Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:39

Aksiyada tutulan məcburi köçkünlərin həbsi artırıldı


Azərbaycanda etiraz aksiyası (arxiv fotosu)

Bu gün, mayın 11-i Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Biləsuvar rayonun qəsəbələrində keçirilən etiraz aksiyasında saxlanan köçkünlərdən 4-nün həbs müddəti daha bir ay uzadılıb.

İstintaq qurumu məcburi köçkünlərin həbs müddətinin 1 aylığa uzadılması ilə bağlı məhkəməyə təqdimat verib.

Təqdimata hakim Babək Pənahovun sədrliyi ilə baxılıb. Müdafiə tərəfi həbs müddətinin uzadılmasından imtina olunmasını istəsə də, məhkəmə istintaq qurumunun təqdimatını əsas götürüb.

Buna da bax:​ Aksiyaçı köçkün azadlığa buraxılmadı

Həbsdəki məcburi köçkünlərin - Gülağa Əliməmmədov, Cəlal Quliyev, İlkin İsgəndərovZaur Feyruzlunun həbs müddəti iyunun 12-nə kimi uzadılıb. Həmin hadisələr zamanı saxlanan başqa bir köçkün - Ülvi Quliyevin həbs müddətinin başa çatıb-çatmadığını dəqiqləşdirmək mümkün olmayıb.

Məcburi köçkünlərin vəkillərindən Elçin Sadıqov Azadlıq Radiosuna qərarla razılaşmadıqlarını, apellyasiya şikayəti verəcəklərini bildirib.

XATIRLATMA

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, qəsəbələrdə qaz olmadığından işıqların sönməsi qışda çıxılmaz durum yaradır. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Buna da bax: 'Biləsuvardakı aksiyada həbs edilənlərin vəkilə ehtiyacı var'

Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı 3 nəfərin saxlandığı bildirilirdi. Məlumatda qeyd edilirdi ki, Cəlal Quliyev, Zaur Feyruzlu və Gülağa Əliməmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daha sonra Ülvi Quliyev və İlkin İsgəndərovun də həbs olunduğu bildirilirdi.

Onlar CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.

Buna da bax:​ 'Prezidentin qərarını saymırsınız?' - deyə köçkünlər etiraz edir

Rəsmi məlumatda o da vurğulanırdı ki, 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 1 xidməti avtomobilin şüşələri sınıb. Ancaq köçkünlər Azadlıq Radiosuna bildirmişdilər ki, polislərin xəsarət alması ilə bağlı məlumatlar şişirdilib.

Əksinə aksiya iştirakçılarına fiziki güc tətbiq edilib. Aksiyadan bir qədər sonra qəsəbələrə mavi yanacaq çəkilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG