Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 20:20

Bertran Rassel: 'Çox işləmək köləlik, asudə vaxta sahib olmaq isə xoşbəxtlikdir'


İngilis filosofu Bertran Rassel.

İngilis riyaziyyatçısı və filosofu Bertran Rasselin “Asudə vaxtn məhdi” adlı essesi istehlakçılıqdan bəhs edir. Bir çox ədəbiyyatşünasların, filosofların fikrincə, əgər müəllifin bu essedə təqdim etdiyi ideyalar layiq olduğu qədər araşdırılsaydı, bəlkə də bu gün iqtisadçıların iş və məşğulluq haqqında söylədikləri cəfəng fikirlərin əksəriyyəti olmazdı.

Oxu zalı B.Rasselin “Asudə vaxtın mədhi” essesini ixtisarla təqdim edir.

***

Nəslimin bir çox nümayəndələri kimi mən də “Şeytan bekar əllər üçün hər zaman nalayiq bir məşğuliyyət tapır” cümləsini eşidə-eşidə böyümüşəm.

Həddindən artıq tərbiyəli uşaq olduğum üçün mənə deyilən hər şeyə inanırdım. Ona görə də lap bu günə qədər məni səylə çalışmağa məcbur edən mənəvi məsuliyyət hissi qazandım. Ancaq vicdanımın mənim əməllərimə nəzarət etməsinə baxmayaraq, baxışlarım ciddi dəyişikliklərə uğradı.

Mən iddia eləyirəm ki, dünyada həddindən çox iş görülüb, zəhmətin, işləməyin yaxşı məziyyət olduğuna inam dünyamıza böyük zərər vurub, artıq industrial ölkələrdə qədimdən təbliğ edilənlərdən tamamilə fərqli şeylər anlatmaq lazımdı. Aralıq dənizi günəşinin olmadığı məmləkətlərdə tənbəllik eləmək bir qədər çətindi və onu adətə çevirmək ciddi ictami təbliğat tələb edir.

***

Buna da bax: Ölən adamı pisləmək olmaz kimi əxlaqi qadağalar

.

Mən bütün ciddiyyətimlə bəyan eləmək istəyirəm ki, müasir dünyada zəhmətin, işləməyin faydasına inam həddindən artıq zərərlidi və xoşbəxtliyə, inkişafa gedən yol işin düşünülmüş şəkildə ixtisarından keçir.

***

Bertran Rasselin kitabı azərbaycanca
Bertran Rasselin kitabı azərbaycanca

Sivilizasiyanın yarandığı andan sənaye inqilabına qədər kişi, bir qayda olaraq, ağıq zəhmət bahasına özünün və ailəsinin sağ qalması üçün lazım olandan cüzi miqdarda artıq istehsal edirdi. Onun arvadı da, ən azı, onun qədər əziyyət çəkirdi, uşaqlar da böyüyəndən sonra əllərindən gələni edirdilər. Cüzi artıq qazanc onu istehsal edənlərə yox, döyüşçülər və kahinlərə çatırdı. Aclıq illərində artıq bir şey əldə etmək mümkün olmurdu, amma döyüşçülər və kahinlər sakit zamanlardakı qədər pay tələb edirdilər, nəticədə zəhmətkeşlərin əksəriyyəti acından ölürdü.

Uzun müddət mövcud olmuş, yalnız yaxın dövrlərdə məhv edilmiş bu sistem, təbii ki, insanların şüurunda dərin iz qoyub. Bizim dəlilsiz-sübutsuz, aksioma kimi qəbul etdiyimiz işin arzulandığı barədə deyilənlərin əksəriyyəti həmin industriyaya qədərki sistemdən qalıb. Buna görə də müasir dünyada yararsızdır. Müasur texnika asudə vaxtı imtiyazlı sinfin azsaylı səlahiyyətləri siyahısından çıxararaq cəmiyyətin bütün təbəqələri arasında bərabər bölünmüş haqqa çevirib.

İş əxlaqı-qul əxlaqıdır, müasir dünyanın isə quldarlığa ehtiyacı yoxdur.

Çox güman ki, primitiv cəmiyyətlərdə ilk vaxtlar sərbəst olan zəhmətkeşlər, döyüşçülərə, kahinlərə gedən artıq qazancı əldən vermək istəməzdilər. Ya daha az istehsal edərdilər, ya da daha çox istifadə edərdilər. Başlanğıcda onları daha çox istehsal etməyə və artıq məhsulu verməyə zor gücünə məcbur edirdilər. Lakin, tədricən, onları inandırdılar ki, ağır iş onların borcudur, baxmayaraq ki, zəhmətlərinin bir hissəsi başqalarının avaraçılıq etməsinə sərf olunur.

***

Asudə vaxt mədəniyyət üçün həddindən artıq vacibdir. Keçmişdə asudə vaxtı yalnız əksəriyyətin zəhmət çəkməsi hesabına yaratmaq mümkün idi. Bu gün isə müasir texnika asudə vaxtı mədəniyyətə və sivilizasiyaya zərər vurmadan ədalətli şəkildə bölməyə imkan verir.

Müasir texnikanın, hər bir insanın həyati tələbatlarını ödəməsi üçün lazım olan əmək kəmiyyətini azaltmağa imkan yaratması müharibə zamanı özünü daha aydın büruzə verdi. Həmin illərdə hərbi xidmətdə olan bütün kişilər, silah-sursat istehsalı ilə məşğul olan bütün kişilər və qadınlar, hərbi təbliğat və casusluqla məşğul olan bütün kişilər və qadınlar, müharibə ilə əlaqəli dövlət idarələrində işləyən kişilər və qadınlar məhsuldar fəaliyyətdən uzaqlaşdırıldılar. Buna baxmayaraq, müttəfiqlərin tərəfində fiziki cəhətdən sağlam, kvalifikasiyasız muzdlu işçilərin ümumi səviyyəsi müharibədən əvvəl və sonra olduğundan daha çox idi. Bu faktın əhəmiyyəti maliyyə münasibətləri ilə ört-basdır edilmişdi: kreditlərin ucbatından elə təəssürat yaranırdı ki, sanki gələcək indini yedizdirir. Təbii ki, bu qeyri-mümkün idi: əlində bir dilim çörək olmayan adam onu yeyə bilməz.

Müharibə açıq-aşkar göstərdi ki, istehsalatın elmi təşkili yolu ilə, müasir dünyanın əmək ehtiyatlarının kiçik bir hissəsindən istifadə etməklə hazırkı əhalini kifayət qədər firavan şəkildə saxlamaq mümkündür. Əgər müharibənin sonlarında kişilərin müharibədə və istehsalatda iştirak məqsədilə azad edilməsi üçün yaradılmış elmi təşkilat qalsaydı, iş vaxtı isə sutkada 4 saata qədər azaldılsaydı, hər şey çox gözəl olardı. Amma bunun yerinə əvvəlki xaosu bərpa elədilər: kimin ki əməyinə ehtiyac vardı, normadan artıq işləyirdi, yerdə qalanları isə işsiz-gücsüz, aclıqdan ölməyə məhkum elədilər. Niyə? Çünki iş – öhdəlikdir və insan istehsal elədiyi məhsulun kəmiyyətinə görə əmək haqqı almırdı. Ona əmək haqqını zəhmətkeşliyinin dərəcəsinə görə verirdilər. Bu- quldar dövlətin əxlaqıdır.

Təəccüblü deyil ki, nəticəsi də faciəvidir. Nümunə göstərək. Tutaq ki, hazırda müəyyən sayda insan iynə istehsalı ilə məşğuldur. Onlar, sutkada, məsələn, səkkiz saat işləyərək dünyanın ehtiyacı olan qədər iynə istehsal edirlər. Kimsə elə bir şey kəşf edir ki, onun köməyilə eyni sayda insan əvvəlkindən iki dəfə çox iynə hazırlaya bilər. Ancaq dünyanın iki dəfə çox iynəyə ehtiyacı yoxdur: iynə artıq o qədər ucuzdu ki, çətin ki, kimsə hətta daha ucuz qiymətə belə daha çox iynə almaq istəsin. Ağıllı dünyada istehsalatın hər bir üzvü səkkiz saat əvəzinə dörd saat işləyərdi və qalan şeylər əvvəlki kimi davam edərdi. Ancaq real dünyada bunu əxlaqsızlıq hesab eləyirlər. İnsanlar əvvəlki kimi səkkiz saat işləyirlər, həddindən çox iynə istehsal olunur, bəzi sahibkarlar iflas olurlar və iynə istehsalı ilə məşğul olan insanların yarısı işdən çıxarılır. Nəticədə insanların boş vaxtı elə ilk variantda olduğu qədərdi, amma onların düz yarısı işsiz qalıb, digər yarısı isə həmişəki kimi həddindən çox işləyir. Bu, onu göstərir ki, məcburiyyət qarşısında yaranan boş vaxt ümumi xöşbəxtlik mənbəyi olmaq əvəzinə ümumi əziyyətə gətirib çıxardır. Bundan ağılsız nə isə təsəvvür eləmək mümkündümü?

***

Buna da bax: Dediyiniz o gözəllik, harmoniya təbiətin harasındadır?!

.

Bertran Rassel
Bertran Rassel

Əgər adi muzdlu işçi gündə dörd saat işləsəydi, bu hamıya kifayət edərdi, üstəlik işsizlik problemi də olmazdı. Ancaq bu ideya zənginləri şok edir, zira onlar əmindirlər ki, kasıblar o qədər boş vaxtla neynəyəcəklərini bilməzdilər.

***

Etiraf etmək lazımdır ki, asudə vaxtdan ağıllı istifadə mədəniyyət və savad göstəricisidir. Ömrüboyu gecə-gündüz işləyən insan qəflətən işsiz qalanda darıxacaq. Ancaq lazımi qədər asudə vaxtdan məhrum olan insan bir çox yaxşı şeylərdən də xəbərsiz qalır.

***

Təbii ehtiyatlarla zəngin olan böyük ölkənin inkişafa ehtiyacı var. Bu vəziyyətdə ağır zəhmət vacibdir və çox güman ki, lazım olduğu kimi mükafatlandırılacaq. Ancaq hər kəsin çox işləmədən firavan yaşadığı hədəfə çatanda nə baş verəcək?

Qərbdə bu problemi həll etmək məqsədilə müxtəlif üsullardan istifadə olunur. İqtisadi ədalət yoxdur, ona görə də bütün istehsalatın böyük bir hissəsi əhalinin kiçik bir qrupuna qismət olur, onların da arasında əksəriyyəti ümumiyyətlə işləmir. Istehsalat üzərində hər hansı mərkəzləşdirilmiş nəzarət olmadığına görə biz külli miqdarda lazımsız şeylər istehsal edirik. İş qabiliyyətinə malik əhalinin böyük faizini boş saxlayırıq, çünki onlara ehtiyacımız yoxdu, əvəzində başqalarını yükləyirik. Bütün bu üsullar nəticəsiz qalanda müharibəyə əl atırıq. Biz əksər insanları partladıcı istehsal eləməyə, digər əksəriyyəti də onları partlatmağa məcbur edirik. Bütün bu üsulların sintezi kimi, çətinliklə də olsa, bir fikri qorumağa nail oluruq: ağır əl əməyi sıravi insanın taleyinə yazılmalıdır.

***

Müasir insan düşünür ki, hər bir işin məqsədi olmalıdı, heç vaxt heç nə elə-belə edilməməlidi. Məsələn, ciddi şəxsiyyətlər mütəmadi kinoya getmək vərdişini qınayırlar və bizə deyirlər ki, bu, gənclər arasında cinayətkarlığın artması ilə nəticələnir. Ancaq kinofilmin yaradılması ilə bağlı olan hər cür əmək hörmətə layiqdir, zira bu, bir işdir və gəlir gətirir. “Yalnız gəlir gətirən fəaliyyət növü yaxşıdır” fikri hər şeyin astarını üzünə çevirib. Sizi ətlə təmin edən qəssab, çörəklə təmin edən çörəkçi hörmətə layiqdir, çünki onlar pul qazanırlar. Ancaq onların sizi təmin etdikləri qidadan həzz alanda - əgər sadəcə işləmək üçün güc toplamaq məqsədilə yemirsinizsə - siz adi yelbeyinsiz.

Ümumiyyətlə, hesab olunur ki, pul qazanmaq yaxşıdı, amma onu xərcləmək pis. Amma bu - absurddur, zira hər iki əməl bir medalın iki üzüdür. İstehsal olunan malların dəyəri onların istehlakının faydalılıq dərəcəsindən asılı olmalıdır. Bizim cəmiyyətdə individuum gəlir xatirinə işləyir, ancaq onun əməyinin sosial məqsədi istehsal olunanın istehlakından ibarətdir. Fərdi və ictimai məqsəd arasındakı bu uçurum – istehsalatın stimulunun gəlir götürmək olduğu cəmiyyətdə insanların aydın düşünməsinə əngəl yaradır. Biz istehsalat haqqında həddindən çox, istehlak haqqında isə həddindən az düşünürük. Nəticədə - biz həzzə, kiçik xoşbəxtliklərə son dərəcə az əhəmiyyət veririk, məhsulu istehlakçıya verdiyi sevincə görə dəyərləndirmirik.

***
Buna da bax: Ürəyinizdə şübhə yoxdursa (B.Rasselin müsahibəsi)

.

İş vaxtını dörd saata endirməyi təklif edəndə mən qalan saatların mütləq işsiz-gücsüz, qayğısız keçirilməli olduğunu nəzərdə tutmuram. Mən demək istəyirəm ki, gündəlik dörd saatlıq iş insana elementar və zəruri rahatlıq haqqı verməlidir. Yaranan boş vaxt insana məxsus olmalıdır və o, onu istədiyi kimi istifadə etməlidir.

Bu cür sistemdə ən vacib məqam odur ki, insanlara daha dərin təhsil verilməlidir və bu təhsil daha çox insanların asudə vaxtlarını səmərəli istifadə etmələrinə şərait yaradan meyllərin, zövqlərin aşılanmasına yönəldilməlidir.

Şəhər əhalisinin zövqləri daha passiv xarakter alıb: radio, kino, futbol matçları və s. Bunun da səbəbi, fəal enerjinin bütünlüklə işə sərf olunmasıdır. Əgər daha çox asudə vaxtları olsaydı, onlar yenidən fəal iştirak tələb edən məşğuliyyətlərdən həzz alardılar.

***


Keçmişdə azsaylı boş-bekar təbəqə və çoxsaylı işçi təbəqəsi vardı. Boş-bekar təbəqə sosial ədalətə əsaslanmayan üstünlüklərindən həzz alırdı. Ki, bu da labüd şəkildə onu despota çevirdi və onun səlahiyyətlərinə bəraət qazandıran nəzəriyyənin kəşfi ilə nəticələndi. Ancaq bu əngəllərə baxmayaraq, bizim sivilizasiya adlandırdığımız hər şeyi həmin təbəqə yaradıb: incəsənəti o inkişaf etdirirdi, kitablar yazırdı, elmlər, fəlsəfələr yaradırdı və ictimai münasibətləri təkmilləşdirirdi. Hətta zülmə məruz qalanların azad olunması da yuxarıdan başlayırdı.

İşsiz, bekar təbəqə olmasaydı, bəşəriyyət heç vaxt barbarlıqdan qurtula bilməzdi.

***


Heç kimin dörd saatdan çox işləməyə məcbur olmadığı dünyada elmə marağı olan hər kəs bu marağını reallaşdıra biləcək. Hər bir rəssam, nə və necə çəkməyindən asılı olmayaraq, acından ölmədən işi ilə məşğul ola biləcək. Cavan yazıçılar, maddi müstəqillik qazanmaqdan ötrü yazdıqları sensasiya xarakterli kütləvi mətnlərlə özlərinə diqqət cəlb eləməyə məcbur qalmayacaqlar. Həkimlərin tibbin inkişafını izləməyə vaxtları olacaq.

Gərgin əsəblərin, yorğunluğun, mədə ağrılarının yerini xoşbəxtlik və yaşamaq sevinci tutacaq.

Çox güman ki, asudə vaxtı çox olan insanların, ən azı, bir faizi ictimai əhəmiyyət daşıyan məşğuliyyətlərlə maraqlanacaqlar.

Müharibəyə meyl yox olacaq: bir az yuxarıdakı səbəblərə görə, bir az da ona görə ki, müharibə hamı üçün ağır və uzun iş deməkdir. Dünyanın ən çox sülhpərvərliyə ehtiyacı var. Sülhpərvərlik isə - sakitlik, təhlükəsizlik şəraitində mümkündür, qızğın mübarizə şəraitində yox.

Günün bütün mövzuları

XS
SM
MD
LG