Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 18:00

Facebooka məxsus olan WhatsApp məlumat mübadilə xidməti UPI, Aaadhaar və BHIM şirkətlərinin iştirakı ilə rəqəmli tranzaksiyaları işə salmağa hazırlaşır. Bu təşəbbüs Hindistanda peer-to-peer ödəmələri xidmətinin işə salınmasının başlanğıcı kimi nəzərdən keçirilir.

Hindistanın "The Ken" media şirkətinin verdiyi məlumata görə, WhatsApp-ın işə salmağa planlaşdırdığı, hökumətin dəstəklədiyi banklararası UPI sistemi yaxın altı ay ərzində istifadəyə veriləcək. Bu xidmətin sayəsində istifadəçilər arasında ödəmələr mümkün olacaq.

WhatsApp-ın yaradıcısı Brayan Akton (Brian Acton) fevral ayında Hindistana səfəri zamanı şirkətin ödəmə xidmətlərinin öyrənilməsinə başladığını etiraf etmişdi.

Facebook artıq özünün Messenger məlumat mübadilə əlavəsində ödəmələri reallaşdırıb. Ancaq bu xidmət hələlik WhatsApp qədər populyar deyil. WhatsApp-ın ən böyük bazarı olan Hindistanda onun artıq 200 milyon istifadəçisi var. Bu isə WhatsApp-ın bir milyardlıq istifadəçi kütləsinin beşdə biri deməkdir. Buna görə də mesajlaşma nəhənginin bu mühüm layihəni məhz Hindistanda başlamaq niyyətində olması təəccüblü deyil.

2015-ci ilin may ayında Hindistanın "Axis Bank" bankı mobil ödəmə xidmətini işə salıb. İstifadəçilər bu xidmətin köməyilə WhatsApp, Facebook, Twitter, elektron poçt və kontaktların telefon siyahısı vasitəsilə bir-birinə ödəmələr göndərə bilərlər. Sinqapurun "Fastacash"sosial ödəmələr operatorunun iştirakı ilə işlənib hazırlanmış Ping Pay əlavəsi peer-to-peer nəğdsiz əlavələrini mümkün edir. Bundan başqa, onun köməyilə mobil telefon hesablarını IMPS ani ödəmə xidməti vasitəsilə doldurmaq mümkündür. IMPS Hindistanın milli ödəmə korporasiyasına məxsusdur.

“Hindistan WhatsApp üçün vacib ölkədir... Biz "Digital India" ("Rəqəmsal Hindistan") vizionunun paylaşan şirkətlərlə necə işləyə biləcəyimizi araşdırırıq. Eyni zamanda istifadəçilərimizdən gələn rəyləri yaxından izləyirik", - deyə WhatsApp "TechCrunch"a bildirib.

Bu yeni xidmət Facebooka məxsus olan, bütün dünyada bir milyarddan artıq istifadəçisi olduğu iddia olunan WhatsApp üçün çox böyük əhəmiyyət kəsb edərdi.

Artıq WhatsApp Hindistanda rəqəmli ödəmə layihəsini idarə etmək üçün əməkdaş axtarır. "Rəqəmli tranzaksiyalar rəhbəri, Hindistan" adlanan bu yeni pozisiyanı tutan əməkdaş Facebookun Kaliforniyadakı baş qərarganında oturacaq.

Hindistanın baş naziri Narendra Modinin ötən ilin noyabrında ölkədə bütün 500 və 1000 rupilik əskinasları qadağan etməsindən sonra onlayn ödəmələrin populyarlığı kəskin artıb. Baş nazirin bu şok qərarı nəticəsində ölkənin nəğd pul kütləsinin 86 faizi pul dövriyyəsindən çıxıb. Nəticədə təkcə rəqəmli ödəmə provayderləri yox, həm də hökumətin özünün ödəmə platformaları istifadəçilər arasında populyarlaşdı.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG