Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:38

İlham Əliyev: 'Azərbaycanda bütün azadlıqlar təmin edilib'


İlham Əliyevin Gabriella Battaini-Dragoni ilə görüşü. 05may2017

“Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır. Bu Forum Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi yüksək dəyərin göstəricisidir”.

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılan Avropa Şurası baş katibinin müavini Gabriella Battaini-Dragoni qəbul edən prezident İlham Əliyev belə deyib.

President.az-ın xəbərinə görə, O, Avropa Şurasının Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini, əlaqələri daha da möhkəmləndirmək istədiklərini vurğulayıb.

Buna da bax:​ Prezident: 'Azərbaycan islamofobiya ilə mübarizənin önündədir'

“Azərbaycan Avropa Şurasının çox mühüm üzvlərindən biridir. Azərbaycan ilə əməkdaşlıq bizim üçün çox faydalıdır”, Gabriella Battaini-Dragoni, bildirib.

Prezident də deyib ki, Azərbaycan Avropa Şurası ilə konstruktiv əməkdaşlığı davam etdirmək istəyir.

İ.Əliyev həmçinin, bildirib ki, Azərbaycan demokratik, dünyəvi, müasir dövlət qurur və bununla bağlı bütün tədbirləri həyata keçirir. “Azərbaycanda bütün azadlıqlar, o cümlədən siyasi, ifadə, sərbəst toplaşma, mətbuat və internet azadlıqları hərtərəfli təmin edilib”.

Buna da bax: Avropa Şurasının elçisi: 'İfadə azadlığı önəmlidir'

Ancaq Azərbaycanda bəzi ekspertlər deyillər ki, hakimiyyət rəsmilərinin beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərdə səsləndirdiyi fikirlərlə, ölkə daxilində aparılan siyasət bir qayda olaraq üst-üstə düşmür. Prezident internet azadlığından danışır, ancaq bu günlər Rabitə, Nəqliyyat və İnformasiya Texnologiyaları Nazirliyi Baş Prokurorluğun məktubu əsasında bir sıra saytları bloklayıb. Üstəlik, hazırda 10-dan çox jurnalist və bloqqerin həbsdə olduğu bildirilir.

Xatırlatma

Gabriella Battaini-Dragoni bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edərək təmsil etdiyi qurumun prioritetlərindən danışmışdı.

Buna da bax:​ Forumun rəsmi açılışı olub

“Avropa ölkələri bir neçə amilə xüsusi diqqət yetirir. Müstəqil məhkəmələrin mövcudluğu vacibdir. İkincisi, ifadə azadlığı önəmlidir. Üçüncüsü, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır”, deyə Avropa Şurasının elçisi Azərbaycan prezidentinin də qatıldığı mərasimdə xüsusi vurğulamışdı.

Mayın 5-i Bakıda «Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar» mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanda 2011-ci ildən etibarən iki ildən bir keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG