Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:55

'Bankların əksəriyyəti 'parnik' qurumlar olub'


İ.Əliyev
İ.Əliyev

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları, manatın neftdən asılılığı və bank sistemində yaranan böhranın səbəbləri bu gün medianın aparıcı mövzusudur...

İSLAM HƏMRƏYLİYİNİN DÜYÜN NÖQTƏSİ

«Azərbaycan» qəzeti «İlham Əliyev dünyanı sülhə, İslam ölkələrini isə həmrəyliyə çağırır» sərlövhəli məqalədə bu il Azərbaycanda keçirilməsi gözlənilən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı silsilə yazıların dərcini davam etdirir.

Müəllif təxminən bir aydan sonra başlanacaq IV İslam Həmrəyliyi Oyunları ilə Azərbaycanın yenə də dünyanın diqqət mərkəzində olacağını bildirir: «Müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına məhz Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə verilən qiymətin, göstərilən böyük etimadın əyani sübutudur».

Müəllif hesab edir ki, bu oyunlar təkcə idman yarışları demək deyil, onda daha önəmli çalarları var: «İslam Həmrəyliyi Oyunları həm də bütün müsəlman dünyasının həmrəyliyinə xidmət edən mühüm bir vasitədir. Məlumdur ki, bəzi müsəlman dövlətləri arasında münasibətlər rəvan deyil, bundan əziyyət çəkənlər isə sadə müsəlmanlardır. Ona görə, bu gün bütün İslam aləminin həmrəyliyə, mövcud problemlərin həlli üçün birləşməsinə ehtiyacı var».

Yazıda deyilir ki, prezident İlham Əliyevin «2017-ci ilin Azərbaycan Respublikasında «İslam həmrəyliyi ili» elan edilməsi haqqında» sərəncamı da bu istiqamətdə atılmış mühüm addımdır: «Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək».

Əkrəm Həsənov
Əkrəm Həsənov

TALEYİ NEFTDƏN ASILI MANAT

«Exo» qəzeti «Azərbaycan manatı devalvasiyaya məhkumdur?» sualına ekspert Əkrəm Həsənovla cavab axtarır.

«Hazırda Azərbaycan manatının məzənnəsi neftin qiymətindən, bir az da ölkədə artmaqda davam edən manat kütləsinin həcmindən asılıdır. Amma indidən demək olmaz ki, neftin qiyməti sabitləşib və artmaqda davam edəcək. Düşünmürəm ki, neftin qiyməti 60 dollara yüksələcək, aparıcı ölkələr öz aralarında razılığa gəlməsələr, situasiya sabitləşməyəcək»,- deyə o qəzetə bildirib.

Yaxın illərdə dövriyyədə manat kütləsinin azaldığına toxunan ekspert deyib ki, Mərkəzi Bank əvvəl-axır milli valyutanın kütləsini artıracaq. Bütün bunlar isə manatın məzənnəsinin yenidən düşməsinə səbəb olacaq: «Bu ona görə edilib ki, manatın məzənnəsi tam düşməsin. Çünki lazımi qədər manat kütləsinin olmaması ödəniş sistemini «iflic» hala salıb».

Ekspert manatın hazırkı məzənnəsinin artmasını «süni proses» adlandırır. O hesab edir ki, Mərkəzi Bank manat kütləsinin həcmini dövriyyədə azaltmaqla əhalinin əlində olan dollarları ucuz qiymətə alaraq, öz valyuta ehtiyatlarını artırmaq məqsədi güdür.

Yazıda beynəlxalq reytinq agentliklərinə istinadən qeyd edilir ki, neft hasil edən ölkələrin valyutalarının gələcək məzənnəsi də elə neftin qiymətinin sabitliyindən asılı olacaq: «Rus rublu və Qazaxıstan təngəsi vəziyyətdən çıxa bildi. Amma Azərbaycan manatı hələ də neftin qiymətindən asılı olaraq qalır. Xarici valyutaya tələbat və ölkə iqtisadiyyatının sabitləşəcəyinə inamın azlığı fonunda manat daha da zəifləyir».

Yazıda deyilir ki, manatın üzən məzənnə rejiminə keçdiyi bildirilsə də, bu, heç də həqiqət deyil. Müəllifə görə, manatın gələcək taleyi neftin qiymətindən və hökumətin apardığı iqtisadi siyasətin səmərə verib-verməməsindən asılı olacaq.

Qubad İbadoğlu
Qubad İbadoğlu

BANK SİSTEMİ SAĞLAMLAŞA BİLİRMİ?

«Yeni Müsavat» qəzetində isə «İqtisadiyyatı böhrana sürükləyən bank sektoru- çıxış yolu varmı?» sərlövhəli məqalə oxumaq olar. Yazıda, əsasən, ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verilib.

Yazının girişində baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovdan sitat gətirilir. Onun «ölkə iqtisadiyyatına ən ağır zərbəni bank sistemi vurub» sözləri xatırladılır.

Ə.Əhmədov həmçinin deyib ki, hazırda dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bu sektorda sağlamlaşdırma yönündə ciddi addımlar atılır.

Ekspert Q.İbadoğlu isə Ə.Əhmədovun səsləndirdiyi fikriləri qəzetə belə şərh edib: «Bank sistemi Azərbaycanda formalaşmış yanlış iqtisadi siyasətin, yalnız neft amili əsasında qurulmuş makroiqtisadi sistemin fəsadlarını göstərir. İqtisadi böhran zamanı ilk növbədə bank sisteminin problemləri ortaya çıxdı. Çünki bu sektor iqtisadiyyatda ən zəif nöqtə idi».

Q.İbadoğlu hesab edir ki, bankların əksəriyyəti, əsasən, «parnik» qurumlar olub. Əsasən dövlət sifarişi əsasında həyata keçilən iri bank köçürmələrindən və kredit qoyuluşlarından qazanıblar.

Q.İbadoğlu deyib ki, banklar səhv kredit siyasəti yürüdüblər, idarəçilikdə problemlər olub və ona görə də, bütün bu problemlər üzə çıxıb.

Amma Q.İbadoğluya görə, ölkə iqtisadiyyatına zərbə vuran təkcə bank sistemi deyil. İnhisarçılıq, dövlət idarəçiliyində kök salmış korrupsiya ən böyük problemlərdəndir: «Bank sektorunda baş verən nasazlıq iqtisadiyyatın digər sahələrinə təsir edəcək. Düşünürəm ki, bank sektorundakı bu problemlər davam edəcək və bu digər sektorlarda da problem yaradacaq».

XS
SM
MD
LG