Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 04:54

Deputatların etika qanunu ilk oxunuşdan keçdi


Milli Məclis

Mayın 2-də «Milli Məclis deputatının etik davranış qaydaları haqqında» Qanun layihəsi müzakirə edilib.

Qanun layihəsini parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

APA-nın xəbərinə görə, o bildirib ki, deputatların etik davranış qaydaları ilə bağlı qanun layihəsinin hazırlanması Konstitusiyanın tələbidir.

Ötən il keçirilən referendumda Konstitusiyada deputatın etik davranış qaydalarının qanunla müəyyən edilməli olması göstərilib.

Qanun layihəsi 13 maddədən ibarətdir. Qanuna görə, deputatlar başqalarının işgüzar nüfuzuna hörmət etməli, fəaliyyətində qərəzsiz olmalı, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, güzəştlərdən imtina etməli, hədiyyə almamalıdır.

Qanun layihəsi deputatların başqa həmkarlarının əvəzinə səs verməsini də qadağan edir. Onların üzərinə münaqişələrdən çəkinmək, öz mövqeyini hədə, təhdid və digər zorakı hərəkətlərlə bildirməmək kimi vəzifələr qoyur.

«MƏHKƏMƏNİN SƏLAHİYYƏTLƏRİ MƏNİMSƏNİLİR»

Layihəyə əsasən, etik qaydaların pozulmasına görə deputatlıq statusuna xitam verilə bilər.

Zahid Oruc
Zahid Oruc

Zahid Oruc deyib ki, deputat mandatını parlamentdə itirəcəksə, deməli, məhkəmənin səlahiyyətləri mənimsənilir: «Biz məhkəmənin qərarı ilə fəaliyyətə başlamışıq, parlamentin qərarı ilə necə mandat itirə bilərik?».

Deputat bu halın parlamentin nüfuzuna zərər gətirəcəyini bildirib.

Tahir Kərimli də layihəyə etiraz edib. O, ən yumşaq halda qanun layihəsinin 5, 6, 10 və 11-ci maddələrinin dəyişdirilməsini istəyib. Bu layihələr deputatın fəaliyyəti, mandatdan məhrum edilməsi, kobud pozuntulara görə xəbərdarlıq və hədiyyələr almaqla bağlıdır. «Biz indi necə bilək ki, hansı hərəkətimiz pozuntudur, hansı yox», - deyə T. Kərimli sual edib.

«DEPUTATIN FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILACAQ»

Deputat Fazil Mustafa da qanun layihəsinə etirazını bildirib. O vurğulayıb ki, qanunun qəbulu ilə deputatın fəaliyyəti məhdudlaşdırılacaq.

Bir çox deputatlar isə layihəyə tərəfdar olub.

Spiker Oqtay Əsədov da bildirib ki, qanun layihəsi üzərində yenidən işləmək lazımdır: «Bəzi maddələr bir qədər yumşaldılmalı, bəzi təkliflər ikinci oxunuşda nəzərə alınmalıdır».

Deputatlar qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG