Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 06:36

Güzəştli mənzil istəyənlərin qeydiyyatı başlayır


Mənzil

Mayın 30-dan güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qeydiyyatı başlayacaq.

Bu barədə Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) saytında xəbər verilib.

MİDA bildirilir ki, prezident mayın 24-ü «Güzəştli mənzil» sistemi haqqında Əsasnaməni təsdiq edib.

«Güzəştli mənzil» sistemi «Elektron hökumət» portalında yaradılıb.

Güzəştli mənzilin əldə edilməsindən ötrü müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq.

Vətəndaşlar elektron imzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya «ASAN xidmət» mərkəzlərindən əldə edə bilərlər.

Dövlət başçısı İlham Əliyev ötən il aprelin 11-də «Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılması və fəaliyyətinin təşkili haqqında» Fərman imzalayıb.

Prezidentin fərmanı ilə MİDA-nın əsasnaməsi və onun strukturu təsdiq edilib. Agentliyin tabeliyində «MİDA» Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Rəsmilər bildiriblər ki, ölkədə 2 minə qədər sosial mənzil tikiləcək. Artıq bu proses başlayıb.

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin bildirməsinə görə, əsas güzəşt ondan ibarətdir ki, mənzillər tam təmirli olmaqla, orta bazar qiymətindən aşağı satılacaq.

MƏNZİLİ KİMLƏR ALA BİLƏCƏK

Bu hüquq güzəştli ipoteka kreditindən yararlana bilən gənc ailə üzvü olanlara verilir. Söhbət bu şəxslərdən gedir:

1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları).

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları).

3. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs.

Bundan başqa, ən azı, 3 il dövlət qulluğunda çalışan, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən, fəlsəfə doktoru elmi dərəcəsi və idman sahəsində xüsusi xidmətləri olan şəxs bu imkandan yararlana bilər.

Habelə, ən azı 3 il hərbi xidmətdə olan ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular da belə mənzillər ala bilər. Üstəlik, bu siyahıya ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən şəxslər də düşür.

Güzəştli mənzildə ilkin ödənişin 10 faiz olacağı bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG