Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:32

Həbsdəki gənc fəal ona əməkdaşlıq təklifi edildiyini deyib


İlkin Rüstəmzadə

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndələrinin ona təzyiq göstərdiyini açıqlayıb.

Bu haqda gənc fəal hərəkat yoldaşı Ülvi Həsənliyə telefonla məlumat verib.

Ü.Həsənlinin deməsinə görə, İ.Rüstəmzadə ona bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələri onlara işləməyi tələb ediblər.

«Dünən (aprelin 30-u) İlkin Rüstəmzadə ilə danışdım. O xahiş etdi ki, onun sözlərini olduğu kimi çatdırım. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları bir neçə dəfə onun yanına gələrək, onlarla əməkdaşlıq etməsini tələb ediblər. Ancaq o rədd edib. Sonuncu dəfə ona açıq şəkildə deyiblər ki, əgər imtina edərsə, həbsdən çıxmayacaq. «Burada sənə tibbi yardım göstərilməyəcək» deyiblər», - Ü.Həsənli bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən, hələlik, bu açıqlamaya münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının həbs edilən 8 üzvündən biridir. Gənclər kütləvi iğtişaşların təşkili, narkotik maddə və silah saxlamaq kimi ittihamlarla uzun müddətə həbs olunublar.

Onların həbsinə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyası təşkil etmələri səbəb göstərilir.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəni 8 il, Rəşad Həsənovu, Məmməd Əzizovu 7 il yarım, Bəxtiyar Quliyev və Üzeyir Məmmədlini 7 il, ən gənc fəal 17 yaşlı Şahin Novruzlunu isə 6 il azadlıqdan məhrum edib.

«Amnesty International» hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları «vicdan məhbusları» adlandırıb.

Sonradan İlkin Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG