Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 18:16

'İnternetin sürəti inkişafdan xəbər vermir' - Media icmalı


Dollar

Azərbaycanın dünyadakı imici, dollara tələbatın azalmasının səbəbləri, internet məkanında inhisar və dövlət tənzimlənməsinin doğurduğu şərait bu gün (9 iyun, 2017-ci il) medianın aparıcı mövzusudur...

DOLLARA TƏLƏBAT AZALIB, MANAT MÖHKƏMLƏNMƏYİB

«Exo» qəzetində «Dollara marağın zəifləməsi heç də manatın güclənməsi demək deyil» sərlövhəli məqalə oxumaq olar. Ekspertlərdən Seyfəl Əliyev mövzunu qəzetə belə dəyərləndirib:

«Azərbaycan əhalisində dollara marağın zəifləməsi heç də manatın güclənməsi faktı kimi dəyərləndirilə bilməz. Odur ki, bundan da irəli gələrək yaxın vaxtlarda manatın güclənəcəyi kimi optimist bəyanatlarla çıxış etmək hələ çox tezdir. Son vaxtlar ölkənin valyuta bazarında müvəqqəti sabitləşmə baş verib».

S.Əliyevə görə, dollara tələbatın zəifləməsinin daha bir izahı odur ki, əhali əlindəki bütün ehtiyat manatı dollara dəyişib. Bu gün artıq maaşla yaşayan əhalinin dollar almağa heç nəyi yoxdur.

Müəllif daha sonra Hollandiya «ING Bankı»nın Azərbaycanın iqtisadiyyatı və manatı ilə bağlı proqnozlarını xatırladır:

«2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1.6 faiz artım göstərəcək. Azərbaycan manatının məzənnəsi güclənəcək və 2018-ci ildə dollar 1.59 manat həddində olacaq».

Yazıda güman edilir ki, qarşıdakı ildə manat nisbətən öz mövqeyini möhkəmləndirəcək.

İnternet
İnternet

İNHİSAR+ DÖVLƏT NƏZARƏTİ

«Novoye Vremya» qəzetində «Azərbaycanda internetə yeni maneələr» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif xatırladır ki, bu yaxınlarda Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan ərazisində telekommunikasiya xidmətlərinə görə tətbiq edilən müvəqqəti məhdudiyyətlərin başa çatdığını bildirib:

«Amma aydın deyil ki, bu məhdudiyyətlər nə zaman tətbiq edilmişdi. Çünki bu barədə nazirlik hər hansı açıqlama yaymayıb. Bununla belə, şəbəkədəki problemlərdən anlamaq olur ki, bu məhdudiyyətlər İslam Həmrəyliyi Oyunları öncəsi baş verib».

Müəllif hesab edir ki, hazırda internet ünsiyyətin əvəzolunmaz hissəsinə dönüb. Bəzən bir ölkənin cəlbediciliyi internetə əlçatımlığı ilə də ölçülür.

Müəllifin fikrincə, Oyunlar ərəfəsində mesencerlərin fəaliyyəti ilə bağlı baş verən problemlər heç də ölkəyə marağı artırmayıb.

Yazıda vurğulanır ki, indi dünyada informasiya texnologiyalarının inkişafına prioritet kimi baxılır. Müasir iqtisadiyyat bu və ya digər mənada internet-texnologiyanın inkişafı ilə bağlıdır.

Yazıda bildirilir ki, indinin özündə belə, ölkədə internet sahəsində durum sevindirici deyil. Müəllifə görə, internetin sürəti inkişafdan xəbər vermir. 2015-ci ildə ölkədə internetə giriş sürəti 3.6 Mbit/s olub. Halbuki, dünya üzrə bu göstərici 5.6 Mbit/s-dir.

Yazıda bildirilir ki, ölkənin ən tanınmış internet-provayderinin istifadə etdiyi infrastruktur beynəlxalq standartlara cavab vermir. Odur ki, kanalın buraxılış qabiliyyəti olduqca aşağıdır, istifadəçi çoxluğu isə artıq bu sürətlə problemə dönür.

Müəllifin fikrincə, ölkədə internetin inkişafını qarşısını alan daha bir maneə inhisardır. Üstəlik, indi bu prosesə dövlət tənzimlənməsi də əlavə edilib.

H.Rouhani, İ.Əliyev və V.Putin
H.Rouhani, İ.Əliyev və V.Putin

ETİBARLI TƏRƏFDAŞ İMİCİ

«Azərbaycan» qəzetində «Azərbaycan qlobal məkanda etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirib» sərlövhəli məqalə dərc edilib.

Yazıda bildirilir ki, son illər Azərbaycan qlobal məkanda davamlı inkişaf edən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini möhkəmləndirib.

Yazıda vurğulanır ki, ölkə öz enerji müstəqilliyini təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Bu mənada Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasından ötrü dayaq nöqtəsi, ən perspektivli tərəfdaşdır:

«Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır. Konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional, qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür».

Müəllif hesab edir ki, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların təhlükəsiz yaşayışı həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir:

«Ölkənin yaxın gələcək üçün inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, keçilən yolun nəzəri və praktiki prizmadan araşdırılması zərurəti həm də onunla şərtlənir ki, respublikamız keçid dövründən modernləşmə mərhələsinə uğurla transformasiya edib».

Müəllif vurğulayır ki, yeridilən daxili və xarici siyasət İlham Əliyevin çoxşaxəli fəaliyyətində milli mənafe və maraq amilinin hər zaman öndə olduğunu göstərir. Bütün məsələlərdə ilk növbədə xalqın milli maraqları əsas götürülür.

Günün bütün mövzuları

XS
SM
MD
LG