Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 02:40

Mülki Məcəlləyə dəyişiklik: 'Kiçik' səhmdar 'iri'dən güclü oldu


Milli Məclis

Bu gün – aprelin 25-də Milli Məclis Mülki Məcəlləyə səhmdar cəmiyyətlərində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər edib. Qanun kiçik pay sahiblərinə yeni hüquqlar verib.

Dəyişikliklərə əsasən, açıq səhmdar cəmiyyətində səhmlərin başqasına keçməsi indiki kimi asan olmayacaq. Şirkətin səhmlərinin 50 faiz və daha çox hissəsinin özgəninkiləşdirilməsi barədə qərar açıq səhmdar cəmiyyətinin ümumi yığıncağının 2/3 səs çoxluğu ilə qəbul ediləcək. Başqa sözlə, əgər şirkətin səhmlərinin yarıdan çoxu sizindirsə, onu başqasına satmaqdan ötrü həm də digər səhmdarların razılığı istəniləcək.

Buna da bax:​ Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

Bənzər qayda qapalı səhmdar cəmiyyətlərində var. Bu şirkətlərdə səhmdarların cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququ tanınır. Əgər səhmdarlar, onlar da almasa, SC özü səhmləri əldə etməkdən imtina edibsə və ya tərəflər qiymətdə razılığa gəlinməyiblərsə, səhmlər başqasına satılır.

Səhm alırsansa, «aşağıların» razılığını al

Yeni «oyun qaydalarına» görə, ASC-nin ümumi yığıncağının 2/3 səs çoxluğu digər cəmiyyətin (ortaqlığın) səhmlərinin (paylarının) 50 faiz və daha çox hissəsinin əldə edilməsi zamanı da tələb olunacaq. Bundan başqa, açıq SC-nin 50 faiz və daha çox hissəsini almaq istəyən şəxs hər bir səhmdara rəsmi qaydada təklif göndərəcək.

Buna da bax: Qiymətli kağızlar bazarında dövlət əsas oyunçudur

Səhmdarlara cəmiyyət tərəfindən əlavə buraxılan bütün növ səsli səhmləri satın almaqda üstünlük hüququ verilir.

Minoritarlara mühüm hüquqlar verilib

Səhmdarların bir çox yeni hüquqları tanınıb. Onlar təkcə ümumi yığıncağın gündəliyinə dəyişiklik edilməsini deyil, həm də sənədə yeni müzakirə mövzularının əlavə olunmasını da tələb edə biləcəklər.

Şirkətlərin icra və nəzarət orqanlarının üzvlərinin məsuliyyətini artırmaq məqsədilə səhmdarlara əlavə hüquqlar verilib. Səhlənkarlığa görə və səhmdar cəmiyyətə qəsdən zərər vurduqda səhmdar onların məsuliyyətə cəlb olunmasını tələb edə biləcək. Əgər SC-nin bağladığı müqavilə cəmiyyətə və səhmdarlara zərər vurubsa, səhmdara hüquq verilir ki, məhkəməyə müraciət edib onun ödənilməsini tələb etsin.

Buna da bax:​ 'Bakı Fond Birjasında həmişə dövlət əsas paya sahib olub'

SC-lərin audit komitələri olacaq

İndən belə səhmdarlarının sayı 50-dən çox olan səhmdar cəmiyyətlərində səhmdarların seçdikləri təftiş komissiyasından başqa, audit komitəsi də olacaq. Bu komitəni müşahidə (direktorlar) şurası yaradacaq. İndiyədək audit komitələrinin yaradılması şərti təkcə maliyyə şirkətləri (banklar və sığorta şirkətləri) üçün məcburi idi.

Dividend 30 günə veriləcək

Dividendlərin ödənilməsi məsələsi də nizamlanıb. Səhmdar cəmiyyətinin ümumi yığıncağında dividend ödənilməsi haqda qərar 30 gün ərzində icra edilməlidir. Yerli təcrübə göstərir ki, elan edilən dividendlər aylarla, bəzən isə illərlə gecikdirilir.

Buna da bax: SOCAR istiqrazlarının qiyməti düşüb

Dərc olunası hesabatların sayı 13-ə çatdı

Açıq səhmdar cəmiyyətlərinin hesabatlılıq tələbləri sərtləşdirilib. Əgər indiyədək onlar təkcə iki sənədi (illik hesabatını və mühasibat balansı) açıqlamağa borclu idilərsə, indi siyahı xeyli genişlənib. Dərc olunacaq sənədlər aşağıdakılardır:

- hesabat dövrü üzrə maliyyə göstəriciləri;
- aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər;
- cəlb edilmiş maliyyə vəsaitləri;
- idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri;
- idarəetmə strukturu;
- inkişaf siyasəti;
- səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;
- idarəetmə orqanlarının üzvlərinə verilən ödənişlər;
- investisiyaların həcmi və mənbəyi;
- cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi;
- ictimai layihələr.

Buna da bax:​ Qiymətli kağızlar bazarı inkişaf etmək əvəzinə daha da daralıb

Ekspert: «ASC-lərin ləğvi sürətlənəcək»

Dəyişiklikləri şərh edən investisiya şirkətlərindən birinin analitiki AzadlıqRadiosu-na deyib ki, kiçik səhm sahiblərinə əlavə hüquqların verilməsi fond bazarında fəallığın artmasına, səhmlərə marağın artmasına gətirib çıxaracaq.

«Strateji qərarların qəbulunu asanlaşdırmaqdan ötrü iri səhm sahibləri az sayda səhmə sahib ortaqlarla sövdələşməyə getməyə, bəzən isə onların səhmlərini almağa meyl edəcəklər. Bu, səhmlərin qiymətinə təsirsiz ötüşməyəcək», – adının gizli qalmasını istəyən analitik belə düşünür. O əlavə edib ki, hesabatlılığın sərtləşdirilməsi bir çox kiçik səhmdar cəmiyyətinin ləğvi və ya təşkilati-hüquqi formasının dəyişdirilməsi (məhdud məsuliyyətli cəmiyyətə) prosesini sürətləndirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG