Elvin Adıgözəl Oxu Zalına verdiyi müsahibədə “Köprüdə buluşmalar” müsabiqəsinin müstəqil kino ilə məşğul olan, yaxud kinokaryerasını təzə qurmağa başlayan rejissorlar üçün əhəmiyyətindən və yeni layihəsindən danışır.
-Elvin, İstanbul festivalının “Köprüdə buluşmalar” bölməsi nədir və hansı məqsədlə yaradılıb?
- “Köprüdə buluşmalar”, təxminən, 12 il əvvəl festivalın daxilində industriya bölməsi kimi qurulub. Bu, hal-hazırda film layihələrinin və inkişafmərhələsində olan filmlərin yarışdığı, “co production” forum keçirildiyi bir bölmədir.
- Siz “Köprüdə buluşmalar”a necə qatıldınız?
- 2 il əvvəl Sarayevo Film Festivalında “Köprüdə Buluşmalar” bölməsinin rəhbəri Gülin Üstünlə tanış olmuşdum. Mənə İstanbul Film Festivalı çərçivəsində keçirilən bubölmə,həmçinin qonşu ölkələrin də ayrıca olaraq qatılmasına imkan yaradan digər bölmələrdən danışmışdı. Çox təəssüf ki, Azərbaycandan heç bir rejissoru tanımadıqlarını, Mədəniyyət Nazirliyinə bir neçə dəfə məktub yazsalar da, cavab almadıqlarını demişdi. Biz Teymur Hacıyevlə birlikdə bu il “Yaşar” layihəmizlə “Köprüdə buluşmalar”a müraciət göndərdik və seçildik.
Buna da bax: Kinoya dövlət dəstəyi məsələsində Azərbaycana hansı ölkələr nümunə ola bilər
- Bir qədər “Yaşar”dan danışın. Layihə nədən bəhs edir, ideyası nədi?
- “Yaşar”, müəyyən qədər əvvəlki filmlərimin stilistikasını daşıyan, özünəməxsus bir hekayəsi olan ssenaridir. Hal-hazırda ssenarini inkişaf etdirmə mərhələsindəyik. Hələlik layihə haqqında ətraflı danışmaq istəmirəm.
- Elvin, yəqin ki, yarışmada iştirak edən digər layihələr, onların müəllifləri ilə tanış olmaq imkanınız olub. “Köprüdə buluşmalar” bölməsinə necə layihələr qəbul olunur? Hansı xüsusiyyətlərə diqqət yetirilir?
- Müxtəlif. Türkiyənin özündən gələn layihələri qatmıram bura. Onlar onsuz da qəbul olunurlar. Amma beynəlxalq yarışmada daha çox müəlliflərə diqqət yetirirlər. Məsələn, İordaniyadan bir layihə vardı, 8 min avroluq mükafatı qazandı. Həmin layihənin iki prodüseri vardı, ikisi də fransız idi. Yunanıstandan gələn layihənin də həmçinin. Yəni, əsasən, rejissorun, prodüserlərin kimliyinə fikir verirlər. Təbii ki, pis layihəni götürmürlər, amma müəyyən qədər maraqlı layihələrdə onları təqdim edənlərə diqqət yetirirlər.
- Yəni mövzudan daha çox istehsalçı heyət vacibdi...
- Bəli, çünki kimsə maraqlı, hətta dahiyanə bir ideya verə bilər, ancaq onlara daha çox o ideyanın necə və kimlər tərəfindən icra olunacağı maraqlıdır. Bu, festivallarda da belədir. Mövzular isə həddindən artıq rəngarəng idi. Məsələn, “Qar və ayı” adlı bir layihə vardı, eksperimental idi və iki mükafat aldı. Yaxud Suriyada baş verənlərdən bəhs edən “Translator” adlı layihə böyük pul mükafatı qazandı. Zeki Mürendən bəhs edən layihə vardı. Tamamilə fərqli mövzular idi. Konkret bir tematika görmədim.
- Yanılmıramsa, bu ilki İstanbul festivalında Ermənistanla bağlı ayrıca tədbir, ya da bölmə olmalıydı...
- Ermənistanın İstanbul Film festivalında ayrıca platforması var. Orda ancaq erməni rejissorları iştirak edir və Ermənistan-Türkiyə ortaq layihələri yarışır. Bu platformanı Ermənistan hökuməti özü dəstəkləyir. Orda film göstərilmir, Ermənistanla Türkiyənin ortaq layihələrinin bazarı da demək bu platformaya. “Köprüdə buluşmalar” bölməsində isə təkcə layihələr yox, həm də çəkilmiş və post-production mərhələsində olan filmlər də yarışır.
Buna da bax: Elvin Adıgözəlin “Yasaq cəh-cəhlər”i təqdim olundu
- Yəni Azərbaycan hökuməti müştərək layihələrin – co-production - həyata keçirilməsində maraqlıdırsa, İstanbul Film festivalında belə platforma yarada bilər?
- Bəli, festivalın təşkilatçıları ilə danışıb eləmək mümkündür.
- “Köprüdə buluşmalar” tipli festival bölmələrinin əhəmiyyəti nədir və belə tədbirlərdə iştirak eləmək niyə vacibdir?
- Əslində bu, sivil bir prosesdir. Kimsə beynəlxalq sənət kinosu industriyasına daxil olmaq istəyirsə, mütləq layihələrini belə yarışlara göndərməlidir. Çünki hər belə müsabiqə, vəsait axtarışları insana təcrübə qazandırır və təbii ki, o tanınır. Belə yarışlarda iştirak etmədən, tanınmadan beynəlxalq səviyyəyə çıxmaq mümkün deyil. Kinonun dövlət tərəfindən maliyyələşdirildiyi bəzi ölkələr- məsələn, Rusiya kimi - əvvəllər buna o qədər də diqqət ayırmırdılar. Ancaq artıq onlar da məcburdular, Eurimage kimi təşkilatlara qoşulurlar. Təbii ki, belə müsabiqələrə qatılmaq üçün də bir yaş həddi var. Əsasən, 35-36 yaşa qədər olan insanlar müraciət edə bilirlər. Ondan sonra fondlarla işləməlisən. Amma o mərhələyə addım-addım gəlmək lazımdı. Mən indi durub hansısa fonda müraciət eləsəm, deyəcəklər ki, göstər görüm, bu vaxta qədər neynəmisən. Birdən-birə zirvəyə çıxmaq mümkün deyil. Kim əksini deyirsə, yalan danışır.
Buna da bax: Elvin Adıgözəl: 'Kinonun tənəzzülündən Kinostudiya yox Mədəniyyət Nazirliyi günahkardır'
- “Yaşar”ın növbəti addımı nə olacaq?
- Növbəti addımımız müstəqil sənət filmimizin çəkilməsi üçün öz gücümüzlə mübarizə aparmaqdır. Başqa müsabiqələrə qatılmağı, fondlara müraciət etməyi planlaşdırırıq. Ancaq bu, o demək deyil ki, orda mütləq vəsait tapacağıq. Hələlik müştərək film istehsalı ilə məşğul olan bir neçə prodüserlə danışıqlar aparırıq. Ola bilsin, yenə öz gücümüzə çəkdik. Amma rəng korreksiyası keyfiyyətli olacaq.