Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:12

İsmayıl Rizvanoğlu. Acı xəbər


Azeri author Ismayil Rizvanoghl (İsmayı Rizvanoğlu).

"Bir təhər dodaqlarım arasından bu cümləni çıxara bildim.
-O... O.. ölənlər mənim valideynlərimdir...
Sonra göz yaşlarım məni boğdu".

İsmayıl Rizvanoğlu

“Yarımçıq hekayə”

Onları nə zamansa tərk etmək, o evdən birdəfəlik çıxıb getmək qərarını heç vaxt ağlıma gətirməyi fikirləşməzdim. Mənim üçün bu qədər doğma və istiqanlı, bu qədər sevgi bəslədikləri halda o evdən çıxıb getməyi düşünməzdim. Amma, axı bu mənim həyatım idi. Mənə onlarsız çətin olduğu qədəri ilə onlarla da çətin idi yaşamaq. Bəlkə də indi çox nankor biri oldum, həqiqətdə elə də sayıla bilər, ancaq nə edim ki, qərarımda dönməzliyim və qətiyyətli olmağım həyat prinsipimdir. Evdən aralandığım dörd yüz-beş yüz metr məsafə olardı. Yolun düz ortası ilə başı aşağı yeriyirdim. Sevimli itim Diyeqo da yanımda mənim kimi sakit-asta addımlarla yürüyürdü. Sadiq dostum, dəmir darvazanı örtüb çıxarkən məndən qabağa tullanıb evi tərk etdi. Üzünə gülümsədim. Aprel havasının mülayimliyi duyulurdu. Nə isti idi, nə də soyuq. Kövrəklik var idi səmada. Nəfəs aldıqca ciyərlərimə hopurdu bu kövrəklik. Əhvalım daha da öləziyirdi. Yol boyu içimdən geri dönmək keçirdi. Geriyə qayıdıb ayaqlarına sarılıb “daha səni burada buraxıb getmək istəmirəm” istəyi keçirdi. Amma, rədd etmək üçün özümü məcbur edirdim. Yox, geri dönməməliyəm. Qətiyyən! Bu mənim qərarım idi. Öz qərarıma isə hörmət etməyə özümü borclu hiss edirdim. Qabaqda, yolun sağındakı dükana girdim. İki şüşə pivə alıb yoluma davam etdim, Diyeqo ilə birgə. Bir azdan hava qaralacaqdır. Mən isə hara gedəcəyim barədəsə düşünmürdüm. Düşünmək belə istəmirdim. Hal-hazır ki, durumum mənə rahat idi. Və bu rahatlığı kimin və nəyinsə pozmasını əsla istəmirdim. Şüşənin dibindəki son qurtum pivəni də içib şüşəni yol kənarında zibil qabı olmadığından boşluğa tullayıb yenidən davam etdim. Gedirdi ayaqlarım. Düşünürdü beynim. Siqaret alışdırdım. Sinə dolu tüstü. Və yenə də uzun bitməyən yolun ayaq ağrısı. Telefonumu söndürdüyümdən musiqi də dinləyə bilmirdim ki, yol gözümə qısa görünsün. Bezdim halımdan əl edib taksi saxlatmaq istədim tərslikdən bir maşın belə gözə dəymirdi. Beş-on addım da atmışdım ki, qarşı tərəfdən köhnə, sovet markalı maşının burnunu gördüm. Ləhləyə-ləhləyə gəlirdi. Deyəsən o da mənim kimi yorulmuşdur. Gözlərimə sevinc qondu. Ayaqlarım dincələcəkdir deyəsən. Dayandım. Maşının gəlib çatmağını gözləyərkən sevimli Diyeqomu qucağıma aldım. Tükləri məxmər kimi idi. Sığalladım, öpdüm. Bağrıma basdım. Yenidən sinə dolusu nəfəs aldım. Geriyə çevrildim. Yerə atdığım siqaret kötüyümü təpiyim ilə kənara tulladım. Guya şəhərin qeydinə qalırdım. Çox gülməli idi. Maşının çatmağına az məsafə qalmışdı. Sol əlimi havada yellədim. Yaxınıma gəlib saxladı. Sürücünü görəndə təəccübləndim. Adətən bu cür maşınları şəhərimizdə yaşlı adamlar sürürlər. Amma sürücü isə iyirmi üç-iyirmidörd yaşlarında cavan oğlan idi. Bir istədim getməyim təşəkkür edib cənabı yola salım, sonra fikirləşdim güclə bir maşın tapmışam, bunu buraxsam yenə piyada getməli olacam. Odur ki, dillənməli oldum.

Buna da bax: Sevgi romanı həvəskarları üçün gənc yazardan yeni kitab gəldi

-Cənab, məni vağzala qədər ötürə bilərsiz?

-Ee, xanım mən taksi deyiləm, amma ötürə bilərəm. Əyləşin.

-Təşəkkür edirəm. Haqqınız nədir verəcəm.

-Ehtiyac yoxdur. Buyurun oturun. Yolum da ora yaxındır.

-Sağ olun.

Maşının arxa oturacağında oturduq Diyeqo ilə. Cavan oğlan elə gəldiyi sürətlə də avtomobili idarə edirdi. Səbrsizlənirdim amma bunu biruzə verməməyə çalışırdım. Oğlan isə ağzın açıb bir kəlimə də danışmırdı. Dözmədim, sıxdı məni bu səssizlik. Onun adını öyrənmək istədim.

-Cənab, adınız nədir?

Üzümə gülümsədi. Yola baxdı. Cavab vermədi. Əsəb gəldi mənə. İçimdə "özünü nə sayır bu ədəbsiz. Adını soruşdum da... Adam kimi cavab ver. Burada nə var ki, yeyəcəm elə bil bunu" - dedim. Orta güzgüdən mənə baxdı. Pəncərəni açdı. Eyni anda mən də pəncərəni açdım. Üzümə həzin aprel küləyi vurdu. Əlini atıb sürət qutusunun üstündən siqaretindən birini götürüb güzgüdə mənə işarə edərək dilləndi.

-Etirazınız yoxdur ki?

Bu dəfə isə mən acıq edib cavab vermədim.

-Hə, bir də adım Edqardı.

Güldü güzgüdən mənə. Siqareti məndən cavab gəlmədiyini görüb qutusunun yanına qoydu.

-Çəkə bilərsiz. Mən də çəkmək istəyirəm çünki.

Güzgüdən üzümə gülümsədi təkrar. Qutusunuuzatdı yarı əyilərək. Əvəzində öz qutumu çıxardıb ona göstərdim. Bu dəfə mən də gülümsədim.Siqareti damağıma qoymadan öncə saçlarımı yığdım. Güzgüdən məni seyr edirdi sən demə. Bunu qollarımı aşağı salarkən toqquşan baxışlarımızdan anladım.

-Yola baxın cənab.

Yenə gülümsədi. Gülümsəyərkən gözlərində qəribə parıltı yaranırdı. Bəmbəyaz dişləri adamın gözlərini qamaşdırırdı. Hə bir də, bu köhnə maşınından gələn qəribə, xoşa gələn ətri də unutmadım. Adamın beyninə sirayət edirdi. O zamana qədər ki, siqaret tüstümüz bu ətrilə qrışıb tamam başqa qoxu yaratmışdı içəridə. Siqaret kötüyümü pəncərənin kiçik açıq hissəsindən bayıra atıb onunla söhbət qurmağa başladım.

-Adım Aidadır. Yəni, Aidə.

-Anladım.

-Deyəsən az qalıb çatmağımıza.

-Elədir.

Adama nə deyirdimsə hamısına konkret cavablar verir, məni daha da səbrsizləndirirdi. Susmağı düşündüm, onsuzda yüz-yüz əlli metr sonra düşəcəkdim. Həm də düşündüm ki, bəlkə yersizcümlələrimlə onu bezdirirəm. Diyeqonu yenidən sığalladım. Maşınınn radiosunu açdı. Dalğalar qarışırdı bir-birinə. Bir təhər bir kanalı tudu. Aparıcı nəsə boşboğazlıq edirdi, dəyişdi, o birində reklamlar gedirdi. Deyəsən musiqi axtarırdı. Yenidən axtarışına davam etdi. Xəbərlər gedirdi. Saxladı. Lənətə gəlsin mən də elə bilirdim adam musiqi üçün kanal axtarışı edir. Sən demə xəbərlər verilən kanalı axtarırmış. Susudum və olduğum vəziyyətə alışıb tez düşəcəyim barədə fikirləşdim. Radioda oğlan aparıcı bu gün ölkədə baş verənlərdən danışırdı. Diqqətimi pəncərədən çölə yol boyu sıra ilə düzülən göydələnlərə verib, şəhərin qələbəliyinə fikirlərimi dağıdırdım. Tıxac yox idi bu gün nədənsə. Qulağıma sızan radiodakı oğlanın səsi məni qıcıqlandırırdı. Gözlərimi yoldan götürüb cavan sürücümüzə ünvanlamaq istəyəndə birdən bütün diqqətim radioya yönəldi. Radiodakı səs qulağımda exo verməyə başladı. Anidən diqqət etdiyim xəbər başlığında evimizin ünvanını eşitdim. Boğazım qurudu. Xəbərin nə olduğundan tam məlumatlı olmadığıma baxmayaraq özümdən asılı olmadan narhat oldum. Edqar bunu hiss etdi dəyişmək istədi kanalı onun üstünə “dayan” deyə bağırdım.

Buna da bax: 'Mən Vəfaya görə 11 il yatmışdım' - romandan parça

“Axşam saatlarında Hüseyn Cavid prospektindəki, məhəllə 13, ev 25 də baş verən yanğın nəticəsində Abdulsalamova Rada Roman qızı və Niftəliyev Vüqar Kamil oğlu hadisə yerindəcə dünyasını dəyişiblər. Fövqəladə Hallar Nazirliyinin yanğın xidmətinin əməkdaşları evi söndürməyi bacarsalar da evdə olanları və əşyaları xilas etmək mümkün olmayıb. Ev tamamilə...” Bundan sonra nə dedisə aparıcı heç nə eşidə bilmədim. Qulaqlarıma qum doldururdular elə bil. Ətrafdakı səslər itdi bir anlıq. Diyeqonun qolumu yalamasından özümə gələndə cavan sürücümüz maşını yolun kənarında saxlayıb mənə əlində su təklif edirdi. Özümü toparlayıb sudan içdim. Bir təhər dodaqlarım arasından bu cümləni çıxara bildim.

-O... O.. ölənlər mənim valideynlərimdir...

Sonra göz yaşlarım məni boğdu. Oğlan maşını işə salıb evə aparmaq üçün tələsdi. Ağlayırdım. Hönkürtü ilə ağlayırdım. Başqalarından fərqli olaraq özümə əl qatmırdım. Sakitliyimdə hüznümdə boğulmaqda idim. Maşın ilk gördüyümdəki sürətdən fərqli olaraq bu dəfə uçurdu elə bil. Məhəlləmizə çatdıq. Qapını açıb evə doğru qaçdım. Amma məni buraxmadılar yaxına. Edqar arxamda idi. Əlini çiynimə apardı. Özümdən asılı olmayaraq onun sinəsinə sıxıldım. Ağladım, dərin hıçqırıqlarla. Bütün köynəyi yaş içində oldu. Məni hürkən əlləri ilə sardı. Kövrəlmişdir o da. Sonra Fövqəladə işçilərinə yaxınlaşdıq. Valideynlərimin meyitlərini tibbi ekspertizaya aparmışdılar. İdarəyə getməyimizi dedilər. Qonşumuz Mənsur dayı ilə Nəsibə xala məni görüb qucaqladılar. Baş sağlığı verdilər. Boğuq səslə onlara təşəkkür etdim. Maşına qayıtdıq. Çarəsizliyin dibində idim. Uşaqlığım keçən o məkanı, qucaqlarında böyüdüyüm, nə qədər də onlara soyuq olsam da valideynlərimi, hər şeyi itirdim, lənət olsun hər şeyi. Özümü qınadım. Möhkəm qınadım, ən çox da bir saat öncə etdiyimə görə.

Saçlarımı oxşayan əlin yumşaq dərisinə sürtülülən üzüm mənə hədsiz doğmalıq bəxş etdi. Gözlərimi açdım. Bəlkə iki saata yaxın olardı onun dizləri üstündə yuxuya dalmışam. Olanları xatırladım yenidən. Gözlərim doldu. Ona sarıldım. Təsadüfi tanışlıqlar illərlə sürən tanışlıqlardan bəzən daha doğma, daha isti olur. İllərlə qayğıma qalan ailəmdən soyuqqanlı ayrılmağım hara, bir neçə saat ərzində tanış olduğum (buna tanışlıqda demək olmur) birinin dizinin üstündə yuxulamaq, hələ üstəlik ona sarılmaq hara. Özüm də heyran qalmışdım halıma. Çaşqınlıq və durğunluq içində idim. Qərarlarımdakı qətiyyətlik bu dəqiqələrdə əriyirdi. Sürətlə əriyirdi. Diyeqonu axtardım. Edqar onun maşında olduğunu dedi. Sadiq dostumun da ayrılığı məni daha betər edərdi. İndi o xatirələrdən mənə qalan tək varlıq o idi. Rahatladım. Edqar düşüb nəsə yeməyi təklif etdi. Etiraz elədim. İsrarla getməyimi istədi. Yenə də inkar etdim. Başını yelləyib ehmalca məni stula oturdub özü dəhlizin sonundakı qapıya doğru istiqamətləndi. Mənim üçün nəsə almağa yollanırdı adam. Axmaq qız yazığı niyə əziyyətə saldın axı? Özümə sual verərək təəssüfləndim. Durub onun ardınca getmək istədim, taqətsizliyim məni saxladı. Və bütün varlığımla yerə çökdüm. Bu andan sonra heç nə hiss etmədim. Bütün zaman dondu mənimçün elə bil. Ətrafın işığı yoxa çıxdı. Səslər də itdi. Sükutun sərtliyi qulaqlarımı küt alətlə deşməyə başladı. Nə gözlərim gördü, nə də qulaqlarım eşitdi... Amma, deyəsən hələki nəfəs alırdım...

Halımdan bezməyim, məni həyatdan iyrəndirirdi, hər gün daha artıq. Sağ ayağımın baş barmağını yerə toxunduraraq, əllərimlə özümə dəstək verib, gözlərimi və nəfəsimi eyni anda sıxıb, qamətimi düzəldib ayaqda qalmaq istədiyim anda bacarmadım. Bacarmadım zibilə qalsın. Bacarmıram. Bacarmayacam da. Mən yeriyə bilməyəcəm. Bilməyəcəm. Bilməyəcəmmm.... Ya, Tanrı haradasan axı gəl aparda bu axmaq yaradılışını. Gəl, nə olar, yalvarıram... Gəl... Göz yaşlarıma boğularaq danışırdım. Danışdıqca əlil arabasının qolluğundakı dərini didişdirirdim dırnaqlarımla. Təkərlərini hərəkətə gətirib stola yaxınlaşdım. Siqaretim bitmişdi, Edqarsa özü bilərəkdən yeni qutunu yatağımın yanındakı siyirtmənin üstünə yox, stola qoymuşdur. O inanırdı, daha çox ümid edirdi ki, mən yeriyə biləcəm, bunu bacaracam. Yazığım gəlirdi ona. Ürəyim ağrıyırdı. Özümü bağışlaya bilmirdim. Olanlar məni darmadağın etmişdi. Bir vaxtlar tək yolda rahat addımlayan bu ayaqlarım indi məndən imtina etmişdi. Diyeqom da mən arabaya otuduğum an yoxa çıxmışdı. Neçə-neçə gecələr onun üçün ağladım, sızladım. Edqar bəlkə yüzüncü it idi ki, mənim üçün alıb gətirirdi, amma mən rədd edirdim. Heç biri Diyeqomun yerini verə bilməzdi. Diyeqonun yoxluğu yox, onun səbəbsiz getməyi məni daha çox incidirdi. Görəsən niyə? Niyə ən yaxınlarım, öyrəşdiklərim, illərlə yanlarında olduqlarım daha tez məni tərk edirdi?. Cavab tapmadıqca başımı yumruqlayırdım. İçki qəti qadağan olunmuşdur mənə. Ancaq indi üçün içmək istəyirdim. Edqara zəng vurdum. Zəng getdi. Adətən ilk çağırışdan telefona cavab verərdi. Bu dəfə isə artıq dördüncü çağırış idi amma ondan cavab yox idi. Avtocavab gəldi: “Siqnal səsindən sonra ismarıcınızı qoya bilərsiz”. Qıcıq oldum axmaq qızın səsinə. Yenidən yığdım. Bir neçə dəfə çağırdı və ardınca yenidən o ləçərin ağzını büzərək söylədiyi səs. Telefonu yatağıma tulladım. Pəncərəyə yaxınlaşıb siqaretimi alışdırdım. Bu qədər vaxt ərzində onun qayğıma sevə-sevə qalması məni təəccübləndirdikcə kövrəldirdi. Ona heç bir köməyim dəyməyincə, yaxşılıqlarının əvəzini vermədikcə dəli olurdum. Özümü rahatsız hiss edirdim, yük olduğumu anlayırdım. Lakin, qətiyyən o bunu mənə hiss etdirməzdi. Sidik dolu vannamı gülümsəyərək boşaldardı hətta. Utandığımı hiss etdikcə üstünü vurmaz, daha sonralar isə arabamın altına qab düzəltmişdi ki, o olmadan sidiyə rahat gedib, sonrasa, pedalda quraşdırmışdı hətta tualetdə çanağa əyilib sidiyimi özüm boşalda bilim. Adamın elədiklərinin qarşısında çarəsiz lənətə gəlmiş halımla özümü dəhşətli pis hiss edirdim. Amma, nə edəydim, çarəsiz idim. Hətta bir dəfə özümü öldürmək istədiyim anda dadıma çata bilmişdi. Yenə də növbəti təsadüf. Elə bil ki, onunla eyni qanı daşıyırdıq. Sanki, xəmirimiz bir yoğrulmuşdu. Onunla bir neçə gecə sevişmikdik. Bu halımla məni incitmək istəmədiyini görüb ehtirasımı içimdə boğmağa çalışırdım.

Pəncərəyə dayaq olub astaca aşağıya boylandım. İnsanların azad, rahat sağa-sola gəzişməsi məni sarsıldırdı. Yerimə çökdüm. Və özümü Edqarın mənim üçün etdiyi hər şeyi saniyəbəsaniyə xatırlamağımın eyforiyasına qapatdım. Gözlərimin yaşı ovcumda olduğundan saxlaya bilmədim. Ağladım, amma içimdə bu dəfə. Mən ağlayarkən siqaret çoxdan yeddinci mərtəbən aşağıya düşmüş, oradan da asfaltın nahamarlığına qovuşmuşdu. Bəlkə də ən pis halda kiminsə başına düşmüşdü. Ümid edirəm ki, birinci olub. Təkərləri hərəkətə gətirib yatağıma doğru istiqamətləndim. Yenidən telefonu götürüb onu yığdım. Yenə də cavab yox idi. Artıq narahatçılıq gəldi içimə. Təkrar yığmaq istəyidim ki, telefonuma zəng gəldi. Tanımadığım nömrə idi. Sağ qaşımı aşağı endirib təəccüblə ekrana baxıb zəngi açdım.

-Salam Aidə xanımdır?

-Bəli, buyurun. (səs tanış gəlmədi)

-Xanım, bağışlayın narahat edirik. Qardaşınızın ölüm xəbəri ilə bağlı sizi narahat edirik.

-Üzr istəyirəm, qardaşımın? Siz deyəsən səhv düşmüsüz.

-Mm, Aidə xanım deyil ki?

-Aidə xanımdır, amma mənim qardaşım yoxdur yoldaş, siz... (sözümü kəsdi)

-Niftəliyeva Aidə Vüqar qızı. Düzdür?

-Bəli.

-Aha. O zaman düz zəng vurmuşuq. Bu gün günortaya yaxın saatlarda qardaşınız hündürmərtəbəli binadan özünü ataraq intihar edib. Hal-hazırda tibbi ekspertiza üçün meyit yoxlanışdadır.

-Cənab, çox üzr istəyirəm, ad soyadım doğrudur hətta ata adım da. Amma bir izah edin xahiş edirəm, söhbət kimdən gedir? Kim intihar edib?

-Niftəliyev Elnur Vüqar oğlu. Yeni sənədləri iləsə Romanski Edqar...
Xəttin o tərəfindən gələn səsləri eşidə bilmirdim. Elə bil qulaqlarıma alov dolmağa başladı. Elə bil məni arabaqarışıq pəncərədən aşağı atdılar. Bütün bədənim soyudu. Nəfəsim qurudu. Dodaqlarım daha sonrasa bütün bədənim əsməyə başladı. Telefon əlimdən sürüşüb yerə düşdü. Var gücümlə bağırdım. Başımı yumruqlamağa başladım. Birtəhər əyilib yerdə danışan telefonumu götürdüm. Bütün bunlar an içində baş verdi. Qorxa-qorxa qulağıma yaxınlaşdırdım.

-... Meyitini öz maşının yanında tapdıq. Maşına axtarış edərkən orada olan sənədlərdən məlum oldu ki, o sizin doğma qardaşınızdır. Uşaq ikən, valideyninizin uşaq evinə təhvil verdiyi həmin oğlandır. İntihar səbəbi araşdırırlır. Bildiyimiz qədəri iləsə siz bu bəylə bir evdə...
Yenidən eyni halım başladı. Bu dəfə isə özümə hakim çıxa bilmədim. Telefonu var gücümlə divara çırpdım. Arabamdan bir cəhdə ayağa qalxdım. Addımımı atmaq istəyəndə yerə sərələndim. Pəncərəyə doğru can atdım. İməklədim uşaq kimi. Yeri dırnaqlarımla cıza-cıza süründüm. Göz yaşlarım döşəmə boyu damcılayırdı. Damcıladıqca köynəyim onu silib yenidən ürəyimə aparırdı. Dirsəyimlə güc verirdim. Ayaqlarım məndən ixtiyarsız arxamca gəlirdi. Bütün bədənim su içində idi. Çatdım. Əlimi divara sürtə-sürtə qaldırıb məhəccərdən tutdum. Bütün gücümü topladım əyildim. Və təkan vermək istədim. Alınmadı. Tanrıııııı!!!! Mənə güc ver xilas olum. Yalvarıram! Yalvarıram.... Bağırırdım. Dəhşətli səs götürmüşdü bütün otağı. Növbəti cəhd. Mən deyəsən... Deyəsən al...

Arxadan əl çiynimdən dartıb məni otağa saldı. Qucağına aldı. Ağlamaqdan şişmiş gözlərimi yumub açdım tez-tez. Tanımadığım biri idi. Danışa bilmirdim. Dilim elə bil damağıma yapışmışdır. Qığıldadım uşaq kimi. Nəfəsim çatmırdı. Gözlərimi yumdum. Özümdə idim. Heç nə görə bilməsəm də. Səsləri eşidirdim. Otaqda səslər artırdı getdikcə. Elə bil bütün şəhər otağa doluşmuşdu. Görəsən nə olub? Yoxsa mən doğurdan öldüm? Kimdən soruşum bunu? Lənət olsun, gözüm də görmür. Hər tərəf zülmət içindədir. Qoluma əl toxunduğunu hiss etdim. Deyəsən kimsə mənə toxunur. Qucağına aldı hətta. Aparırlar. Təkər səsləri eşidirəm döşəməmdə. Xərəyin səsidir bu. Onlar məni... Onlar məni... Offf, imkan vermədilər ölüm. Mən ölmədim. Axı mən, bütün bunları.... Bəsdir Tanrı oynadın mənimlə. Yetərrrrr!!! Qışqırığım otaqla bir oldu. Qollarımı xərəyə bağladılar. Sürətlə düşürdük aşağı. Göz qapaqlarım bu dəfə məndən xəbərsiz aralanmışdır. Və olanları görürdüm. Təcili yardım maşınına minəndə hər tərəf ağ dumana büründü bir anda. Və daha heç nəyi hiss edə bilmədim. Növbəti vəhşi sükut.

-İki həftəlik hamilədir. Zavallı. Adamın bilmir yazığı gəlsin ya yox. Qardaşından da hamilə qalmaq. Vallah bu insanlıq görəsən... Əşi hər nəisə. Cəhənnəmə ki. Niyə acıyaq ki, halına. Öz zibilidir özü də çəksin indi.

-Hə, sən bir şərəfsizliyə bax ee. Qızı hamilə qoyub sonra da özünü öldürəsən? Adam heç rəhmət oxumaq istəmir.

-Eh, ay qız nəyimizə lazım ee.

-Hə, düz deyirsən. Gedək çay içək. Özümü çox pis hiss elədim.

-Gedək. Nç, nç... deyirəm necə də əclaf olasan ki, öz doğma qardaşının...

-Susun!!!! Sakit durun ləçərlər. Siz nə bilirsiz axı? Nə bilirsiz...

Boğula, boğula hıçqırıqlarla ağladım. Qışqırığımdan söhbət edən tibb bacıları diksinib ayaq saxladılar. Mənə yaxınlaşıb sakitləşdirməyə çallışdılar. Birinin üzünə tüpürə bildim. Əllərimlə müqavimət göstərirdim. O birisinə isə yumruğum dəydi. Qaçıb həkimi çağırdı. Hamı tökülüşəndə mənim gözlərim qarasını uzaqlara yola saldı. Və bütün beynim yuxuladı. Hər tərəfi ağ görürdüm. Ətrafda bir nəfər canlı gözə dəymirdi. Uzaqdan Diyeqonun qaçaraq üstümə gəldiyini gördüm. Yaxınlaşıb hürməyə başladı. Qarın içində uzanmışdım. Tərpənmədiyimi görüb üzümü yalamağa başladı. Mırıldadı. Gülümsədim üzünə. Yerimi rahatladım. Qulağıma Bethovenin “Ay sonata”sının avazı gəldi. Hər şey çox hüzur verici idi. Əlimlə Diyeqonun tüklərində gəzişirdim. Musiqinin təsirində gözlərimi yumdum. Mənə qətiyyən soyuq deyildi. Bəlkə də soyuğu hiss etmirdim ondan idi. Və bir daha oyanmamaq, bu mənzərəni korlamamq üçün Tanrıya dua etdim. Pıçıltı ilə, Diyeqo ilə...

“İndi bilmirəm, ölməliyəm ya yaşamalı. İndi bilmirəm, bu uşağa övladım deyim ya qardaşım oğlu. İndi bilmirəm o ölməlidir ya...”
Hekayəmi buradada saxlayacam. Ad yazmamışam eh. Adı, adı... Elə adıda olsun “yarımçıq hekayə”. Maraqlıdır məncə. Durum.

-Edqar, hazırsan? Gedək. Əşyalarının hamısını yığmısan çantana?

-Hə.

-Dərsliklərdən unutduğun yoxdur ki?

-Yox.

-Yaxşı gedək.

Yumşaq saçlarını qarşıdırıb, qoxuladım. Gözucu stolun üstündə uzanan hekayəmə baxdım. Bir də yataqdan mənə əl edən ona. Edqar, məni bağışla amma, uşağın günahı yox idi... O gülümsədi və gözdən itdi. Qapını örtüb evdən çıxdıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG