Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 22:50

Bu gün, iyunun 9-u «Kanal 13» internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovun apellyasiya şikayətinə baxılıb.

Bu barədə onun vəkili Cavad Cavadov açıqlama yayıb.

Bu il iyunun 1-də Nəsimi rayon Məhkəməsi istintaq gedişində onun 4 aylıq həbsi ilə bağlı qərar verib. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib. Vəkil deyib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Ə.Orucovun özü də iştirak edib.

«Əziz Orucova verilən ittiham əsassızdır. Müəyyən qədər də gülüncdür. Əziz Orucov heç bir qrant müqaviləsinə qol çəkməyib. O, nə Qafqaz Media Təhqiqatları İctimai Birliyinə, nə də «Kanal 13» internet televiziyasına birbaşa rəhbərlik edib. O, həmin QHT-nin təsisçilərindən biri olub. Dediyim kimi, nə qarant müqaviləsi imzalayıb, nə də buna görə məsuliyyət daşıyıb. Bütün bunlara baxmayaraq, şikayət təmin edilmədi. Bu isə göstərir ki, onun həbsi «Kanal 13»ün fəaliyyəti ilə bağlıdır».

Vəkil deyib ki, onlar daxildə bütün prosedurları keçib bu məsələni Avropa İnsan Hüquqları Məhkəməsinə daşımaq niyyətindədirlər. Ancaq o ümid edir ki, heç buna ehtiyac olmayacaq, Ə.Orucov tezliklə azadlığa buraxılacaq.

XATIRLATMA

«Kanal 13» internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

«Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Qaraşoğlunun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Qaraşoğlu barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Qaraşoğlunun təsisçisi olduğu Qafqaz Media Təhqiqatları İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Nəsimi rayon Məhkəməsi Ə.Qaraşoğlu barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG