Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:25

Dövlətin pulunu özününkü kimi xərcləyənləri ağır cəzalar gözləyir


"Ümid". Şerif. Karikatura.
"Ümid". Şerif. Karikatura.

Mayın 22-dən dövlət qurumlarında ictimai vəsaitlər hesabına təşkil olunan satınalmalarda yol veriləcək nöqsanlara və qanun pozuntularına görə vəzifəli şəxsləri cinayət təqibi və inzibati cəzalar gözləyir.

Ötən şənbə günü – mayın 20-də «Dövlət satınalmaları haqqında» qanunun pozulmasına görə Cinayət Məcəlləsində (CM) və İnzibati Xətalar Məcəlləsində məsuliyyət növünü müəyyən edən maddələr qüvvəyə minib.

Buna da bax:​ İqtisadçı: ‘Satınalmalardan korrupsiya iyi gəlir’

Metodu dəyişmək baha başa gələcək

CM-ə 308-2-ci maddə (satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə) əlavə edilib. Cəzalar malların və işlərin alınması tenderlə gerçəkləşməli olduğu halda, digər metodlardan istifadə olunduğu hallarda tətbiq olunacaq. Məhkəmə cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 3 mislinədək cərimə edilməklə, 3 ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə barədə qərar çıxara bilər. Məhkəmə qanunu pozan şəxsləri 2 ilədək azadlıqdan da məhrum edə biləcək.

Tender metodunu yan keçməkdən ötrü satınalmanı ayrı-ayrı müqavilələrə bölməyə görə də eyni cəza növləri müəyyən edilib.

Buna da bax:​ Ekspert: 'Dövlət büdcəsi sağmal inək deyil'

Hesablama Palatasının 2016-cı il üzrə Fəaliyyət Hesabatında deyilir ki, ötən il baş tutmuş satınalmalar gedişində 103,9 milyon manatlıq müqavilə satınalma metodları tətbiq edilmədən bağlanıb. Bundan başqa 15,1 milyon manat təsdiqlənmiş məbləğ, ayrı-ayrı müqavilələrə bölünməklə yerinə yetirilib. Söhbət tender metodunun tətbiqini nəzərdə tutan 50 min manatlıq həddən gedir. Bir çox dövlət təşkilatları tender təşkil etməməkdən ötrü il ərzində bir neçə kotirovka sorğusu (50 min manatdan aşağı satınalmalar) keçirirlər.

Buna da bax: Binəsib uşaqlar da məmur biznesinə çevriləndə [araşdırma]

«Özüylə» müqavilə?

Qanun satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin və podratçıların həmin təşkilatın satınalma prosedurlarında iştirakını yasaqlayır. AzadlıqRadiosu-nun «Binəsib uşaqlar da məmur biznesinə çevriləndə» adlı jurnalist araşdırması belə halların heç də az olmadığını ortaya qoyub. Gənclər və İdman Nazirliyi yanında Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi bir neçə yüz min manatlıq dövlət vəsaitini həmin qurumun rəhbəri və işçisinə aid QHT və şirkət vasitəsilə xərcləyib. Cinayət Məcəlləsinə edilən son əlavəyə əsasən, məhkəmə bu halda da yuxarıdakı cəza növlərini tətbiq edə bilər. İşdir, 308-2-ci maddədə göstərilən cinayət nəticəsində dövlətə külli miqdarda (250 min manatdan yuxarı) ziyan dəyibsə, cərimə ziyanın 3 mislindən 4 mislinədək, həbs cəzası isə 2 ildən 4 ilədək ola bilər.

Palata «kiminlə gəldi» müqavilə bağlandığını bildirir

İnzibati Xətalar Məcəlləsinə də analoji pozuntulara görə məsuliyyət növü daxil edilib. Satınalmalar gedişində qanunu pozan vəzifəli şəxsləri 3 min manatdan 6 min manatadək cərimə gözləyir. Eyni cərimə sanksiyası tender təklifinin qanunsuz kənarlaşdırılmasına və qanunun tələblərini pozmaqla hər-hansı şirkəti qalib elan etməyə görə də nəzərdə tutulub.

Buna da bax: Referendum bildirişi 100 dollarlıq pul qiymətinə çap olunub - Azərbaycanda

Dövlət satınalmalarında geniş yayılmış pozuntulardan biri də iştirakçıların ixtisas uyğunluğu tələbinə əməl olunmamasıdır. Bir çox hallarda heç bir təcrübəsi olmayan şirkətlər dövlət satınalmalarında qalib gəlirlər. Hesablama Palatası 2016-cı ildə 107 halda qalib podratçıların ixtisas göstəricilərinin təyin olunması və qiymətləndirilməsi tələblərinə əməl olunmadığını aşkarlayıb. İXM-ə 445-1.3-cü maddə əlavə olunub. Malgöndərənin və ya podratçının ixtisasına dair qanundan kənar tələblərin qoyulmasına və qanuni meyarlara uyğun gəlməyən təşkilata dəvətin göndərilməsi və müqavilənin bağlanılmasına görə vəzifəli şəxslər 2 min manatdan 3 min manatadək məbləğdə cərimələnəcək.

Hesablama Palatasının başqa bir təhlili üzə çıxarıb ki, 2016-cı ildə 73 halda tender, təkliflər və kotirovka sorğuları barədə elanlar və onların nəticələri açıqlanmayıb, eləcə də tender.gov.az internet səhifəsində tələb olunan vaxtda və ya heç yerləşdirilməyib. Məcəllədə bu kimi hallara görə də cərimələr var. Bu hallarda, o cümlədən, iştirakçıların maliyyə durumu haqda sənədlərin və tender təklifinin təminatının satınalan təşkilat tərəfindən alınmamasına görə vəzifəli şəxsləri bir min 500 manatdan 2 min manatadək məbləğdə cərimə gözləyir. Təkcə 2016-cı ildə 118 halda tenderdə iştirak haqqı alınmayıb, 171 halda isə iddiaçı kimi çıxış edən podratçıların maliyyə durumu barədə bank sənədini almaq «unudulub».

Buna da bax:​ 'Yunan allahları'nın Azərbaycan hökuməti ilə müəmmalı biznesi [2-ci yazı]

Məcəlləyə daha bir dəyişiklik də olmalıdır

Hələlik, inzibati cərimə sanksiyalarının nə zaman tətbiqinə başlanacağı bəlli deyil. Səbəb isə budur ki, pozuntulara görə cəriməni tətbiq edəcək inzibati orqan müəyyən edilməyib.

Bunun üçün İnzibati Xətalar Məcəlləsinə əlavə edilməlidir. Bunu AzadlıqRadiosu-na Satınalmalar sahəsində dövlət siyasətini aparan İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətindən deyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG