Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:28

«Nyu-York məhkəməsinin ardınca London məhkəməsi də Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin və hüquqlarının xarici kreditorların iddia tələblərindən qorunması ilə bağlı müsbət qərar qəbul edib».

ABB-nın iyunun 7-si yaydığı açıqlamada belə yazılır.

Qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.

«ABB-nin bir sıra xarici maliyyə institutlarından cəlb etdiyi xarici valyutada borcların, bu plana uyğun olaraq, birbaşa dövlətə ötürülməsi nəzərdə tutulur. Bu proses bankın yalnız xarici öhdəliklərini əhatə edir. Bütün digər öhdəliklər, o cümlədən Azərbaycan vətəndaşlarının, hüquqi şəxslərin, digər qeyri-rezidentlərin milli, xarici valyutada qorunan, qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatlar isə əvvəlki rejimdə həyata keçirilir», - deyə məlumatda vurğulanır.

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) ötən ay 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.

Verilən məlumata görə, ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Mayın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub. Belə variantlardan biri borcun 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilməsidir. Üstəlik, 20 faiz borcun silinməsindən söhbət gedir.

ABB-nin kreditorlarının təklif edilən plandan narazı qaldığı bildirilir.

ABB-nin İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG