Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 23:19

Bakıdan 12 km aralıda vulkan püskürüb


Bu gün, iyunun 12-si səhər saat 7 radələrində Keyrəki palçıq vulkanında püskürmə baş verib. Vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın çəkib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3.5 hektara yaxın əraziyə yayılıb:

«Xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0.2-0.3 metr təşkil edib».

Keyrəki palçıq vulkanı Bakı şəhərindən 12 km şimalda yerləşir. Püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəymədiyi bildirilir:

«Vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb».

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri püskürmə və onun nəticələrini öyrənir. Müvafiq monitorinqlər həyata keçirilir.

Keyrəki palçıq vulkanı «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu»nun ərazisinə daxildir. Bu günədək vulkan 18 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG