Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:00

Həbsdəki ilahiyyatçı Sərdar Babayevin (Hacıhəsənli) cinayət işi məhkəməyə gedir. İstintaq artıq, yekunlaşıb.

Bu barədə onun vəkili Cavad Cavadlı məlumat verib.

Vəkilin bildirdiyinə görə, Masallı rayon Polis Şöbəsində S.Babayevlə birlikdə cinayət işinin materialları ilə tanış olub.

“İş artıq, məhkəməyə göndərilir. Elan olunmuş ittiham olduğu kimi qalır. Onu Cinayət Məcəlləsinin 168-1.1.3 maddəsi ilə, yəni xaricdə təhsil almış şəxs olaraq Masallı şəhər Məscidində cümə namazına rəhbərlik etməkdə, cümə xütbəsi söyləməkdə ittiham edirlər. Rəsmi ittiham belədir”, vəkil qeyd edib.

Cavad Cavadov
Cavad Cavadov

Vəkil cinayət işi materialları ilə tanışlıq zamanı bəzi detalların onlara bəlli olduğunu ifadə edib. Onun sözlərinə görə, Masallı şəhər inzibati ərazi üzrə nümayəndəsi S.Babayev barəsində qərəzli xasiyyətnamə verib.

“Polis Şöbəsinə təqdim olunmuş xasiyyətnamədə Sərdar Babayevin qeyri rəsmi olaraq dini mərasimlərə, ayinlərə rəhbərlik etməsi, xütbə və moizələrində İran İslam respublikasının siyasi, dini rejimini təbliğ etməsi göstərilir”.

Vəkilin sözlərinə görə, S. Babayevin bütün xütbələri və çıxışları internet resurslarında yerləşdirilib. İstintaq orqanı da onun çıxışlarını incələyib. Vəkilin gəldiyi nəticəyə görə,hər hansı qanun pozuntusu aşkar edilməyib.

C.Cavadlı müdafiə etdiyi şəxsin qərəzli xasiyyətnaməyə görə Masallı şəhər inzibati ərazi üzrə nümayəndəsini məhkəməyə verəcəyini bildirib.

XATIRLATMA

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir. S.Babayevə dəfələrlə Masallı rayonundakı məscidə gedib xütbə oxumaması haqqında xəbərdarlıq verilib. Ancaq o, bu xəbərdarlığı eşitməyib.

Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb.

S.Babayev həbs edilərkən rayonda bəzi dindar kəsimdən olan insanlar bunu etirazlarla qarşılayıblar. Nəticədə daha bir neçə şəxs saxlanaraq inzibati qaydada cərimələnib.

Yerli sakinlərin AzadlıqRadiosuna bildirməsinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.

Üstəlik, parlamentdə mövcud qanunvericilikdə sözü gedən məhdudiyyətin aradan qaldırılması ilə bağlı müzakirələr başlayıb. Yeni təklif edilən layihəyə görə, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG