'Bu boyda iki hadisəni heç vaxt üst-üstə törətməzlər'

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumları onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG