Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:09

'İri tikinti şirkətləri kiçikləri sıradan çıxarıb'


Yük
Yük

İqtisadiyyatda mövcud durum, bəzi tikinti şirkətlərinin sıradan çıxması, müflisləşmə haqda qanun və bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda dolların ucuzlaşmasının davam etməsi bu gün medianın aparıcı mövzusudur…

İXRAC DA ARTIR, QAZANC DA…

«Azərbaycan» qəzetində «İxracın artması ölkəyə valyuta ilə bərabər, insanlara qazanc da gətirir» sərlövhəli məqalə dərc edilib.

Yazıda Dövlət Statistika Komitəsi və başqa rəsmi qurumların məlumatlarından istifadə edilir.

Müəllif qeyd edir ki, bu ilin yanvar ayında 70 ölkəyə məhsul ixrac olunub, 109 ölkədən isə müxtəlif mallar idxal edilib.

Üstəlik, bildirilir ki, bu dövrdə xarici ölkələrlə 1 milyard 254.6 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları aparılıb. Bunun da 804.6 milyon dolları ixracın, 450 milyon dolları isə idxalın payına düşür.

Müəllif yazır ki, beləliklə, xarici ticarət əməliyyatlarında müsbət saldo yaranıb.

Müəllif vurğulayır ki, meyvə, tərəvəz, bitki yağları, polietilen, pambıq lifi, qara metaldan borular və bentonit gilinin ixracı artıb.

Yazıda mövzu ilə bağlı dövlət başçısı İlham Əliyevdən də sitat gətirilir: «Biz ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına. Biz nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik. Burada kənd təsərrüfatı, emal sahəsi, əlbəttə ki, ən böyük potensiala malikdir. Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək».

Vüqar Bayramlı
Vüqar Bayramlı

XARİCDƏ DOLLAR BAHALAŞIR, AZƏRBAYCANDA UCUZLAŞIR

«Yeni Müsavat» qəzetində «Dünya bazarında bahalaşan dollar Bakıda ucuzlaşır» sərlövhəli məqalə oxumaq olar.

Mövzu iqtisadçı-ekspert Vüqar Bayramlı ilə müzakirə edilir.

Müəllif öncə xatırladır ki, Mərkəzi Bankın aprelin 11-də keçirdiyi növbəti valyuta hərracında dollar cüzi də olsa manata nisbətdə ucuzlaşıb. Artıq 1 ABŞ dolları 1.7029 manata bərabərdir.

Ekspert Vüqar Bayramlı qəzetə deyib ki, manatın dollara olan məzənnəsi birbaşa dövriyyədəki milli valyutanın həcmindən asılıdır: «Mərkəzi Bank valyuta hərracları vasitəsilə dövriyyədə olan manat bazasının azaldılmasına nail ola bilib. Digər tərəfdən, aprelin 1-dən başlayaraq kommersiya banklarına nağdlaşdırma ilə bağlı məhdudiyyətlər tətbiq edilir. Hesablarında vəsaiti olan şirkətlər belə o vəsaiti nağdılaşdıra bilmirlər».

Ekspert vurğulayıb ki, manat qıtlığı olduğuna görə dollara tələbin artacağı ilə bağlı proqnozlar özünü doğrultmur: «Əslində, iqtisadi baxımdan dollara tələb artmalı idi, amma manat qıtlığı bu tələbi məhdudlaşdırdı. Çünki idxal artır, Azərbaycanın hər zaman idxal məhsullarına tələbatı böyükdür».

Ekspert yaxın dövrlə bağlı təxminlərini də dilə gətirib: «Əgər Mərkəzi Bank manat bazasının məhdudlaşdırılmasını davam etdirəcəksə, nağdlaşdırma ilə bağlı limitlər qalacaqsa, dollara tələb artmayacaq. Manat bazasının məhdudlaşdırması qısamüddətli dövrdə effektli ola bilər. Ortamüddətli dövr üçün manat bazasının optimallaşdırılması siyasəti həyata keçirilməlidir».

V.Bayramlı qeyd edib ki, əksər dünya ölkələrində dollar bahalaşır.

İqtisadçı vurğulayır ki, Azərbaycanda məzənnə inzibati əsaslarla formalaşdırılır.

Tikinti
Tikinti

AZALAN TİKİNTİ, ARTAN İŞSİZLİK

«Novoye Vremya» qəzetində «İqtisadi böhran tikinti sektorunun axırına çıxır» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda qeyd edilir ki, böhrandan sonra tikinti şirkətlərinin 80 faizə qədəri ya sıradan çıxıb, ya da fəaliyyətini məhdudlaşdırıb.

Müəllif yazır ki, tikinti işlərinin azalması gənclər arasında işsizliyin artmasına səbəb olub: «İqtisadi böhran başladı, manat ucuzlaşdı, bank sahəsində durum pisləşdi, tikinti biznesində «boğulma» baş verdi. Bu proses bu gün də müşahidə edilir».

Daşınmaz əmlak sahəsi üzrə ekspert Rəşad Əliyev deyib ki, Azərbaycanda, əslində, tikinti şirkətlərinin maliyyə monitorinqi aparılmır. Hansı şirkətin tikinti bazarında dayanıqlığa malik olub-olmadığı bir elə bəlli deyil: «Şirkət var ki, bir bina tikib, paralel həmin mənzilləri satır, faktiki olaraq isə müflisdir. Bu ona görə baş verir ki, şirkət müflis olması haqda müraciət etmir».

Yazıda bu vəziyyətin yaranmasına başlıca səbəb kimi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi göstərilir. Müəllif hesab edir ki, artıq iri tikinti şirkətləri digərlərini sıradan çıxarıb, bazarda sağlam rəqabət yoxdur.

Əkrəm Həsənov
Əkrəm Həsənov

MÜFLİSLƏŞMƏ NECƏ OLUR

«Exo» qəzeti «Azərbaycanda kim özünü və necə müflis elan edə bilər?» sualına hüquqşünas Əkrəm Həsənovla cavab axtarır. ««Dayanıqsızlıq və müflisləşmə haqqında» Qanun 1997-ci ildə qəbul edilib. Bütün bu illər ərzində bu qanun fərdi sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə şamil olundu. 2015-ci ildə düzəlişlərlə qanun adi fiziki şəxslərə də aid edildi. Amma müflisləşmənin elan olunması qaydasının təfərrüatları açıqlanmadı», - deyə Ə.Həsənov qəzetə bildirib.

Ekspert deyib ki, bu qanun ümumilikdə köhnəlib və yenidən işlənməlidir.

Ə.Həsənov vurğulayıb ki, adi fiziki şəxsləri də əhatə edən müflisləşmə institutu bütün sivil ölkələrdə inkişaf edib: «Qərb ölkələrində bu 100 ildən çoxdur ki, mövcuddur. Amma, necə olursa olsun, Azərbaycan da bu nöqtəyə gəlməlidir. Məncə, fiziki şəxslər müflisləşmə qaydasının qanunda əksini tapmamasına baxmayaraq, özlərini müflis elan edə bilərlər».

O hesab edir ki, bu məsələni Konstitusiya Məhkəməsinə daşımaq olar.

Ə.Həsənov deyib ki, qanunda fərdi sahibkar olan fiziki şəxs özünü müflis elan edirsə, bu onun adi fiziki şəxs kimi götürdüyü bank borclarına da şamil edilməlidir: «Fiziki şəxs əlində hansısa mülkiyyət olduğu, amma bütün borclarını bağlaya bilmədiyi halda belə, özünü müflis elan edə bilər».

Ekspertə görə, bütünlükdə müflisləşmə məsələsinin detallarının aydınlaşdırılması cəmiyyətə faydalı ola bilər.

XS
SM
MD
LG