Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 14:44

'Mən Vəfaya görə 11 il yatmışdım' - romandan parça


Bosniada toy zamanı üzü boyanılan qadın. Bosnia regional etnoqrafiya muzeyində.
Bosniada toy zamanı üzü boyanılan qadın. Bosnia regional etnoqrafiya muzeyində.

"Həbsdən çıxandan sonra dilənçilər, bomjlarla dostluq edir və onlara pul verirdimsə artıq onu tapmaqdan ötrü fahişələrə də ödəniş edib onlarla dostlaşmalıydım. Nə olur olsun, mən Vəfanı tapmalıyam. Axı mən hələ də onu sevirəm".

İsmayıl Rizvanoğlu

Vəfa

romandan parça

Uşaq olanda Vəfa adında bir qadına vurulmuşdum. Onda olardı on dörd yaşım. Onunsa otuz yeddi. Uşaq beynimlə uşaqcasına elə pak məhəbbətlə sevirdim ki, onu. Nə vaxt onu görərdimsə o qədər sevincək olurdum ki, hətta bir dəfə qızını gəzməyə aparanda məni dəvət etməsi o qədər böyük sürpriz oldu ki, mənim üçün. Parka gəzməyə getdik. Qızıyla oynadım, gəzdik, gözlərimi ondan ayıra bilmirdim, çox qəribə idi. Balaca ürəkdə böyük və pak məhəbbət... Sevdim onu o, yoxa çıxana qədər. Bir dəfə isə ona görə elə pis oldum ki, çox qorxdum həmin gün. Məhəlləmizdəki çapıq qaşlı Müzəffər dayı onu zorlayanda səsi bütün məhləllədə eşidilmişdi. Qorxudan və qəzəbdən içim dağılırdı. Dözə bilmirdim olanlara. Amma beynimdə sərt fikir formalaşmışdı. Böyüyüm, Müzəffər dayının anasını ağladacam. Həmin gün arzularım çirklənmişdi. Baxmayaraq ki, uşaq idim. Amma qisas hissi məni uzun illər rahat buraxmadı.

İsmayıl Rizvanoğlunun "Vəfa" romanının üz qabığı.
İsmayıl Rizvanoğlunun "Vəfa" romanının üz qabığı.

Həmin hadisədən on bir il ötmüşdür. Vəfa artıq yox idi. O, mənim uşaqlığımda qalmışdı. Amma ürəyim onu elə istəyirdi ki. Çünki, son dəfə onu on bir il öncə görmüşdüm. On bir il öncə içimdə yara-nan məhəbbət. Mən on bir il öncə uşaqlığımı, pak-lığımı və azadlığımı itirmişdim. Vəfasız dünyaya gö-rə, Vəfanı da itirmişdim. Azadlığa çıxandan sonra beynimə həkk olunmuş o xatirələrin izinə düşüb onu tapmağı qərara almışdım. Amma neçə ay idi ki, heç nə əldə edə bilməmişdim. Elə bil, belə bir adam olmayıb. Artıq unutmağa çalışırdım hər şeyi, onu ,uşaq kalonunda olduğum, sonra isə həbsxanada keçən çətin anlarımı. Həyatımı yeniləmək istəyirdim. Fikirli-fikirli gəzib günü-günə satırdım. Dərdimi, sirrimi içimdə saxlamağı sevirdim. Hərdən on bir il öncəyə gülürdüm də, sonrasa özümü tənqid edib qınayırdım. İlk dəfə o qadını sevdim. Harada olsa tapacam, qoy yenə uşaqlıq anlarımdakı kimi bircə kərə üzümə gülüb, əlimdən tutsun. Görəsən o haralardadı indi? Necə yaşayır? Xoşbəxtdirmi? Heç vaxt dilənçilərə də pul verməzdim uşaqlıqdan bəri, amma həbsdən çıxandan sonra hər kəsdən onu soruşub bütün dilənçilərə, bomjlara pul verib, onun əzilib qatlanmış şəklini göstərib soraqlayırdım, Vəfanı tapa bilmirdim. Görəsən Vəfa bilə-bilə ki, bütün bunlar uşaq başıma gəldi, niyə bir dəfə də olsun məni axtarmayıb? Axı həmin günü, onun pak ruhu zəhərlənəndə qisas alıb uşaq beynimlə, uşaq cüssəmlə onu müdafiə etmişdim. Evdən çıxıb Neftçilər metrosu tərəfə yan almışdım. Adətim üzrə yenə dilənçilərə ödəniş edib sorğu edirdim, bir detektiv kimi. Əksəriyyəti də qaraçılar idi. Adama elə kobud münasibət göstərirdilər pulu alandan sonra. Ödənişləri edə-edə metroya tərəf gedirdim. Bir yaşlı qadın əyləşmişdi, ağacların kölgəsində. İstidən adamın canı çıxdığından bu qadın özünə buranı sığınacaq seçmişdi. Amma heç kəsdən pul istəmirdi. Ayaq saxlayıb ona tərəf getdim. Qaydaya uyğun olaraq adətim üzrə əvvəlcə ödəniş edib sonra cibimdən şəkli çıxartdım. Qadının bütün üzünü qırış basmışdı. Əlləri qapqara kişi əlinə bənzəyirdi. Gözlərinin altı çuxur bağlamışdı. Şəkli ona uzadıb: “Bəlkə bu qadını tanıyırsız deyə soruşdum?” Cavab gəlmədi, yanında əyləşdim, bir də soruşmaq istəyəndə, onun ağladığını gördüm. Ürəyim ağrıdı, kövrəl-dim, onu nə qədər danışdırmağa çalışsam da, danışmadı. Onun gözlərindən yaş gilə-gilə süzülürdü. Əlini qoynuna salıb əzilmiş bir şəkil çıxartdıb mənə uzatdı. Göz yaşlarıma hakim ola bilmədim, onu qeyri- ixtiyarı qucaqladım. Gözləri gözlərimdən utandığından başını aşağı salıb hönkür-hönkür ağladı. Aradan illər keçmişdi. Uzun illər ürəyim qubar bağlamışdı. On bir il keçib, insan necə də dəyişərmiş... Bütün yaşananlara rəğmən o qədər sevinirdim. Axır ki, onu tapdım. İndi mənim iyirmi beş , onun isə qırx səkkiz yaşı var.

Buna da bax: Sevgi romanı həvəskarları üçün gənc yazardan yeni kitab gəldi

2

Gecə, saat 02:00. Üzümdə heç vaxt olmayan bir ifadə var. Oturub onu gözləyirəm. Ona veriləcək o qədər sualım var ki. Bu gün ağzını açıb bir kəlmə də danışmadı. Görəsən niyə? Ancaq üzünü məndən gizlədirdi. Otağa yayılan siqaret dumanının içində canlanan mənzərədən bir anlıq quruyub qaldım. Elə bil ki, saatlar öncə qarşımda beli bükülüb, üzü qırışmış qadını bir mələk əvəz elədi. Bir anlıq otağa yayılan zəif işığı gücləndirməyə can atdım. O isə əvvəllər uşaq olanda üzümə hansı təbəssümlə gülmüşdüsə eyni təbəssümlə də gülümsədi. Nəhayət illərlə həsrətini çəkdiyim bu baxışlar yenidən mənə baxdı. Bu, mənə qismət oldu. Mən onu tapdım və gördüm. Baxışlar həmin, təbəsüm həmin idi. Dəyişən tək bir şey var idi, o da keçən on bir il. Masanın üstündə olan kağıza nəsə yazandan sonra mənə uzatdı və yenə də eyni təbəssümlə gülümsədi. Onun danışa bilmədiyini kağızın seluitindən sezdim. Bir az kövrəldimsə də amma bunu boş verdim, çünki onun var olmağı mənim üçün böyük sürpriz və ən maraqlı hadisə idi. Sadə təbəssümlə onu sezərək əyləşməyini xahiş etdim. O isə kağızı mənə uzatdığı andan sonra bu günki günboyu qaydası üzrə baxışlarını yerə dikdi. Ax Vəfa, indi bilmirəm ona necə müraciət edim. O, məni yaxşı eşidirdi, sadəcə danışa bilmirdi. Uşaqlıda ona xala deməkdən zəhləm getməyinə baxmayaraq mənə oğlum deyəndə deməyə məcbur olurdum. Amma indi ona yalnız Vəfa deyəcəkdim, bir vaxtlar vəfasız kimi qiymətləndirməyimə baxmayaraq öz-özümə Vəfa dedim. Mənə tərəf çevrildi, üzümə baxmaqdan çəkindi.

Necə oldu? (kağızı ona uzatdım)

Bir cümlə yazdı...

Onu itirəndən sonra...

Anlamasam da vərəqi yenidən götürüb növbəti sualı yazmağa qərar verdim. Hey istəyirdim ki, ona rəsmilikdən kənar yanaşım, amma bacarmırdım. Çünki, onun on bir il öncəki kimi otuz yeddi yox, qırx səkkiz yaşı var idi.

Qızınız Aydan haradadır?

Kaş bu sualı verməyəydim. Bu dəfə vərəqi ona uzadanda mürəkkəb yerinə göz yaşları yazmağa başladı. Artıq hər şey mənə məlum olmuşdu. Deməli o ya Aydanı itirib, ya da Aydan dünyasını dəyişib. Qəhər məni boğdu, özümü toxtayıb nələrin necə baş verdiyi barədə bütün olanları öyrənmək istəyirdim. Baxmayaraq ki, bu yazışma ilə olduğundan dolayı mənə çətin olsa da. Özümdən asılı olmadı, bir anlıq onun boynunu qucaqladım. İndi hiss elədim ki sən demə xaric insanı aldadır. O daxilən on bir il öncə olduğu kimi mülayim Vəfadır. Həmişə bunu arzulamışdım. Onda uşaq idim. Amma cəsarətsiz deyildim. Bunu dəqiq bilirdim. Çünki, həbs müddətim on bir il çəkmişdi. Qızı yaşda olan biri olduğumu dəqiq bilirdim, amma bu an hər şey tamam başqa cür idi. Bu an mən ona bir ər, kişi doğmalığı ilə yaxınlaşmışdım, əvvəllər uşaq idim. O bunu çox gözəl anlayırdı. Zarafat deyil qırx səkkiz illik bir ömür. Mənim üçün on dörd illik Vəfalı, onun üçün isə doqquz illik vəfasız bir ömür. Bunu son yazdığı cümlələrdən başa düşdüm...

Doqquz il öncə Aydanımı itirdim, o öldü, o getdi, bir müddət sonra mən də evdən getdim...

Yazdım, içim əsə-əsə...

- Nə baş verdi, niyə axı?

- Leykemiya! Əsrin bəlası və səfalət aldı Aydanımı əlimdən! Bütün hər şeyimi satdım...

Bu cümlələri oxuyanda bir anlıq doluxsundum, bir anlıq arzularımın təkrar çirklənməsinin şahidi oldum. Nə yazacağımı bilmədim, yalnız əlimdəki vərəqi əzib ovcumun içində sıxmağı bacara bildim. Doldum, ağlamaq istəməsəm də, özümü güclə saxlamağa çalışsam da, bacarmadım. Siqaret qutusuna əl atdım. O isə bütün bunları baxışları mənə yönəlməsə də rahatlıqla sezirdi. Pak, uşaq sevgim, zorlanan və çirklənən arzularım, neçə illərin həsrəti. Tam paradoks. Beynim inildəyir, ürəyim sızlayırdı. O yeni bir A4 götürüb uzun-uzadı nələrsə yazdı...

Yuxudan oyananda hiss elədim ki, bu gün onu tapdığıma görə çox xoşbəxtəm. Otağa göz gəzdirdim. İki şərab şüşəsi, içi qırmızı rəngdə büllur bakallar və yeni yazılmış daha bir A4 var idi...

3

A4-də bu cür cümlələr yazılmışdı, düz sonuna qədər.

“Sən çox yaxşı uşaqsan!” Gülümsədim, çünki bu cümlədən sonra bir smaylik də qoyulmuşdur. “Həyat məni çox ələ saldı. Çox şeyi səndən gizlətdim, bunu biləsən. Mənim indi dünyam tamam fərqlidir. Mən dünən niyə səninlə gəldim, özüm də bilmədim. İllər səni çox dəyişib. Bir zamanlar əlindən tutduğum balaca İlkin artıq yekə kişi olub. İncimə bayaq uşaq yazmışdım, zarafat etdim ki maraqlı başlasın yazdıqlarım. Həyatımda ilk məni müdafiə edən kişinin on dörd yaşlı olmağı məni heyrətləndirdi, təəccübləndirdi. İlk kişi ki, mənim namusumu kiçik canıyla müdafiə edib ömrünün on bir ilini həbsdə çürütdü. İndi bilirəm məni qınayaraq sual verəcəksən ki, bəs haradaydım bu on bir il? Bir dəfə məni axtarmadın, axı mən uşaq idim. Bəli axtarmadım, çünki hansı üzlə səni axtarardım, arzularını çirkləndirən, həyatını puç edən biri kimi? Odur ki, ilk iki ili bu fikirləri özümdən uzaqlaşdırdım, məhlədən köçdüm, sonrası isə artıq gecə sənə məlum olub, qızımın başına gələnlər, sonra da dünən məni tapdığın halım. Mən sənin arzularına və sənə layiq ola bilmərəm, İlkin. Həyatını qur və xoşbəxt yaşa. Mənim dünyam çox qaranlıqdır, çox çirklidir. Gecə yaşananları isə sənin mənə olan hisslərinin və elədiklərinin əvəzi olaraq qəbul elə. Ağır olsa da bunu qəbul et və həyatına davam elə. Bir zamanlar sənin tanıdığın Vəfa xala artıq yoxdur. Bilirəm, hiss edirdim ki, o vaxtlar bu xala sözündən necə zəhlən gedirdi. Hələ “xala qurban” deməyimi demirəm. Hər şeyi olduğu kimi qəbul elə, məni unut... Sənin bir zamanlar arzularını çirkləndirən qadın – “fahişə Vəfa”!

Bir siqaret yandırmaq indi ən gözəl dərman olardı mənim üçün. Odur ki, əllərim əsə-əsə damağıma qoydum, yandırdım, hələ siqaretimin tüstüsü belə acı olmamışdı. Dəhşət acı dadırdı. Güc-bəla ilə dedim: “Haradasan axı arzularımın qadını? Axı mən səni elə dünən uzun illərdən sonra tapmışdım”...

4

Həbsdən çıxandan sonra dilənçilər, bomjlarla dostluq edir və onlara pul verirdimsə artıq onu tapmaqdan ötrü fahişələrə də ödəniş edib onlarla dostlaşmalıydım. Nə olur olsun, mən Vəfanı tapmalıyam. Axı mən hələ də onu sevirəm. Bütün olanlara baxmayaraq, əvvəlki kimi. Yenə də evdən çıxıb “Neftçilər” ərazisinə yol aldım. Özüm də bilmirdim onu tapacaqdım ya yox, amma qəti fikirdəydim ki, onu axtaracam və bu yoldan çəkindirəcəm, mənim olmasa belə. Artıq bu dəfəki axtarışımda istiqaməti körpünün altından saldım. Məlum məsələdir ki, ürək ağrısı ilə deməyə belə çətinlik çəkdiyim fahişə Vəfa adında bir qadının tapılmasında mənə gecələr bura müştəriyə çıxanlar kömək ola bilərlər. İlkin, İlkin bəlkə səhv edirsən, bəlkə də düz, amma “onu tapmalısan” deyə özümə əmiranə tapşırıq verirdim. Axı niyə xəbərsiz çıxdın o gecənin səhəri? Ax, səhv məndə oldu axı niyə içdik? Axı niyə? Axı niyə bizi spirt yaxınlaşdırdı, mən uzun illər bunu arzulamamışdım. Bəlkə o elə bilib mən ondan... Off... Mən ona ən ülvi məhəbbətlə yaxınlaşmışdım uşaqlıqdan bəri. Niyə imkan verdim ki, içki bizi uzun illər sonra ilk dəfə yataqda görüşdürsün? Niyə imkan verdim ki, içki mənim sevgi dolu arzularımı vəhşicəsinə dağınıq yataqla əvəzləsin. Axı mən belə istəmirdim. Mən istəmirdim o mənə bir müştəri kimi təşəkkür edib getsin. O mənim arzularımın, uşaqlığımın qadını idi. Vəfa...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG