Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:45

Meyvəni qapıdan alıb birbaşa Rusiyaya aparırdılar, heyf o günlərdən


Foto arxiv

"Meyvəni, tərəvəzi Quba bazarından alıb Siyəzən bazarında satırıq"

Siyəzənlilərin hektarlarla əkinə yararlı torpaqları var, ancaq istifadə edə bilmirlər

“Əkin sahələrini çirkab sularla suvarırıq, ona görə də məhsul götürə bilmirik. Susuzluq, pulsuzluq bizi kənd təsərrüfatından uzaq salıb".

Böyük Həmyə Siyəzənin mərkəzinə yaxın kəndlərdəndir. Kənd sakini Nazim Hacıyev deyir, kənddə suvarma suyu olmadığından əkin sahələrini arxlardan axan çirkab sularla suvarmağa məcburdurlar. Böyük həmyəlilər, əsasən meyvə, tərəvəz əkini ilə məşğul olurlar. Taxıl əkən də var.

Foto arxiv
Foto arxiv

“SUSUZLUQDAN ZƏRƏRƏ DÜŞDÜM”

Nazim Hacıyevin həm taxıl sahəsi, həm də həyətində çoxlu gilas ağacları var:

“Bir neçə dəfə taxıl əkdim, susuzluqdan zərərə düşdüm. Bu il də əkmişəm, görək necə olur. Həyətdə 200-ə yaxın gilas ağacı var. Çox idi, qışda istilik olmadığından yarısını qırıb odun kimi istifadə etdik, hardasa 200-ə yaxın qalıb. Ancaq vaxtında suvara bilmədiyim üçün ağaclar quruyur, bar vermir”.

Üstəlik də, ağacların dərmanlanması problemə çevrilib. Dərmanın qiyməti bahalaşıb. Nazim Hacıyev bundan əvvəl gilasdan mənfəət götürdüyü günləri də unuda bilmir:

"Vaxtlar vardı maşınlar gecədən düzülürdü məhəlləyə, püşk atardıq, kimin bəxtinə düşsə, meyvəni ona verərdim. Özü də "şampan" sortudur. Gəlib qapıdan maşınlara yükləyib birbaşa Rusiyaya aparırdılar. Heyf o günlərdən".

Foto arxiv
Foto arxiv

“KİMDİR DABANIYIRTIQ KƏNDLİYƏ SUBSİDİYA AYIRAN”

Kənd sakini Məhəbbət İsmayılova deyir, kənddə, demək olar ki, bütün ailələrin əkinə yararlı torpaqları var. Gəl ki, torpaq kəndliyə baxır, kəndli torpağa... Məhəbbət İsmayılova davam edir:

“Tək bizim kənddə yox, bütün Siyəzəndə eyni durumdur. Hamının torpağı var, heç kəs əkə bilmir. Birincisi, suvarma bərbaddır, ikincisi¸ kəndliyə torpağı əkməyə subsidiya verən yoxdur, subsidiyalar müəyyən adamlara ayrılır, kimdir mənim kimi dabanıyırtıq kəndliyə subsidiya ayıran ki, get torpağını ək. Gör nə aləmdirsə, kənddən toplayıb şəhərə bazara satmağa aparmaqdansa, gedib Xaçmazdan, Qubadan alıb gətirib burda bazarda satırıq”.

Kəndlilər kənd təsərrüfatının "dirilməsi"ndən ötrü hökumətin yardım əli uzatmasını istəyirlər. Çünki rayonda adamların məşğul olmağa işi yoxdur.

“PROBLEM QALMAYACAQ”

Siyəzən rayon icra hakimiyyətindən isə "Qaynar xətt"ə bildirilib ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciətdən sonra kənddəki su kanalları təmizlənib. Kəndlilərin suvarmada problemi olmayacaq:

"Bu problemlər həll olunur, bu öz yerində... Ancaq günahı suyun, torpağın üstünə atmaq bir az doğru çıxmır. Adamlar özləri də əvvəlki kimi kənd təsərrüfatına can yandırmırlar. Tənbəlləşiblər, hamı şəhərdə yaşamaq, ofis işində çalışmaq istəyir, bu da var".

Foto arxiv
Foto arxiv

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən isə "Qaynar xətt"ə bildirilib ki, Taxtakörpü su anbarından Samur-Abşeron kanalında qidalandırma kanalının çəkilişi davam edir. Kanalın suyundan həm Siyəzənin, həm də Xızının kəndlərindəki əkin sahələrinin suvarılmasında istifadə olunacaq.

XS
SM
MD
LG