Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

'İpoteka ilə alınmış mənzillər geri qaytarılır' - Media icmalı


İpoteka. Foto illüstrasiya
İpoteka. Foto illüstrasiya

Ölkədə sənayenin inkişafı, neftin qeyri-müəyyən gələcəyi və ipoteka ilə alınmış mənzillərin geri qaytarılması bu gün (06 iyun, 2017-ci il) medianın aparıcı mövzusudur...

ƏLVİDA İPOTEKA...

«Marja» saytında «Bakı və Xırdalanda ipoteka krediti ilə alınmış mənzillər ya şirkətə geri qaytarılır ya da satışa çıxardılır» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, əmlak saytlarında ipotekada olan mənzillərin satış elanları kəskin artıb. Səbəb maddi vəziyyəti pisləşən ailələrin aylıq kredit borclarını ödəyə bilməmələridir.

Yeni təhvil verilmiş yaşayış komplekslərinin sakinləri bildirirlər ki, mənzillər boşalır. Son iki ayda mənzilindən imtina edənlərin sayı kəskin artıb.

«Manatın devalvasiyalarına qədər, sonra tikinti şirkətləri Azərbaycan Beynəlxalq Bankının ilkin ödənişsiz və ya 10 faiz ilkin ödənişli 20 illik ipoteka ilə xeyli mənzillər satmışdılar. Bu gün isə gəlirləri azalan bir çox ailələr krediti ödəməkdə çətinlik çəkirlər. Vəziyyətin pisləşdiyini görən Beynəlxalq Bank ipotekanın bir addan digər ada rəsmiləşdirilməsinə icazə verib. Yəni, borcunu ödəyə bilməyəcəyini görən alıcı mənzili başqasına təklif edə bilir. Bu halda satıcı satışa qədər banka ödədiklərini alıcıdan alır. Həmçinin, qalan aylıq ödənişləri də yeni alıcı banka ödəyəcək».

Yazıda vurğulanır ki, ipoteka ilə götürülmüş bəzi mənzillər isə tikinti şirkətlərinə qaytarılır.

Mənzil tikinti şirkətinə qaytarılan zaman alıcının cərimələndiyi (mənzilin dəyərinin 2 faizinə çatan dəbbə pulu) bildirilir.

Üstəlik, MTK-ya dəymiş ziyan və digər məsrəflər alıcıdan tutulur:

«Mənzilin başqa bir şəxsə satışından əldə edilmiş vəsaitdən bütün məsrəflər çıxılır, sonra alıcının ötən müddət ərzində MTK-ya və ya banka ödədiyi vəsait qaytarılır».

Yazıda bildirilir ki, bank ilə alıcı arasında bağlanmış müqaviləyə görə, alınan mənzil girova qoyulur. İpoteka krediti üzrə aylıq ödəniş 90 gün gecikdiyi zaman mənzil üzrə bütün hüquqlar banka keçir və mənzil satışa çıxarılır.

Yazıda ipoteka şərtlərinin ağırlığından da bəhs edilir. Müəllif yazır ki, indi 20-25 ilədək ipoteka ilə təklif edilən 3-otaqlı mənzilin ilkin ödənişinə yeni binada 2-otaqlı mənzil almaq olar.

Xəzərdə neft platforması
Xəzərdə neft platforması

NEFTƏ GÜVƏNMƏK OLMAZ

«Novoye Vremya» qəzetində «Neft Azərbaycan iqtisadiyyatını xilas edə bilmir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, dünya bazarında neftin bir barreli 50 dollar civarındadır. Qışın bitməsi, ABŞ-da neft hasilatının artması və yeni neft yataqları axtarışına qoyulan qadağaların qaldırılması qiymət artımına imkan vermir.

Müəllif neftin qiymətinin 50 dollardan da aşağı düşə biləcəyini istisna etmir.

Ekspert İlham Şaban da deyib ki, getdikcə Azərbaycanda hasilat aşağı düşür:

«Gələcəkdə isə bizi təbii şəkildə neft hasilatının daha da azalması gözləyir. İstisna edilmir ki, neft hasilatı gündəlik 20 min barrel azalacaq».

Ekspert deyib ki, son illər Azərbaycanda iri ehtiyatlara malik bir dənə də olsa yataq kəşf edilməyib. Bu səbəbdən də ölkədə neft hasilatı azalır:

«Yataqlar boşalır və 2050-60-cı illərdə Azərbaycanda enerji erasının sonu ola bilər».

Yazıda bildirilir ki, ölkə ixracının 90 faizini neft-qaz məhsulları tutur. Müəllifin fikrincə, ölkə iqtisadiyyatının hələ də neftdən asılılığı davam etdiyi halda «qara qızıl»ın qiymətində və hasilatda azalma ağır nəticələr verə bilər.

Müəllif hesab edir ki, iqtisadi inkişafı təmin etməkdən ötrü real islahatlar başlanmalıdır.

Gəncə Avtomobil Zavodu
Gəncə Avtomobil Zavodu

SƏNAYELƏŞMƏNİN YENİ İNKİŞAF MƏRHƏLƏSİ

«Azərbaycan» qəzetində isə «Sənayenin modernləşməsi uğurla gedir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, strateji hədəflərin düzgün müəyyən olunması inkişafın davamlılığını təmin edən başlıca amillərdən biridir. Dünyada iqtisadi problemlərin dərinləşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi bunun sübutudur.

Müəllif vurğulayır ki, bu mənada ölkə rəhbərliyi uğurlu iqtisadi inkişaf yolu seçib:

«Bu baxımdan, prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti ilə yeni inkişaf mərhələsinin başlanğıcında olan Azərbaycan bəzi dövlətlərdən fərqli olaraq özünün növbəti uğurlu inkişaf modelini seçdi. Milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini, iqtisadi təhlükəsizliyini təmin edən Azərbaycan dövləti dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirdi».

Müəllif hesab edir ki, yeni islahatlar çərçivəsində çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul edildi.

Müəllifə görə, bu qərarlar bütün ölkəboyu sənayenin inkişafına səbəb oldu. Hər bir rayonda sənaye zonasının yaradılması, ənənəvi ixrac bazarlarına daha geniş çeşiddə məhsulların çıxarılması bundan irəli gələn məsələlərdir.

Yazıda bildirilir ki, sənaye parklarının yaradılması ölkənin qeyri-neft sektorunun inkişafı, regionlarda məşğulluğun təmini baxımdan vacibdir.

XS
SM
MD
LG