Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:08

Alimlər: aclıq insanları daha ağıllı edir


Aclıq və oruc beyni gücləndirə bilərmi? Britaniya alimlərinin apardığı araşdırmanın nəticələrinə görə, aclıq insanları daha ağıllı edir və beyin hüceyrələrinə müsbət təsir edir. Görünür bəzi insanların acqarına daha iti zehnə malik olmasının səbəbi elə budur.

Mədədə uzun müddət qidanın olmaması nəticəsində yaranan qrelin hormonu ilk dəfə kəşf olunanda alimlər onun sadəcə aclıq hormonu olduğu qənaətində idilər. İndi isə məlum olub ki, bu hormon beyin hüceyrələrinin inkişafına yol açır. Bu hormon həm də beynin köhnə hüceyrələrinin müdafiəsinə kömək edir və beynin yaşlanmasının qarşısını alır. Hormonun insan beyninə belə təsiri insanı daha ağıllı edərək yaddaşını yaxşılaşdırmağa imkan verir.

Daha öncə alimlər beyini arıqlama istiqamətində proqramlaşdırmağın yolunu düşünüb tapmışdılar. Ekseter Universitetinin psixoloqları smartfonlar üçün xüsisi oyun işləyib hazırlamışdılar. Foodt adlanan bu oyun istifadəçilərin "Beynini yenidən proqramlaşdırmaqla" onların sağlam olmayan qidalar qəbul etmək istəyini öldürür.

Bu əlavəni yükləməklə istifadəçilər smartfonlarının ekranlarında sağlamlıq üçün faydalı olan qida məhsullarını yaşıl, zərərli məhsulları isə qırmızı dairələrin içərisində görəcəklər. Bununla da onlar yalnız faydalı məhsulları göstərən işarələri basmaq istəyəcəklər.

Mütəxəssislərin sözlərinə görə, belə "beyin idmanı" aclıq anlarında insanın qidaya düzgün reaksiyasını inkişaf etdirə bilər. Gündə 10 dəqiqəyə yaxın bu oyunu oynamaqla istifadəçilər yalnız sağlam qidalara üstünlük verməyə başlaya bilərlər.

Alimlər qrelin hormonunu siçanlara vurmaqla onların öyrənmə qabiliyyətinin gücləndiyini müşahidə ediblər. Alimlər bu hormonun beyində neyronlar arasında əlaqələri gücləndirdiyini deyirlər.

Britaniyanın Svanzi Universitetindən molekulyar neyrobiologiya professor Ceffri Devis (Jeffrey Davies) və komandası qrelinin beyin hüceyrələrinin bölünərək çoxalmasını, başqa sözlə neyrogenezi stimullaşdırdığını sübut ediblər. Alimlər hormonu ayrıca qabda yetişdirdikləri siçan beyninin hüceyrələrinə əlavə etdikdən sonra neyrogenezin güclənməsinə cavabdeh olan genin, fibroblastların böyümə faktorunun aktivləşdiyini müşahidə ediblər.

Tədqiqatın nəticələri Britaniya Nevrologiya Assosiasiyasının bu ay keçirilmiş konfransında təqdim olunub.

Alimlər hesab edirlər ki, gənc beyin hüceyrələri yeni xatirələrin yaranmasını artırır. Bu hüceyrələr yeni mühitdə daha asan aktivləşir.

Bu tədqiqat neyrodegenerativ halların, məsələn, Parkinson xəstəliyinin müalicəsinə də öz töhfəsini verə bilər. Belə xəstəliklər müəyyən beyin hüceyrələrinin itirilməsi nəticəsində meydana çıxır. Artıq bundan öncə aparılmış bəzi araşdırmalar nəticəsində qrelinin heyvanlarda Parkinson xəstəliyinin qarşısını aldığı aşkar edilib. Doktor Devis deyir ki, bu nəticələr insanlara da şamil edilə bilər.

Alimlər bildirirlər ki, daimi olaraq tövsiyyə edilən gündəlik kalori normasından 25 faiz az kalori qəbul edən insanların sağlamlığı müsbətə doğru dəyişir. Belə insanların qanında şəkərin səviyyəsinə nəzarət daha güclü olur.

Bəzi adamlar bu mövqedən çıxış edərək bir müddət ac qalmağa üstünlük verirlər. Belə qidalanma üsullarından biri 5-2 dietasıdır. Bu zaman insanlar beş gün normal qidalanır, iki günsə qidalarını gündə 500 kalori ilə məhdudlaşdırırlar. Bu zaman qanda qrelin hormonunun səviyyəsi artır.

Ancaq Münxen Texniki Universitetindən Nikolas Kunat (Nicolas Kunath) vurğulayır ki, yeni yaranan beyin hüceyrələrinin çalışmağa başlaması üçün bir neçə gündən bir neçə həftəyə qədər vaxt lazımdır. Onun sözlərinə görə, bu səbəbdən insanlar bu yolla dərhal zehn açıqlığına nail olacaqlarını gözləməməlidirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG